Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək

İslahatlar Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin prioritetini demokratik dövlət quruculuğu prosesi təşkil edir. Demokratik proseslərin inkişafına, müasirləşməyə xüsusi önəm verən dövlətimizin başçısı dünya təcrübəsini də nəzərə alaraq, dövlət idarəçiliyində yeni idarəetmə sisteminə keçidlə əlaqədar davamlı islahatlar həyata keçirir.

Ölkə Prezidentinin bu il yanvarın 14-də imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu fərmandan irəli gələn vəzifələr – idarəetmədə aparılan islahatlar həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsində, daha da müsirləşməsində, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndirilməsində, reytinqinin yüksəldilməsində mühüm rol oynayacaq. Bütün bunların nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun yekunu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. “Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sürətlə dəyişən müasir dünyada daha uğurlu və səmərəli fəaliyyətin ümumi prinsiplərini diqqətlə çatdırmaqla, dövlət idarəçiliynin təkmilləşdirilməsi ilə bağlı aparılacaq islahatların anonsunu vermişdi: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib”. 
 Dövlət başçısı yeni struktur islahatlarının zəruriliyini diqqətə çatdıraraq demişdir ki, bu islahatlar konkret sahələr üzrə qarşıda duran vəzifələrin uğurlu icrası üçün çevik, məqsədyönlü və düşünülmüş şəkildə reallaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Ölkə rəhbəri vurğulamışdı ki, Azərbaycan qarşısına daim inkişaf, tərəqqi məqsədini qoyan, heç bir dövlətin diktəsilə hərəkət etməyən, açıq siyasət yeridən müstəqil dövlətdir. Bütün bunlar dövlət idarəçiliyi sistemində yeni islahatların həyata keçirilməsi zərurətini yaradıb. 
Artıq bu ilin əvvəlindən yeni idarəetmə modelinə keçidə start verilib. İdarəetmədə yenilik bütün kadrlardan məsuliyyətli, daha dəqiq və fəal olmaq kimi ciddi bir tələb qarşıya qoyub. Xalq bu islahatların bəhrəsini gündəlik həyatında hiss edir. 
Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı əvvəlki islahatlardan öz miqyasına görə fərqlənir. Bundan əvvəl aparılan islahatlar, əsasən, iqtisadi və sosial sahələrə daha çox öz təsirini göstərmişdi. Ancaq məhkəmə-hüquq islahatları yaşından, məşğuliyyətindən, yaşayış yerindən asılı olmayaraq, bütün münasibətlərin tənzimlənməsini özündə ehtiva edir. Bu sahədə aparılan islahatlar, həm də ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. Çünki məhkəmə və hüquq cəmiyyəti bütün neqativlərdən təmizləyən, qanunun aliyinə nəzarət edən bir mexanizmdir. Məhz bu baxımdan, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.
Məhkəmə-hüquq sistemində islahatlar dedikdə, bu, yalnız məhkəmə sahəsində aparılan islahatlar kimi qəbul edilməməlidir. Bu, eyni zamanda, liberal iqtisadi islahatlara, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, vətəndaşların rüşvət hallarından qorunmasına, bütövlükdə cəmiyyətdə sosial münasibətlərə, siyasi islahatlara və beynəlxalq münasibətlərə təsiri olan dəyişikliklərdir. Bu islahatlar bir sıra sahələrdə münasibətləri ədalətli tənzimləməklə iqtisadi inkişafa təkan verəcək. Eyni zamanda, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunvericilik aktlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi fərmanda mühüm şərt kimi öz əksini tapıb.
Fikrimcə, bu fərmandan irəli gələn vəzifələr, eyni zamanda, ədalətli və etibarlı məhkəmə-hüquq sistemi mülkiyyətin və sərmayələrin, biznes mübahisələrinin ədalətli həllinə zəmanətdir. Müstəqil və ədalətli məhkəmənin korrupsiyaya və rüşvətxorluğa qarşı ən səmərəli mübarizə mexanizmi olması hər kəsə bəllidir. 
Bütün bu islahatlar Prezident İlham Əliyevin siyasi iradəsinin, demokratik proseslərin inkişafına, dövlət idarəçiliyində çevikliyə və insan amilinə xüsusi önəm verməsinin təzahürüdür. 
Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi Prezidentin siyasi iradəsinin hüquqi sistemə tətbiqi ilə yanaşı, həm də indiyə qədər aparılan islahatlara təkan verəcək. Dövlət başçısının bu fərmanı bundan sonra aparılacaq islahatlara da dönməz xarakter verəcək.

Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq üzrə elmlər doktoru

 

13 2019 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə