Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin ilk və yeganə qadın əczaçılıq elmləri doktoru

Ölkəmizin ilk və yeganə  qadın əczaçılıq elmləri  doktoru

Azərbaycan  təbiətinin dərman ehtiyatlarının, bitkilərin kimyəvi tərkibinin, əczaçılıq xüsusiyyətlərinin öyrənilməsi sahəsində  böyük elmi tədqiqat işləriaparılmışdır.Respublika ərazisinin landşaftında aparılmış müayinələr nəticəsində 800 növ xalq və  elmi təbabətdə istifadə olunan dərman bitkiləri aşkar edilərək  qeydə alınmışdır.Tibbin çox maraqlı sahəsi olan dərmanşünaslığın əczaçılıq sahəsində  elmi tədqiqatları və fəaliyyəti ilə seçilən, tanınmış alimlərimizın sırasında Azərbaycan Tibb Universitetinin  əczaçılıq texnologiyası və  idarəçiliyi kafedrasının müdiri,  ölkəmizin ilk və yeganə qadın əczaçılıq elmləri doktoru,professor  Məhbubə  Nəbi qızı Vəliyevanın  adı həmişə  iftixarla çəkilir.

Məhbubə Vəliyeva 1949-cu ilin aprel ayının 10-da İrəvan mahalının Kalinino rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Kalinino rus orta 11 illik məktəbini ilk azərbaycanlı qızı olaraq qızıl medalla bitirərək həmin il N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinin rus bölməsinə daxil olmuş,1971-ci ildə institutu  fərqlənmə diplomu ilə bitirmişdir.

Gənc mütəxəssis kimi Azərbaycan Tibb İnstitutunun  farmakologiya və toksikoloji kimya kafedrasında saxlanılmışdır. O, müxtəlif dövrlərdə baş laborant, assistent, baş müəllim, laboratoriya müdiri, professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.

Məhbubə  Vəliyeva 1991-ci ildə Azərbaycan Tibb Universitetinin «Təbii limfatrop biopreparatların araşdırılması» adlı Problem Elmi-Tədqiqat Laboratoriyasının Farmakologiya şöbəsinin müdiri, 1993-cü ildə əczaçılıq fakültəsinin dekan müavini, sonra dekan əvəzi işləmişdir.

1996-cı ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Azərfarmsənaye» Elm-İstehsalat Birliyinin Baş direktor müavini və Əczaçılıq Məhsullarının Ticarət İstehsalat İdarəsinin müdiri vəzifəsində çalışmışdır.

O, 1997-ci ildən Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri vəzifəsinə müsabiqə yolu ilə seçilmiş və bu günə qədər həmin vəzifədə çalışır.

Professor M.Vəliyeva 1987-ci ildə Rusiya Federasiyasının Pyatiqorsk Əczaçılıq Akademiyasında «Başlı çoğanın saponinlərinin kimyəvi və farmakoloji tədqiqatları» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, əczaçılıq elmləri namizədi dərəcəsini almışdır.

1998-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında “Azərbaycan florasından alınan anti qemolimfokoaqulyaedici və limfastimulyaedici bitki mənşəli dərman vasitələri” adlı doktorluq dissertasiyasını müdafiə etmiş, ilk və yeganə azərbaycanlı qadın olaraq əczaçılıq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Professor M.Vəliyeva 3 doktorluq və 24 əczaçılıq üzrə namizədlik dissertasiyasına, 45 magistr dissertasiyasına rəhbərlik etmişdir.

Bütün  həyatını və fəaliyyətini elmə həsr edən M. Vəliyeva 525 elmi işin (60 patent, 22 səmərələşdirici təklif, 7 monoqrafiya, 17 dərslik və dərs vəsaiti, 7 metodiki göstəriş, 14 tədris-metodiki vəsait, 28 texniki şərt, 7 farmakopeya məqalə və kitabın) müəllifidir.

Professor Məhbubə Vəliyevanın elmi fəaliyyəti tibbin çox maraqlı sahəsi olan dərmanşünaslığın əczaçılıq sahəsinin geniş aspektlərinə: təbii mənşəli xammal əsasında yeni dərman və yarıməczaçılıq məhsullarının yaradılması və marketinq tədqiqatlarına aiddir. Ölkəmizin bitki florasının 326 növ bitki xammalını skrininq yolu ilə araşdırıb və 110 dərman bitkisinin qanın laxtalanmasına təsirini öyrənmişdir. Eksperimental tədqiqatlarla 46 perspektivli bitkini qanın laxtalanmasına, laxtalanmanın əleyhinə və fibrinolizinə təsirini öyrənmişdir. Həmin bitkilərdən alınan fitoekstraktların çoxsaylı müqayisəli tədqiqatlar aparmaqla antihemolimfokoaqulyaedici təsirlərini aşkarlamışdır.Azərbaycanın sərvəti hesab edilən bu bitki xammalından 12 ən effektli sənaye əhəmiyyətli dərman bitkiləri seçilmişdir. O cümlədən biyan, zəfəran, dəfnə, limon otu, yemişanı tibb və əczaçılığa tətbiq etmişdir. Ölkəmizin təbii sərvəti, sənaye əhəmiyyətli və geniş farmakoterapevtik xassələrə malik olan çılpaq biyan bitkisindən dərin elmi əsaslı tədqiqatları nəticəsində 300-dən artıq faydalı dərman vasitələri yaratmışdır. Onlar 60 ixtira və patentlərdə öz əksini tapmışdır. Müəllif tərəfindən dünya təbabətində ilk dəfə çılpaq biyandan alınan fitopreparatların limfotrop xassələri aşkarlanmış,  normativ sənədlərdə təsdiq olunmuş və tibb təcrübəsində bir sıra ağır xəstəliklərin müalicəsində, o cümlədən onkoloji, immun çatışmazlığı ilə keçən xəstəliklərdə tətbiq edilməsi tövsiyə olunmuşdur.

Əczaçı alimin elmi nailiyyətlərinin əsasında ölkəmizdə “Biyan Products” MMC yaradılmışdır. Ağdaş rayonu Şıxlı kəndi ərazisində 11 hektarlıq sahədə Biyan tədarükü zavodu tikilmişdir. Hal-hazırda həmin zavodda biyanın məhsulları və 8 çeşiddə biyanın əsasında müalicəvi şərbətlər istehsal olunur.Bu məhsullar keyfiyyətinə görə əhali tərəfindən bəyənilir.

Məhbubə Vəliyeva 1996-cı ildən Beynəlxalq Əczaçılar Federasiyasının üzvüdür.2000-ci ildə professor Məhbubə Vəliyevaya Azərbaycan Respublikasının Əməkdar muəllimi  fəxri adı verilmişdir. O, 2005-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin akademiki seçilmişdir. 2010-cu ildə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının İctimai Mükafatlar İttifaqı professor M.Vəliyevanı tibbdə böyük xidmətlərinə görə ilk azərbaycanlı qadın olaraq “Hippokrat” ordeni ilə təltif etmişdir.2015-ci ildə  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdir.Həmin ildə Almaniyanın Hannover şəhərində ona Avropa Təbii Elmlər Akademiyasının akademiki elmi adı verilmiş və ilk dəfə tibb və əczaçılıq sahəsində qadın-alim olaraq Akademiyanın Ali Liqasının Qızıl ordeni ilə təltif edilmişdir.2015-ci ildə  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası (TDA BEA) tərəfindən türk tibb elmlərinə üstün xidmət etdiyinə görə “İbn-İ Sina” diplomu ilə təltif edilmişdir. 2016-cı ildə TDA BEA  onu “Türk Dünyasında İlin Elm Adamı” beynəlxalq mükafatı ilə təltif etmişdir.2016-cı ildə əczaçılıq sahəsində görkəmli elmi xidmətlərinə görə akademik M.Vəliyeva Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin diplomu və “Qızıl Döş” nişanı ilə təltif olunmuş, həmin akademiyanın vitse-prezidenti seçilmişdir.

M.Vəliyeva 2018-ci ilin sonunda elmdə və təhsildə əldə edilən naliyyətlərinə görə (UNCOPA-Un Council for Public awards-İsvecrə) – BMT-nin İctimai Mükafatlar Birliyi tərəfindən dünyada ilk qadın alim “Elm və Sülh elçisi” diplomu və mükafatı ilə təltif olunmuşdur.O, 2018-ci ilin yekunlarına əsasən Avropa ilə elm və təhsil fəaliyyətində üstün xidmətinə görə Avropa Təbiətşünaslıq Akademiyasının qızıl medalı və diplomu ilə təltif olunmuşdur. 2019-cu ilin əvvəlində  Avropa Təbiətşünaslıq  Akademiyasının “İlin alimi” diplomu ilə mükafatlandırılmış və həmin akademiyanın “Fəxri professor”u – “Ehrentitel Professor”u seçilmişdir.Eyni zamanda tibbi kadırların hazırlanması sahəsində uzun müddətli və səmərəli xidmətlərinə, nümunəvi əməyinə və universitetin ictimai həyatında fəal iştirakına görə 70 illik yubileyi münsibətilə Azərbaycan  Tibb Universitetinin Fəxri fərmanı ilə təltif edilnişdir.   

Məhbubə Vəliyeva Tibb Universitetinin və Respublikamızın ictimai-siyasi həyatında yaxından və fəal iştirak edir. ATU-nun Böyük Elmi Şurasının, Universitetin Mərkəzi Metodiki Komissiyasının üzvüdür.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakopeya və Farmakologiya Şurasının üzvüdür, Əczaçılıq və farmakologiya üzrə Tsiklik Metod Şuranın sədridir.

M.Vəliyeva “Azərbaycan əczaçılıq və farmakoterapiya”, “Qafqazın stomatoloji yenilikləri”, Rusiya Federasiyasının “Əczaçılıq və farmakologiya”, Tibb və Biologiya”, Şimali Osetiyanın “Tibbi və Əczaçılıq”, Pakistanın “Tibb və Biologiya” jurnallarının redaksiya heyətinin üzvüdür.

O, 1992-ci ildən Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. Azərbaycan Tibb Universitetinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, 1995-ci ildən 2015-ci ilədək Bakı şəhəri Nəsimi rayon YAP Təşkilatının Qadınlar Şurasının sədri, Bakı şəhəri Nəsimi rayon YAP Təşkilatının Şura heyətinin, Respublika Qadınlar Şurasının idarə heyətinin üzvüdür.

Şərəflə yaşayan ömrünün böyük hissəsini Vətənə, əczaçılıq elminə həsr edən tanınmış əczaçı-alim  Məhbubə xanım Vəliyevanı qürurla qarşıladığı 70-illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, xoşbəxtlik, səadət, gələcək məsuliyyətli və xeyirxah işlərində yeni-yeni uğurlar arzalayırıq.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti” 

13 2019 17:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə