Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi məmnunluq doğurur

Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi məmnunluq doğurur

Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlərin mühüm istiqamətlərdən birini təşkil etməsi heç kimə sirr deyil. Yaxın qonşuluq və ortaq tarix münasibətlərimizi günün tələbləri səviyyəsinə yüksəltməyə sövq edir. Ümummilli lider Heydər Əliyevin Rusiya ilə münasibətlərimizin güclənməsinə yönəlmiş siyasi kursu bu gün yeni reallıqlara uyğun müvəffəqiyyətlə davam etdirilir. Hər iki ölkə liderləri arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər, eləcə də çoxsaylı görüşlər və qəbul olunmuş qərarlar Azərbaycan və Rusiya arasında əlaqələrin daha da güclənməsinə şərait yaradır. 

Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu reallığı hər iki ölkənin rəhbərləri çıxışlarında dəfələrlə səsləndirmişlər. Ölkələrimiz arasında tərəfdaşlıq, dostluq və mehriban qonşuluq əlaqələrinin formalaşması münasibətlərin strateji xarakter almasına imkan yaratmışdır. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin Azərbaycanın xarici siyasətində mühüm yer tutduğunu dəfələrlə vurğulamışlar. Xüsusilə qeyd etmək lazımdır ki, prezidentlər arasında yaranmış xoş işgüzar münasibətlər və konstruktiv dialoq qarşılıqlı əlaqələrin inkişafına müsbət təsir göstərir. Təkcə ötən il ərzində Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşmüşlər. Prezident İlham Əliyev Rusiyaya 3 səfər etmiş, Prezident Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmişdir. Bu görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilmiş, bir sıra mühüm sənədlər imzalanmışdır. Prezidentlərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün nümayiş etdirdikləri qarşılıqlı maraq və buna əsaslanan siyasi iradə də mühüm perspektivlərdən xəbər verir. Bundan başqa, dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı səfərləri də qarşılıqlı əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. 
Rusiya Azərbaycan üçün çox əhəmiyyətli tərəfdaşdır. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. İki ölkə arasında iqtisadi əməkdaşlığa dair yol xəritələri əlaqələrin daha da genişlənməsinə, həmçinin, əmtəə dövriyyəsini artırmağa imkan verir. 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatmışdır. Aprelin 4-də Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunda bildirilmişdir ki, cari ilin ilk iki ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 340 milyon dollar olmuşdur. 
Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-dək Rusiya kapitallı müəssisə fəaliyyət göstərir. Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya yatırmışdır. Azərbaycanın Rusiyaya sərmayə qoyuluşunun həcmi isə 1,2 milyard dollardan çoxdur. Ötən il Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədək artaraq 2,5 milyard dollar təşkil etmişdir. Sahibkarlıq birlikləri arasında, o cümlədən, kiçik və orta biznes xətti ilə əlaqələr genişlənmişdir. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün tədbirlər görülür. 
Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa söykənən uzunmüddətli və etibarlı əməkdaşlıq, eyni zamanda, hər iki ölkə xalqları arasında mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir, dostluq münasibətlərinin sağlam istiqamətdə inkişafına zəmin yaradır. Əlbəttə ki, humanitar əlaqələr dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ölkələrimiz və paytaxtlarımız üçün mühüm əhəmiyyət daşıyır. Moskvada Azərbaycanın görkəmli sənət adamlarının yubileylərinin keçirilməsi bu əməkdaşlığın bariz nümunəsidir. Bundan başqa, Azərbaycanda rus dilinin tədris olunduğu 340-dan çox ümumtəhsil məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Bundan başqa, aprelin 11-də isə Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasiminin keçirilməsini humanitar əlaqələrin sürətlə inkişaf etməsinin gözəl təsdiqi kimi göstərmək olar. Gələn il Azərbaycan Mədəniyyəti Günlərinin Rusiyada keçirilməsi planlaşdırılır. Təbii ki, bu layihə Rusiya və Azərbaycanın yaxınlaşmasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. 
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr də önəmli rol oynayır. Hər iki ölkə parlament nümayəndələrinin qarşılıqlı səfərləri Azərbaycan və Rusiya arasında əlaqələrin daha da güclənməsinə öz töhfəsini verir. Bu mənada Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrarası münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyət daşıyır. 
Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, həmçinin parlamentlərarası əlaqələrimizə yeni impuls verəcəyinə əminliyini ifadə edərək demişdir ki, Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir: “O zamanlardan bəri ölkələrimiz arasında güclü strateji tərəfdaşlıq formalaşmışdır. Dövlətlərimizin başçılarının çoxsaylı görüşləri və səfərləri ikitərəfli möhkəm hüquqi baza yaranmasına imkan vermiş və iki ölkə arasında dövlət və hökumət səviyyəsində 227 ikitərəfli sənəd imzalanmışdır”. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko da bildirmişdir ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur: “Bunun sayəsində biz hər zaman açıq dialoq aparırıq, ikitərəfli münasibətlərimizin inkişafı məsələlərini, mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə edirik. Bu dialoq çox dəyərlidir. Xalqlarımızı həm də çoxəsrlik dostluq əlaqələri, ortaq tarix, mədəniyyət birləşdirir”. Görüşdə Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlığın da sürətlə inkişaf etdiyi vurğulanmışdır. Məlumdur ki, Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunması Rusiyada yüksək dəyərləndirilir. Rusiya da, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin qorunub saxlanılmasına çalışır. 
Aprelin 12-də Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə xanım Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim etmişdir. Xanım Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının sərəncamı ilə bu ordenlə təltif olunmuşdur. Əminliklə demək olar ki, müasir mərhələdə iki ölkə arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda Azərbaycan və Rusiya ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər. 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

 

13 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə