Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanıda tibbi müayinə uğurla icra olunur

Suraxanıda tibbi müayinə uğurla icra olunur

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 11-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda da böyük ruh yüksəkliyi ilə icra olunur. Rayon icra hakimiyyəti (RİH) başçısının müvafiq sərəncamı ilə tibbi müayinənin yüksək təşkil edilməsi məqsədilə RİH-də komissiya yaradılıb, müəssisə və idarə kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunub.   
Hazırda rayon ərazisində fəliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada fevralın 11-dən başlanan əhalinin pulsuz tibbi müayinəsi davam etdirilir.   
Suraxanı üzrə 180 min 668 nəfərin  tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Onlardan 166 min 220 nəfəri (18 yaşdan yuxarı) rayon sakini, 14 min 448 nəfəri (18 yaşdan yuxarı) isə rayonda məskunlaşan  məcburi köçkündür. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. İndiyədək rayon üzrə 122 min 881 nəfər və 95 müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan  2946 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 159 nəfər stasionar müalicəyə cəlb edilib, 164 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib. 
Tibb müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Yeni Suraxanıdakı 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Bu səhiyyə ocağının poliklinika hissəsində idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanların, habelə pensiyaçıların tibbi müayinəsinə xüsusi önəm verilir. Sakinlərin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir.
Xəstəxananın baş həkimi Bəhlul Məmmədov bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunmaları məqsədilə keçirilən bu aksiya hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına alınması  sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər  əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə edilirlər.
Tibbi müayinə başlayandan indiyə kimi xəstəxanada 10 min 445 nəfər tibbi müayinədən keçib. Onların 743 nəfərində xəstəlik aşkar olunub, 21 nəfər stasionar müalicəyə cəlb edilib. Eyni zamanda, 648 nəfərdən laborator analiz götürülüb, 260 nəfər EKQ, 253 nəfər rentgen və 252 nəfər isə UZİ müayinələrindən keçib.    
Genefondumuzun qorunmasına, eləcədə ölkə vətəndaşlarının sağlamlıqlarının təmin olunmasına xidməd edən bu aksiya bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.

V.BAYRAMOV,
“Xalq qəzeti”

13 2019 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə