Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sözü ilə əməli üst-üstə düşən lider

Sözü ilə əməli üst-üstə düşən lider
Onun söz dediyi tribuna dünyanın harasında olursa-olsun, oradan mütləq Azərbaycanın səsi gəlir. Onun səsindən dünya Azərbaycan həqiqətlərini eşidir, öyrənir, bilir. Onun çıxışları Azərbaycanın dostlarını çoxaldır, çağırışları dünya ictimaiyyətinin diqqətini ölkəmizin problemlərinə yönəldir. Dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri onun sözünü, vədini rəsmi sənəd, müqavilə, saziş qədər əhəmiyyətli hesab edirlər. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzdan gedir.

Bu qısa yazıda dövlət başçımızın son bir ildəki xarici siyasətinin coğrafi baxımdan olduqca geniş ərazini əhatə etdiyindən söz açmaq istəyirik. Çünki ötən il dövlətimizin başçısı tərəfindən çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfərləri reallaşıb. Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Davos, 24 yanvar 2018-ci il

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Dövlət başçımızın Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşündə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq, ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən 2017-ci ildə istifadəyə verilən Bakı--Tbilisi--Qars dəmir yolunun, həmçinin TANAP layihəsinin əhəmiyyəti vurğulanıb. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirilib. Bundan başqa, Prezident İlham Əliyev Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların mövcud vəziyyəti barədə məlumat verib.

Brüssel, 11 iyul 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verib. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd edib.

Aktau, 12 avqust 2018-ci il

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısını açıq elan edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Xəzər günü” ilə eyni vaxtda keçirilən sammitin əhəmiyyətindən danışıb.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxışında deyib:

“2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir. Həmin zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir”.

Sammitdə çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov zirvə görüşünün əhəmiyyətinə toxunaraq onun Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafına güclü təkan verəcəyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edəcəyini bildiriblər.

Soçi, 1 sentyabr 2018-ci il

Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Rusiya Prezidenti Vladimir Putin:

 -- Qeyd etmək istərdim ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var.

Azərbaycan Prezidenti İlham Əliyev:

– Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz tam dəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var.

Əlbəttə, bu gün biz Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Bu gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək.

Düşənbə, 28 sentyabr, 2018-ci il

Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Tacikistan Prezidenti ölkəsinin MDB çərçivəsində fəaliyyəti barədə məlumat verib. Prezident Emoməli Rəhmon Tacikistanın şuraya sədrliyi dövründə müxtəlif sahələr üzrə 40 iclasın keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən dövrdə terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini təşkil edib. “MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq olaraq iqtisadi sahədə əməkdaşlıq müsbət nəticələr verib”, -- deyən Tacikistan Prezidenti humanitar sahənin inkişafına da xüsusi diqqət yetirildiyini vurğulayıb.

İzmir, 19 oktyabr 2018-ci il

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak ediblər. Bildirilib ki, “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti -- SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdəki çıxışında deyib:

“Bu gün Türkiyə --Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında deyib:

“Təxminən bir ay bundan əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi tədbirləri ilə əlaqədar azərbaycanlı qardaşlarımızla bir yerdə idik. Bakıda şanlı Türkiyə və Azərbaycan ordularının hərbi paradını qardaşlarımızla birlikdə həyəcan və qürurla izlədik. Türkiyə hərbi birlikləri azərbaycanlı qardaşları ilə keçmişdə necə çiyin-çiyinə vuruşmuşdularsa, həmin gün də eləcə çiyin-çiyinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın, iki dövlət, bir millət olmağımızın göstəricisi idi”.

Minsk, 19 noyabr 2018-ci il

Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşündə dost ölkənin lideri deyib: “Danışmağa mövzu var. Bizim bütün sahələrdə -- həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev: “Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər... Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları -- bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir”.

 

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

13 2019 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə