Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub

 “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub

Aprelin 12-də Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” adlı kitabın təqdimat mərasimi keçirilib. 

Kitabın müəllifi, ­SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın "Senate Publishing" nəşriyyatı tərəfindən çap olunan əsər barədə ətraflı məlumat verib. Bildirib ki, kitabda Azərbaycan ilə Böyük Britaniyanın münasibətləri, eyni zamanda, Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir. Qeyd edilir ki, Azərbaycan-Böyük Britaniya münasibətlərinin müasir tarixi öz başlanğıcını keçən əsrin 90-cı illərinin əvvəllərindən götürsə də, qısa müddətdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub. 1993-cü ildən başlayaraq münasibətlərimizin yüksələn xətt üzrə inkişafı siyasi, iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlıqda müsbət çalarlarla öz əksini tapıb. R.Hüseynzadə ölkələrimiz arasındakı münasibətlərin müxtəlif sahələri əhatə etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 
Xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin tarixindən danışıb. Bildirib ki, bu əlaqələrin dərin tarixi kökləri var. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri ilə iki ölkə arasında münasibətlər daha da dərinləşdi. Bu gün bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkələrimiz arasında əlaqələrin daha çox enerji sahəsi ilə bağlı olduğunu deyən R.Həsənov bu münasibətlərin digər sahələrdə də inkişaf etdiyini bildirib. Azərbaycan və Böyük Britaniya təhsil sahəsində də uğurlu əməkdaşlıq edirlər. Çoxsaylı azərbaycanlı tələbələr bu ölkədə təhsil alır. Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır. Azərbaycan və Böyük Britaniya həm ikitərəfli şəkildə, həm də beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq təhlükəsizliyin qorunmasına mühüm töhfə verirlər. Azərbaycanda 500-ə yaxın Böyük Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin sayı çoxluq təşkil edir. Mədəni sahədə də mühüm əməkdaşlıq mövcuddur və bu istiqamətdə hər iki ölkədə müntəzəm tədbirlər keçirilir. Bu kitab Böyük Britaniya ictimaiyyətinin Azərbaycanı daha yaxından tanımasına imkan verəcək.
Sonra BP şirkətinin baş icraçı direktoru Bob Dadlinin tədbir iştirakçılarına təbriki səsləndirilib. Təbriki “BP Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli oxuyub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin tarixindən və müasir inkişaf səviyyəsindən danışıb. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin tarixi daha qədimlərə, təxminən XVI-XVII əsrlərə gedib çıxır. Müstəqillik dövründə Azərbaycan–Böyük Britaniya əlaqələri daha da genişlənib. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ölkələrimizin münasibətlərində inkişafın yeni mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. 
Prezidentin köməkçisi vurğulayıb ki, Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi, siyasi, sosial və digər sahələrdəki münasibətlər Avropanın başqa ölkələri üçün nümunədir. 
Əli Həsənov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsi birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə qəbul edilib. Həmin vaxt Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının sədri idi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə diqqət yetirsək görərik ki, məhz 853-cü qətnamə ən dəqiq ifadə ilə erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. “Düşünürük ki, Böyük Britaniya Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində indiyə qədər oynadığı rolu bundan sonra da davam etdirəcək, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanınmasına, işğal olunmuş torpaqlarımızın azad edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünümüzün öz doğma yurdlarına qayıtmalarına dəstək göstərəcək”, - deyə Əli Həsənov bildirib.
BP-nin Azərbaycanın enerji sektoruna ən çox sərmayə qoyan xarici şirkət olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, bu şirkət Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. 
"Senate Publishing" nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü David Evans iki ölkə arasındakı münasibətlərdən söhbət açıb. Bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında dərin dostluq münasibətləri, sıx iqtisadi əməkdaşlıq əlaqələri var. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan Böyük Britaniyanın parlament dairələrində çox yaxşı tanınır. Azərbaycan–Böyük Britaniya əməkdaşlığı güclü ikitərəfli əlaqələrə, sabit, etibarlı tərəfdaşlığa və investisiyalara əsaslanır. Ölkələrimiz arasında maliyyə, təhsil, mədəni və digər sahələrdə də səmərəli əməkdaşlıq mövcuddur. Əminik ki, səmimi dostluğa söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək. 

 

13 2019 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə