Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbədi məhəbbət və sədaqət nəğməsi

Əbədi məhəbbət və sədaqət nəğməsi

Azərbaycan Tibb Universitetinin məzunu olduğu gündən həkimlik andının təcəssümçüsünə çevrilən və özü həkimlik deontologiyasının bütün incəliklərini yeni biçimdə dünyaya bəyan edən Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Averbax mükafatı laureatı, Azərbaycan SSR Elmlər Akademiyasnın həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əziz qızı Əliyevanın unudulmaz, heç vaxt yaddan çıxmaz xatirəsini bu ali tibb təhsili ocağının professor-müəllim heyəti, çoxminli tələbə-gəncləri tərəfindən daim anılmasının, səmimiyyətlə yad edilməsinin şahidi və iştirakçısı olmağın özü  belə  səmimi anım təskinliklərindəndir. Belə anım təskinlikləri fonunda aparılan yadetmə tədbirlərinin keçirilməsi  görkəmli ictimai və elm xadimi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə göstərilən dərin hörmət və ehtiramın  bariz  nümunələrindəndir.

2019-cu ilin 15 aprel günü dünya şöhrətli Azərbaycan alimi akademik Z.Ə.Əliyevanın əbədiyyətə qovuşmasından keçən illərin 34-cü anım günü olsa da, bu böyük düha sahibinin həyatının ayrı-ayrı detalları vərəqləndikcə daxilən inanır və əmin olursan ki, onun şərəflə yaşanan ömrü heç də 62 təqvim ili ilə məhdudlaşa bilməz. İnanırsan ki, Allah-taala ona dünya durduqca ürəklərdə, qəlblərdə yaşayabilmə imkanı nəsib edib. Zərifə xanımın gələcək nəsillər üçün qoyduğu irs o qədər zəngin, o qədər dəyərli və çoxçalarlıdır ki, bu zənginlik, bu dəyər, sözün həqiqi mənasında, onun əbədiyaşarlığını təmin edir. Ona görə də ölkəmizin nəinki səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində çalışan görkəmli alim və inzibati işçi kontingenti, eləcə də Vətənimizin sıravi həkimlərindən tutmuş, tibb təhsili alan tələbə-gənclərinə, rezidentlərinə qədər olan bütün tibb işçiləri də Zərifə xanımı daim öz sıralarında görür, onun möhtəşəm alim nəfəsini duyur, hiss edir, yaradıcılıq irsinin zənginliklərindən lazımi qədər bəhrələnə bilirlər. Bu isə alim ömrünün təqvim məcrasından çıxaraq geniş kəhkəşanda qərarlaşması, bəşəriləşməsi, həmişəyaşarlığa qovuşması, anlamını təsdiqləyən gerçəkliyə çevrilir. 
Akademik Zərifə xanım Əliyeva irsinə olan səmimi məhəbbətdə, inam və etiqadda ülvi bir yenilməzlik var. Bu elə bir ülviyyətdir ki, ona heç bir saxtalıq, heç bir mübaliğə yol tapmağa qadir deyildir. Zərifə xanımı yaxından tanıyanlar onun haqqında danışanda, hər anı, hər incəlikləri ürəkdən, səmimiyyət duyğuları hopmuş canıdillikdən deyirlər. Ona görə də Zərifə xanım haqqında onun layiq olduğu dərəcədə deyilən hər bir xoş söz, elimizin ibarəsi ilə desək, “insanın ürəyinin ən incə tellərini titrədir”. Çünki Azərbaycan övladlarının akademik Zərifə Əliyeva şəxsiyyətinə və irsinə olan məhəbbəti safdır, təmizdir, səmimidir, riyadanuzaq, təzyiqdəniraqdır. Mən akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində ülviyyətə doğru gedən dəyişiklikləri keçən əsrin 60-cı illərinin əvvəllərindəki tələbəlik illərimdən şahidlik edə-edə gəlmişəm, dünya alimlərinin onun haqqında söylədikləri möhtəşəm həqiqətlərlə həmişə fəxr etmişəm. 
Buna görə həm də keçən əsrin 60-cı illərinin əvvəllərində bizim qrupda göz xəstəlikləri fənni üzrə təcrübə dərsləri aparan tibb elmləri namizədi, dosent Ləzifə xanım Əliyevaya minnətdaram. Çünki Zərifə xanımı ilk dəfə bizim qrupun tələbələrinə onun bütün nəciblikləri, insanpərvərliyi bütün ülviyyəti ilə tanıdan məhz Ləzifə xanım Əliyeva olubdur. Onun ruhuna hörmətlə yanaşaraq qeyd etmək istəyirəm ki, Ləzifə xanım biz tələbələrin xatirində əbədi olaraq yaşayan müəllimlərimizdən biri olub. O, bizə təkcə dərs deməklə kifayətlənmir, hər birimizə səmimiyyətlə yanaşır, həssaslıq göstərir və vətənpərvərlik hissləri aşılayırdı. O, bizə həm də analıq münasibəti bəsləyirdi. 
O vaxtlar N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun göz xəstəlikləri kafedrası Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun bazasında – Filarmoniyanın yanındakı bağın içərisindəki binada yerləşirdi. Həmişə hər şeydən xəbərdar olan tələbələr eşitmişdilər ki, Ləzifə xanımın bacısı Zərifə xanım Əliyeva həmin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun böyük elmi işçisidir. Bundan sonra bir ailənin iki fədakar qızının eyni fundamental bazada göz həkimi – oftalmoloq ixtisası üzrə çalışması bizə maraqlı və cəlbedici görünürdü. Dərsdənkənar vaxtlardakı söhbətlər əsnasında biz hər iki bacının oftalmoloq ixtisasını seçməsinin “sirri” barədə Ləzifə xanıma suallar verəndə o, özü barədə heç nə deməz, lakin Zərifə xanım haqqında böyük həvəslə danışardı. Biz tələbələrdə Zərifə xanım haqqında xoş bir fikir formalaşmışdı və Ləzifə xanım kimi ona da böyük hörmət və məhəbbətlə yanaşırdıq. İnam və təmkinlə oftalmologiya elminin sirlərinə yiyələnən hörmətli Azərbaycan xanımları Zərifə və Ləzifə bacıları bəlkə də elə ona görə, həm zahiri, həm də daxili mənəviyyat gözəllikləri və zənginlikləri ilə bir-birinə çox bənzəyirdilər. Sonralar öyrənib bildik ki, Zərifə xanım bizim qrupun tələbələrinin instituta qəbul olunduğundan iki il öncə, yəni 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə, böyük elmi işçi elmi adına layiq görülüb.
Mən 1969-cu ildə Azərbaycan Tibb İnstitutunun insan anatomiyası kafedrasında işə başladıqdan sonra Zərifə xanımın həyat və yaradıcılığı ilə daha yaxından tanış ola bilmək imkanı əldə etdim. ATİ-nin rektorlarından olan görkəmli oftalmoloq-alim Zəhra xaınm Quliyevanın Zərifə xanım haqqındakı şirin, inandırıcı xatirələri canıma hopdu. Akademik Əhliman Əmiraslanovun bu barədəki çıxışları bir monumentallıq yaratdı və mən bir növ özümü Zərifə xanım irsinin pərəstişkarlarından və araşdırıcılarından biri kimi görməyə başladım. Xoşbəxtlikdən mən, eyni zamanda, görkəmli dövlət və elm xadimi Zərifə xanım Əliyevanın atası Əziz Əliyevin irsi ilə də maraqlanmaq nəsib olmuşdu. Bu paralel araşdırmalar mənə çox kömək etdi. Məntiqlə başa düşüb, dərk etdim ki, Zərifə xanım niyə namizədlik dissertasiyasının mövzusunu məhz traxomaya həsr edib. Sonralar öyrəndik ki, Zərifə xanımın namizədlik dissertasiyası işinin mövzusu Azərbaycanda ən çox yayılmış göz xəstəliklərindən olan traxoma xəstəliyinin epidemiologiyasına, müalicəsinə və onun qarşısının alınması üçün profilaktik tədbirlərin işlənib hazırlanmasına həsr olunubdur. O, bununla bir növ görkəmli dövlət və elm xadimi olan atası Əziz Əliyevin XX əsrin 30-40-cı illərində ölkədə traxomanın ləğvi üzrə apardığı işləri yeni rakursda davam etdirirdi. 
Böyük anatom-alim Kamil Balakişiyev deyirdi ki, müəllim hər şeydən əvvəl dərs dediyi tələbələri öz övladı qədər sevməyi bacarmalıdır. Əgər müəllimdə dərs dediyi tələbəyə qarşı belə münasibət yoxdursa, o, fənnini tələbəyə nə sevdirə bilər, nə də onu mütaliəyə cəlb edə bilər. Bu xüsusiyyətlər Ləzifə xanım Əliyevada qabarıq şəkildə nəzərə çarpırdı və əsas da o idi ki, bu, çox təbii alınırdı. Bu məqamda haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, belə ünsiyyəti bizim qrupun tələbələrinə, həm də bizə anatomiya fənnindən dərs deyən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikəxanım Əlizadə tərəfindən görmüşdük. Biz bu iki böyük müəllimən izahatlarına diqqətlə qulaq asır, dərslərin mövzusunu tam mənimsəyir, asudə vaxtlarda söylədikləri həyati söhbətlərini də məmnuniyyətlə dinləyirdik. 
Yadımdadır ki, Ləzifə xanım o vaxtlar bizə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun böyük elmi işçisi Zərifə xanım Əliyeva və ATİ-nin oftalmologiya kafedrasının müdiri, Azərbaycan SSR Elmlər Akademiyasnın müxbir üzvü, professor Ümnisə xanım Musabəyli haqqında, onların oftalmologiya sahəsindəki elmi-tədqiqat işlərinə və bu işlərin elmi-praktik dəyərinə dair maraqlı söhbətlər aparırdı. Biz dəfələrlə həm həkim, alim personalının, həm də xəstə kontingentinin onlara necə böyük hörmət və məhəbbətlə yanaşmalarının şahidi olmuşduq, daha doğrusu bunu hər addımda görür və hiss edirdik. Mən tale qismətimiz olan Ləzifə xanımın ruhu qarşısında indi də baş əyirəm ki, o, bizdə hələ tələbəlik illərində Zərifə xanımın alim böyüklüyü, vətəndaş aliliyi, həkim şəfqətliliyi haqqında ilk və unudulmaz təəssüratlar oyatmışdı. Bir var ki, böyük alim haqqında yazılan müəyyən cansız rəqəmləri oxuyub nəticə çıxarasan, bir də var ki, onun daxili aləminə sirayət edə bilib, həyatda gördüyün şəxsiyyətin insanlıq meyarlarını, onun alim zəkasını canlı ünsiyyətdə dərk edib nəticə çıxarasan. Təbii ki, mən Zərifə xanımla şəxsən birbaşa ünsiyyətdə olmamışam, lakin, Ləzifə xanımın köməyi ilə biz tələbələr qrup şəklində tez-tez Zərifə xanımın palatasında, iş otağında olur, onun xəstələri necə müayinə etməsini, onlarla qurduğu ünsiyyəti, xəstələrə əsl həkimlik deontologiyası ilə yanaşma tərzini əyani şəkildə gözlərimizlə görür, duyur, hiss edirdik. 
Sonralar mən Zərifə xanımın yazdığı həkimlik deontologiyasına aid “Yüksək etimad” kitabını oxuyanda bir daha inandım ki, onun həkimlik deontologiyası heç də kitablardan gələn ümumiləşmiş standart, yeknəsək fikirlər toplusu deyil, əksinə, bu, alimin qanına, canına, daxili aləminə irsən ötürülən spesifik bir deontologiyadır. Bu, Əziz Əliyev və Leyla xanım kimi əsl azərbaycanlı ailələrinin tərbiyə genlərindən süzülüb gələn məxsusi bir deontologiyadır. Ona görə də görkəmli alim qəlbinin səsinə qulaq asaraq bunları qələmə almamağın mümkünsüzlüyünü var gücü ilə hiss edəndə məşhur “Yüksək etimad” kitabını yazıb onu tibb sahəsində çalışan bütün mütəxəssislərin stolüstü kitabına çevirə bildi. Sonralar bu kitaba “nəzirə” yazanlar da tapıldı. Lakin Zərifə xanım Əliyevanın qəlbinin dərinliklərindən, insanlıq məhəbbəti hopub gələn bir kitabın bir sözü, bir cümləsi belə titrəmədi, əksinə, onun təsir qüvvəsi yüz qat artdı, çoxaldı. Akademik Z.Əliyevanın qələmə aldığı əsərlər içərisində həkimlik deontologiyasına həsr etdiyi “Yüksək etimad” kitabı öz orijinallığı, mövzu genişliyi, fəlsəfi motivləri, tərbiyəvi əhəmiyyəti, etik norma meyarları cəhətdən son dərəcə əhəmiyyətli və lazımlı əsərlərdəndir.
O vaxtlar biz tələbələr əbədi məhəbbət və mərhəmət nəğməsinə bənzər bu ömür yolunun tarixi an fürsətini, bəlkə də, tam şəkildə dərk edib dəyərləndirə bilmirdik. Ancaq xoşhalıq ki, biz o anı yaşamışıq, o ünsiyyəti görmüşük, onu tələbə qəlbimizlə öz bildiyimiz kimi yozmaqda, obyektiv dəyərləndirə bilməkdə yanılmamışıq. Yadımdadır ki, biz 1966-cı ildə institutu bitirəndə görkəmli ictimai xadim və alim Maqsud Əlizadə ATİ-yə təzəcə tədris işləri üzrə prorektor vəzifəsinə göndərilmişdi. Maqsud müəllim həmin ilin iyun ayının əvvəllərində institutun qrup nümayəndələrini, fəallarını yığıb söhbət keçirdi, hər birimizi dinləyəndən sonra buraxılış gecəsində çıxış etmək üçün iki nəfəri seçdi. Onlardan biri indiki nevrologiya və tibbi genetika kafedrasının professoru Zakir Əliyev, digəri isə mən oldum. Tədris işləri üzrə prorektor Maqsud Əlizadə bizə keçirilən məzun gecəsində çıxış etmək üçün istiqamət verdi. Filarmoniyanın yay salonunda keçirilən buraxılış gecəsində mən Azərbaycan Dövlət Tibb İnstitutunun ağsaçlı loğmanlarından, qayğıkeş müəllimlərdən danışaraq, onlara məzun tələbələrimiz adından təşəkkür və minnətdarlığımızı yetirdim. O, şəxsiyyətlər sırasında Zərifə xanım Əliyeva və Ləzifə xanım Əliyevanın da adlarını hörmətlə qeyd etdim. 
Mən heç bir mübaliğəyə yol vermədən səmimi deyirəm ki, o vaxtlar Zərifə xanım Əliyeva ilə Ləzifə xanım Əliyeva bacıları bizim gözümüzdə, tələbə təfəkkürümüzdə ən əlçatmaz zirvəyə çevrilmişdilər. Bizim buraxılış bayramımızdan 10 il sonra 1976-cı ildə ölkəmizin elmi elitasından rəsmi xəbər çatdırıldı ki, Zərifə xanım Əliyeva Moskvada H.Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edib və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Həmin dövrdə mən Azərbaycan Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasında baş müəllim vəzifəsində çalışırdım. Yaxşı yadımdadır ki, bu xəbər bizim institutda fərəh hissi ilə qarşılandı. Həmin dövrdə Zərifə xanımın böyük qardaşı, ATİ-nin bütün əməkdaşlarının sevimlisi olan Əməkdar elm xadimi, professor Tamerlan Əliyev terapiya kafedrasının müdiri vəzifəsində çalışırdı. Bu xoş xəbərə ən çox sevinənlərdən biri də, təbii ki, ATİ-nin rektoru Zəhra xanım Quliyeva oldu. Professor Z.Quliyeva ixtisasca oftalmoloq idi və Zərifə xanımı yaxından tanıyırdı. O, Zərifə xanımla olduqca mehriban, səmimi münasibətdə idi. Bunu Zəhra xanımın hər bir çıxışında da aydın sezmək, hiss etmək olurdu. Onun Zərifə xanıma olan belə xoş münasibəti ATU-nun professor-müəllim heyətinin də qanına-canına hopmuşdu. 
Ümumiyyətlə, sonralar Azərbaycan Tibb Universitetində akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş bütün anım tədbirlərində professor Z.Quliyeva çox böyük həvəslə xatirələrini danışar, onun bütün ailə üzvləri haqqında ürək sözlərini söyləyərdi. Zəhra xanım çıxışında deyirdi: “Mənim bəxtimə uzun illər Zərifə xanımla dostluq etmək, onun həssaslığını, qayğıkeşliyini, insansevərliyini, səxavətli xeyirxahlığını, təkrarolunmaz dərəcədə parlaq ruhunu bütün əzəməti ilə hiss etmək səadəti nəsib olub”.
1977-ci ildə indiki Azərbaycan Tibb İnstitutunda görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 80 illik yubileyi keçirilirdi. Həmin tədbirdə Zərifə xanım Əliyevanın çıxışı maraqla dinlənildi və onu dinləyənlərin yaddaşında həmişəlik qaldı.
Azərbaycan aliminin apardığı tədqiqat işlərinin mövzuları üzrə və digər mövzularda qələmə aldığı çoxsaylı elmi əsərlər, monoqrafiya və kitablar hazırda da oftalmoloq həkimlər, tələbələr tərəfindən geniş istifadə olunur. Bu da o deməkdir ki, bu kitablar bütün dövrlər üçün yazılmış kitablardır və onlar öz aktuallığını heç vaxt itirmir.
Zərifə xanım Əliyevanın doktorluq dissertasiyası müdafiəsindən sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasında əvvəl professor, sonra isə kafedranın müdiri vəzifəsinə seçilməsi alimin tədris sahəsindəki bacarıqlarının tam şəkildə üzə çıxmasına təkan verdi.
Arzulanan hər şeyi etməyə, hər yeni layihəni həyata keçirməyə bir alim ömrü kifayət etməyə bilər. Lakin alimin xalqın gələcəyi naminə xeyirli bir addım, söylədiyi tutarlı bir fikir, irəli sürdüyü çox mühüm bir ideya, yazdığı lazımlı bir kitab da onun tarixdə əbədi yaşamasına bəs edər. Akademik Z.Əliyevanın gördüyü titanik işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları ona geniş şöhrət qazandırıb. ATU-nun oftalmologiya kafedrasında çalışan mütəxəssislərin böyük əksəriyyəti özlərini akademik Zərifə xanım Əliyeva elmi məktəbinin yetirmələri və davamçıları hesab edirlər. Görkəmli alim 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub. Onun qələmə aldığı “Ağır virus konyunktivitləri”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün peşə ilə əlaqədar dəyişiklikləri və görmə-sinir yolları”, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi”, “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” adlı kitabları və digər araşdırmaları oxucular tərəfindən tez-tez müraciət olunan əsərlərdəndir.
Görkəmli alim 1979-cu ildə Bakı məişət kondisionerləri zavodunun nəzdində Azərbaycan SSR Elmlər Akademiyasının akademik A.İ.Qarayev adına Elmi-Tədqiqat Fiziologiya İnstitutunda görmə orqanının fiziologiyası və professional patologiyasının problemi ilə məşğul olan ilk unikal laboratoriya təşkil edərək, gözün peşə xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul olubdur.
Alim haqqında cild-cild əsərlərin, məqalə və xatirələrin yazılması, ona olan el məhəbbətinin daim güclənməsindən xəbər verir.
Yadımdadır ki, 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daha bir ildırımsürətli xoş xəbər yayıldı. Əslində, bu xoş xəbər bütün Azərbaycana yayılmışdı və bütün alimlərə çatdırılmışdı. Xəbərdə bildirilirdi ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə Əziz qızı Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına və diplomuna layiq görülüb. Bu da o demək idi ki, Z.Ə.Əliyeva keçmiş SSRİ miqyasında belə mötəbər təltifə layiq görülən ilk qadın-oftalmoloq idi. Azərbaycana başucalığı gətirən, Vətən elmini yüksəklərə qaldıran belə şərəfli təltifə kim biganə qala bilərdi? Kim buna sevinməzdi? 
1985-ci il aprelin 15-də Moskva şəhərində əbədiyyətə qovuşan akademik Zərifə xanım Əliyevanın cənazəsi sonralar Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda atasının qəbrinin yanında dəfn olundu.
Zərifə xanım şəxsiyyətini əziz tutan görkəmli heykəltəraş, monumental “Elegiya” əsərinin müəllifi akademik Ömər Eldarov Zərifə xanım haqqında xatirələrində yazır: “Mən Zərifə xanımla xoş bir təsadüf nəticəsində tanış olmuşam. Naxçıvan şəhərində iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əlirza oğlu Əliyevin büstünü hazırlayırdım. Xalqımızın bu böyük oğlunun həmin büstünün kamil və obrazlı çıxması üçün var gücümdən istifadə edirdim. Bu, olduqca məsuliyyətli bir iş idi. Həmin ərəfədə Zərifə xanım iki dəfə mənim emalatxanama təşrif buyurdu. O, uzun müddət büstü seyr edərək hərdən elə təkliflər irəli sürürdü ki, heyrətlənirdim. Axı o, böyük tibb alimi olsa da, heykəltəraş deyildi. Mən o vaxtlar təəccübümü gizlədə bilməyərək ondan soruşdum ki, heykəltəraşlığın sirlərini haradan bilir. O, bu zaman gülümsəyib dedi: “Bunun üçün heykəltəraş olmaq lazım deyil. Mərmərdən yaratdığınız insanı məndən yaxşı kim tanıya bilər ki…” Həmin qısa zaman ərzində mən özümdən asılı olmayaraq bir heykəltəraş kimi onun işıqlı obrazını beynimə həkk edə bilmişdim”.
Tale elə gətirdi ki, heykəltəraş Ömər Eldarov Fəxri xiyabanda ziyarətgaha çevrilən və akademik Zərifə xanım Əliyevanın xatirəsini əbədiləşdirən və əsl şedevr olan “Elegiya” əsərini yaratdı. O, beyninə o vaxtdan həkk etdiyi Zərifə xanımın işıqlı obrazını yenidən dünyaya bəxş etdi.
Böyük inam hissi ilə və tərəddüdsüz demək olar ki, həm tibbi, həm də digər sahələr üzrə biliklərə yiyələnən bütün Azərbaycan gənclərinin yollarına işıq saçan görkəmli ictimai xadim və elm xadimi, akademik Zərifə xanım Əliyevanın bitib-tükənməz zəngin irsindən indiki və gələcək nəsillər hər zaman lazımınca bəhrələnəcək, elmin, təhsilin yeni zirvələrini inamla fəth edəcəklər. Bu da dünya şöhrətli alimin xatirəsinin anım günündə ona olan ən dəyərli hörmətin, dərin ehtiramın nümunələrindən biri kimi ölkəmizin tibb tarixində özünə yeni cığırlar, yeni yollar açacaq.

 

MÜBARİZ ALLAHVERDİYEV, 
Azərbaycan Tibb Universiteti insan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, Əməkdar müəllim

13 2019 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə