Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı XV Avropa Olimpiya Gənclər Festivalına hazırlaşır

Avropa Gənclər Olimpiya oyunlarına 100 gün qalmış  məşəl Romadan   Azərbaycana ötürüldü. İtaliyanın paytaxtı Roma şəhərində İmperator  Avqusto tərəfindən  tikilmiş Ara Pasis muzeyində bu il   iyulun 20-28-i  Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan zeytun ağacının Azərbaycana təqdim edilmə  mərasimləri baş tutub.

Tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov,  MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edib.

Proqrama əsasən ilk olaraq media nümayəndələri üçün nazir Azad Rəhimov, MOK vitse prezidenti Çingiz Hüseynzadə,  AOK-nin prezidenti Janez Koçijançiç, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski,  İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat konfransı keçirilib.

Konfransda Bakıda iyul ayında gerçəkləşəcək XV Avropa Olimpiya Gənclər Festivalına  hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirilib ki,  XV Avropa Olimpiya Gənclər Festivalında oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş  Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə Avropa Olimpiya Gənclər Festivalının loqosu, daşıdığı məna, bununla yanaşı, maskotlar: cırtdan və Qafqaz bəbiri haqda da məlumat verilib. Artıq könüllülərin seçimi bitib,  3600 könüllü yarışlara cəlb olunub.

AOK-nin prezidenti Janez Koçijançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını və Avropa Olimpiya Gənclər Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirib.

Daha sonra tədbirin rəsmi açılış mərasiminə start verilib. Çıxış edən gənclər və idman naziri Azad Rəhimov məhz bu gündən etibarən yarşlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə daşıyan tarixi Ara Pasis muzeyində gerçəkləşməsinin xüsusi məna daşıdığını diqqətə çatdırıb. Nazir Azad Rəhimov 2018-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı  Sərəncam əsasında “Bakı 2019” Təşkilat Komitəsinin yaradıldığını  bildirib.

Nazir Azad Rəhimov çıxışında  deyib: “Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi “”Odlar diyarı” adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunlaırn məşəli qədim Romadan, tarixi Bakıya, Odlar diyarına gedəcək. Eyni zamanda, Qədim Zeytun Ağacı da, Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclər Olimpiya Festivalının dərin köklərini nümayiş etdirmiş olur.”

Çıxışının davamında nazir Bakının XV Avropa Gənclər Olimpiya Festivalına hazırlığı barədə məlumat verib, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş mötəbər idman tədbirləri haqda da qısaca söz açıb.

Proqramın davamı olaraq, sülhün rəmzi olan zeytun ağacı AOK-nin rəsmiləri tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdimat edilib.

Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov (Yunan roma güləşi. Olimpiya çempionu 2004, Dünya çempionu  2007, 2009), cüdoçu Kəramət Hüseynov (2017, U23 Avropa çempionatı bürünc medal və 2018 Böyüklər arasında Avropa kuboku, bürünc medal) və voleybolçu Raziyə Əliyeva (2018 Yeniyetmələr arasında Voleybol çempionatı, qızıl medal) iştirak ediblər.

Nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanez Kojancicə, o isə gənc Raziyə Əliyevaya təqdim edib.

Əlavə olaraq bildirək ki, Romaya səfəri çərçivəsində nazir Azad Rəhimov Mədəniyyət üzrə Pontifik Şurasının sədri Kardinal Gianfranko Ravasi ilə görüşüb. Görüş çərçivəsində Vatikan tərəfindən tezliklə yaradılacaq İdman Assosiasiyası “Atletiko Vatican” ilə əməkdaşlığın qurulması, Pontifikin Mədəniyyət Şurasının Gənclər Təşkilatı, Pontifikin Mədəniyyət Şurasının nəzdində fəaliyyət göstərən Ərəb və İslam Sivilizasiyası Tətqiqi İnstitutu  ilə Azərbaycanın müvafiq elm və təhsil sahəsində əməkdaşlığının təşkili, hər iki ölkənin gənc arxeoloqlarının təcrübə mübadiləsi proqramlarının qurulması məsələləri müzakirə olunub.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

13 2019 12:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə