Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–NATO: qarşılıqlı etimad və faydalı əməkdaşlıq

Azərbaycan–NATO: qarşılıqlı etimad və faydalı əməkdaşlıq

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın mühüm Avropa və qlobal təhlükəsizlik təşkilatları ilə əlaqələri genişlənməyə başladı. Təqdirəlayiq haldır ki, ölkəmizin dünyanın ən güclü hərbi bloku sayılan Şimali Atlantika Alyansı – NATO ilə münasibətləri qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində quruldu. 

Hər iki tərəf, həm rəsmi Bakı, həm də alyans rəhbəriyi bu əlaqələrin genişləndirilməsinə çalışır. Azərbaycan dövləti NATO-nu müasir dünyada sülhün və təhlükəsizliyin əsas qarantlarından biri hesab edir. NATO isə öz növbəsində müstəqil Azərbaycanın aparıcı dövləti olduğu həssas regionda davamlı sülhün bərqərar olunmasında maraqlıdır. 
Görünən budur ki, son illər alyans rəhbərliyi Azərbaycan dövlətinin regionda, bütövlükdə dünyada sülh işinə verdiyi töhfələri yüksək qiymətləndirir və Bakı ilə hərtərəfli əməkdaşlığı gücləndirməyə çalışır. Azərbaycan xalqı, dövlətimiz ümid edir ki, NATO Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllində qətiyyətli mövqe ortaya qoyacaq. 
Bu məqamda NATO-nun yaranması və fəaliyyəti, eləcə də ölkəmizin bu qurumla əlaqələrinin mövcud vəziyyəti barədə qısa da olsa məlumat vermək istərdik. Şimali Atlantika Müqaviləsi Təşkilatı 1949-cu ildə “Vaşinqton müqaviləsi”nin imzalanması və ratifikasiya edilməsindən sonra təsis olunmuşdur. 
Təşkilat “Atlantika paktı” və ya “Atlantika alyansı” da adlanır. Mənzil-qərargahı Brüssel şəhərində yerləşir. Hazırda təşkilata 28 üzv ölkə daxildir. NATO ordusu bu gün ən modern silahlarla təchiz olunmuş dünyanın ən güclü silahlı qüvvələrindən biri sayılır. 
NATO-nun məqsədi BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, siyasi və hərbi vasitələrlə üzv dövlətlərin azadlığını və təhlükəsizliyini, Avropada və bütün dünyada ədalətli və davamlı sülhü təmin etməkdir. Son onillər ərzində alyans beynəlxalq terror ilə mücadiləyə danılmaz töhfələr verməkdədir. 
Azərbaycan ilə NATO arasında əməkdaşlığın tarixi 1992-ci ilin mart ayından başlanır. Həmin tarixdə Azərbaycan 37 ölkə ilə yanaşı, Şimali Atlantika Əməkdaşlığı Şurasına, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. 
Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak ediblər. Əfqanıstanda sülhməramlılarımız bu gün də beynəlxalq terrora qarşı öz missiyalarını uğurla yerinə yetirər. 
1997-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmizin NATO yanında diplomatik Nümayəndəliyinin təsis edilməsi barədə sərəncam imzalamışdır. Bununla da, tərəflər arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli şərait yaranmışdır. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərliyi ilə Azərbaycan–NATO əlaqələri son illərdə daha da güclənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 
2018-ci iyulun ­12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə “Qətiyyətli dəstək” missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olmuşdur. 
Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Dövlətimizin başçısı vurğulamışdır ki, 2002-ci ildən başlayaraq, Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan “Qətiyyətli dəstək” missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırmışdır. 
Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərmişdir. Bundan başqa, Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edilmişdir. Xüsusilə əlamətdar haldır ki, yeni innovativ Azərbaycan brendi olan, özündə 200-dən çox ictimai xidməti birləşdirən “ASAN xidmət” hazırda Əfqanıstanda tətbiq edilir.
Bəli, bu gün Azərbaycan NATO-nun regionda ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Azərbaycan paytaxtı dəfələrlə alyansın bir sıra mühüm tədbirlərinə evsahibliyi etmişdir. Məsələn, ötən il Azərbaycan “Asiyanın qəlbi – İstanbul prosesi”nə həmsədrlik etmiş, keçən ay isə “Beynəlxalq təmas qrupu”nun toplantısı məhz Bakıda keçirilmişdir. 
2018-ci ildə, həmçinin Bakıda Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və analiz prosesi tərəfdaşlıq məqsədləri” (PAP) sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilmişdir.
Tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində uzunmüddətli perspektiv planlar, eləcə də qarşılıqlı fəaliyyətin artırılması məsələləri müzakirə olunmuşdir.
Bu məqamda qeyd etmək lazımdır ki, bu il aprelin 3-4-də Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclasında alyansın baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulamışdır. 
Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırmışdır. Y.Stoltenberq xüsusilə 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın “Qətiyyətli dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulamışdır.
Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqəraretmə səylərinə həm də hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.
2017-ci il oktyabrın 30-da açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt Beynəlxalq Dəniz Limanı bu sahədə imkanları əlavə olaraq genişləndirəcək. Uzunmüddətli perspektivdə Azərbaycan ərazisindən tranzit NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir.
Bu gün müstəqil Azərbaycanın xarici siyasətinin prioritetini Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi təşkil edir. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının, NATO-nun və digər qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. 
Hazırda Ermənistan dövlətinin nəzarəti altında olan torpaqlarımız narkotik vasitələrin becərilməsi və tranziti məkanına çevrilib. Dağlıq Qarabağın ərazisi son illər, həmçinin beynəlxalq terror yuvalarından biridir. Azərbaycan xalqı ümid edir ki, regionda sülhü hər vəchlə təhdid edən, beynəlxalq normalara açıq surətdə meydan oxuyan rəsmi İrəvanın bədnam siyasətinə adekvat cavab veriləcək. 
Azərbaycan xalqı öz tarixi torpaqlarını sülh vasitəsilə, bu, mümkün olmazsa, hərb yolu ilə azad etmək, ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Həmin gün uzaqda deyil. Lakin inanmaq istərdik ki, BMT Təhlükəsizlik Şurası, eləcə də NATO Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək və Dağıq Qarabağda haqqın, ədalətin, davamlı sülhün bərqərar olunması işinə öz dəstəyini verəcəkdir. 

 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 

 

13 2019 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə