Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda regional inkişafın yekunları, gələcək hədəflər və prioritetlər

Azərbaycanda regional inkişafın yekunları, gələcək hədəflər və prioritetlər

2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Azərbaycanın bu gün regional inkişafda əldə etdiyi uğurlar nəticəsində onun bölgələri dövlətdən dotasiya alan bir ərazidən ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevirmişdir. 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanın hərtərəfli inkişaf etmək, dünyanın qabaqcıl dövlətləri sırasına daxil olmaq potensialı geniş və güclüdür. Bu imkanların obyektiv əsasını ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyat və sərvətləri təşkil edir. Bu amillər Azərbaycan iqtisadiyyatını tarixən inkişaf etdirmiş, bir çox sahələrdə önə çıxarmışdır.

Lakin iqtisadiyyatın səmərəli ərazi təşkili, regionların tarazlı inkişafı baxımından Azərbaycan iqtisadiyyatının inkişafında uyğunsuzluqlar həmişə mövcud olmuşdur və bu gün də var. Rusiyanın müstəmləkəçilik siyasəti, sovet dövründə isə sənayeyə kapital qoyuluşunun əsasən neft hasilatı və emalına yönəldilməsi, qeyri-neft sektorunun inkişafına kifayət qədər diqqət verilməməsi Abşeron iqtisadi rayonu ilə digər bölgələrin inkişafı arasında böyük fərqin yaranmasına səbəb olmuşdur.
Azərbaycanda istehsal olunan sənaye məhsullarının 1913-cü ildə 91,4, 1970-ci ildə isə 71,6 faizi Bakı şəhəri ilə birlikdə Abşeron iqtisadi rayonunun payına düşürdü. Yalnız ötən əsrin 70–80-ci illərində ümummilli lider Heydər Əliyevin gerçəkləşdirdiyi regionların üstün inkişafı siyasəti nəticəsində kiçik və orta şəhərlərin səviyyəsi Abşeron iqtisadi rayonuna və paytaxta yaxınlaşmışdır. Nəticədə, Abşeron iqtisadi rayonunun sənaye məhsulu istehsalında xüsusi çəkisi xeyli azalaraq 1988-ci ildə 59 faizə, o cümlədən Bakı şəhərinin xüsusi çəkisi 49,6 faizə düşmüşdür. Buna baxmayaraq, yenə də Bakı şəhəri ölkə sənaye məhsulunun ən çox cəmləşdiyi paytaxt şəhərlərindən biri olaraq qalırdı.
Azərbaycanın dövlət müstəqilliyi illərində ulu öndər Heydər Əliyevin neft strategiyasının, dövlətimizin qəbul etdiyi çoxsaylı, sahə miqyaslı proqramların, Prezident İlham Əliyevin regional inkişaf proqramlarının (2004–2008, 2009–2013 və 2014–2018-ci illər), sosial-iqtisadi inkişaf konsepsiyasının (2014–2023-cü illər), Strateji Yol Xəritəsinin birinci iki ilinin vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın bütün sahələrinin inkişafında böyük nailiyyətlər qazanılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icra olunduğu son 15 ildə respublikamızda ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8, sənaye istehsalı 2,6 və kənd təsərrüfatı məhsulu 1,7 dəfə artmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində 100 mindən çox müəssisə yaradılmış, 2 milyondan çox yeni iş yeri açılmışdır ki, bunun da 1,5 milyonu daimi işdir. 
Azərbaycan regionlarında bu dövrdə gələcək inkişaf üçün əsas şərt olan güclü istehsal və sosial infrastruktur formalaşmış, iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, işsizlik, yoxsulluq, enerji təhlükəsi kimi problemlərin həllində böyük uğurlar qazanılmışdır. Nəzərə alsaq ki, bu nailiyyətlər uzun müddətdən bəri dünyada maliyyə-iqtisadi böhranların davam etdiyi, qlobal və milli problemlərin kəskinləşdiyi bir şəraitdə əldə edilmişdir, onda bu inkişafın nə qədər böyük və əhəmiyyətli olduğunu daha düzgün qiymətləndirə bilərik. Ölkəmiz xarici aləmdə böyük nüfuz qazanmış, beynəlxalq miqyaslı tədbirlərin əsas təşkilatçılarından birinə çevrilmişdir. 
Ümumiyyətlə, hazırda Azərbaycan ümumi inkişaf səviyyəsinə görə inkişaf etməkdə olan dövlətlər arasında üçüncü yeri tutur. Əlbəttə, ölkəmizin müstəqillik illərində öz iqtisadi, siyasi və sosial həyatının bütün sahələrində böyük uğurlar qazanmasında ümummilli lider Heydər Əliyevin düzgün strateji xətti, Prezident İlham Əliyevin bu siyasəti ardıcıl və yaradıcılıqla davam etdirməsi müstəsna rol oynamışdır.
Bununla yanaşı, geniş imkanları olmasına baxmayaraq, Azərbaycan istifadə edilən istehsal potensialına görə inkişaf etməkdə olan ölkələr arasında nisbətən aşağı mövqe tutur. Beləliklə, yaxın illərdə respublikanın istehsal potensialının sürətlə artırılmasına ehtiyac var. Bu potensialın artırılması imkanları isə əsasən regionlardadır. Çünki respublikanın regionlarında istifadə olunan potensial nisbətən aşağıdır.
1993–2003-cü illərdə və regionların sosial-iqtisadi inkişafı üzrə birinci dövlət proqramı dövründə bölgələrdə məhsuldar qüvvələrin inkişafında böyük uğurlar qazanılmasına baxmayaraq, obyektiv səbəblərdən Abşeron iqtisadi rayonunda yenə də istehsal sahələri daha sürətlə inkişaf etmiş, nəticədə, xüsusilə Bakı şəhərinin ümumi daxili məhsulda, sənaye istehsalında və digər göstəricilərdə xüsusi çəkisi artmışdır. 2008-ci ildə ÜDM-in 81, sənaye məhsulunun 94,8, sənaye işçilərinin 67,5 və əsas kapitala investisiyanın 73 faizi Bakı şəhərilə birlikdə Abşeron iqtisadi rayonunun payına düşmüşdür.
Regional inkişaf üzrə ikinci dövlət proqramı dövründə qeyri-neft sektorunun inkişafının sürətlənməsi, tarazlı regional inkişaf və iqtisadiyyatın diversifikasiyası vəzifələri qarşıya qoyulmuş, üçüncü proqram dövründə isə regionların tarazlı inkişafı dövlət siyasətinin ümumi istiqamətini təşkil etmişdir. Bunun üçün də qeyri-neft sektorunun inkişaf etdirilməsi, regionların sürətli inkişafı istiqamətində, xüsusilə aqrar sahənin və sənayenin inkişafı ilə bağlı tədbirlər həyata keçirilmişdir. Nəticədə, ikinci proqram dövründən başlayaraq regionlarda ümumi məhsul və sənaye istehsalı Bakı şəhərinə nisbətən sürətlə artmış və bu göstəricilər üzrə regionların xüsusi çəkisi yüksəlmişdir. 
Artıq 2013-cü ildə ÜDM istehsalında regionların xüsusi çəkisi 2009-cu ildəki 19 faizdən 29,7, sənayedə 5,2 faizdən 9,3, əsas kapitala investisiya qoyuluşunda 27 faizdən 36,5 faizə çatmışdır. İki il sonra regionların xüsusi çəkisi daha da artaraq ÜDM üzrə 33,4, sənaye üzrə 12,7 faizə çatmışdır. Sonrakı illərdə regionlarda qeyri-neft sektorunun, xüsusilə aqrar-sənaye kompleksinin sürətli inkişafı ilə əlaqədar sosial-iqtisadi inkişaf göstəricilərində regionların xüsusi çəkisi daha da arta bilərdi. Lakin neftin qiymətinin artması Bakı şəhəri və Abşeron iqtisadi rayonunun xüsusi çəkisinin əvvəlki kimi nisbətən yüksək olmasına səbəb olmuşdur. 
Bununla yanaşı, Bakı şəhərinin sənaye məhsulu istehsalında xüsusi çəkisi xeyli azalaraq 2013-cü ildəki 89,2 faizdən 2017-ci ildə 85,7 faizə düşmüşdür. Eyni zamanda, əsas iqtisadi göstəricilərdə Abşerondan kənar iqtisadi rayonların mövqeyindən danışarkən respublika ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını da nəzərə almaq lazımdır. Təbiidir ki, ərazilərin beşdə biri itirilməsəydi, bütün iqtisadi və sosial göstəricilərdə regionların xüsusi çəkisi daha yüksək olardı. Digər tərəfdən, yaxın 10–15 ildə Abşeron iqtisadi rayonunun respublika iqtisadiyyatında xüsusi çəkisinin kəskin sürətdə, deyək ki, 30–35 faiz aşağı düşəcəyini gözləmək də sadəlöhvlük olardı. Abşeron iqtisadi rayonunun zəngin təbiəti, resursları, güclü elmi və insan potensialı, əlverişli coğrafi mövqeyi, beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağı olması burada iqtisadiyyatın inkişafı üçün daim güclü tələbat və imkan yaradacaqdır. 
Bütün bunlarla bərabər, son illərdə iqtisadi yüksəlişin gedişi, aparılan islahatlar göstərir ki, regionların inkişafında yeni mərhələ başlanmışdır. Bunu 2018-ci ilin iqtisadi artım göstəricilərindən də aydın görmək olar. Belə ki, 2018-ci ildə respublikamızda ümumi iqtisadi artım 1,4 faiz və qeyri-neft sektorunda 1,8 faiz olduğu halda, kənd təsərrüfatı 4,6 faiz, qeyri neft sənayesi 9,1 faiz artmışdır. 
Kənd təsərrüfatı və qeyri–neft sənayesi, əsasən, regionlardadır. Bu isə o deməkdir ki, 2018-ci ildə bölgələrin istehsal potensialı Bakı şəhərinə nisbətən sürətlə artmış və əsas iqtisadi göstəricilərdə regionların xüsusi çəkisi xeyli yüksəlmişdir. Regionlarda sosial-iqtisadi inkişafın sürətlənməsi istiqamətində həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni müəssisələr belə bir fikir söyləməyə əsas verir ki, 2019-cu ildə və sonrakı yaxın illərdə şəhər və rayonların istehsal potensialının daha sürətlə artmasına real imkanlar yaranmışdır.
Regionların sosial-iqtisadi inkişafının növbəti dövlət proqramında (2019–2023-cü illər) ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri davam etdirmək, infrastrukturu və sosial xidmətləri daha da yaxşılaşdırmaq, bölgələrdə əhalinin məşğulluğu və rifahını yüksəltmək vəzifələri qarşıya qoyulmuşdur. Bunlar isə öz növbəsində regionların daha sürətli inkişafına əlverişli şərait yaradacaq.
Azərbaycan bütün bu və ya digər nailiyyətləri ilə keçid dövrü vəzifələrini uğurla yerinə yetirərək, bir neçə ildir ki, öz inkişafının yeni dövrünə daxil olmuşdur. Hazırda iqtisad elmində Azərbaycanın keçid dövründən sonrakı inkişaf mərhələsinə və onun vəzifələrinə birmənalı münasibət yoxdur. Bu isə elmi-axtarış işlərinin bəzən ölkənin mövcud iqtisadiyyatının inkişafı tələblərinə cavab verməməsinə səbəb olur və tədqiqat işlərinin səmərəliliyi aşağı düşür. Azərbaycanın istehsal potensialının mövcud vəziyyəti və demokratik ölkələrin keçid dövründən sonrakı iqtisadi inkişaf üçün gördüyü tədbirlərlə tanışlıq daxil olduğumuz yeni inkişaf mərhələsini nisbətən düzgün müəyyənləşdirməyə imkan verir.
Demokratik ölkələrin təcrübəsindən görünür ki, onlar bu dövrdə (əsasən XIX əsrin ortalarından XX əsrin 80-ci illərinin ortalarınadək) mövcud olan yüksək texnika-texnologiya tətbiqi əsasında zəngin təbii resursları və sərvətləri (torpaq, neft, təbii qaz, tikinti materialları, dəmir filizi, qiymətli metal ehtiyatları və s.) təsərrüfat dövriyyəsinə və milyonlarla insanı əmək fəaliyyətinə cəlb etməklə müəssisələr tikmiş, məhsuldar qüvvələrin yüksək səviyyədə inkişafına nail olmuşlar. Bu dövr əsasən sənaye cəmiyyəti dövrü kimi xarakterizə olunur. Bütün bunları nəzərə almaqla Azərbaycanın sənayeləşmə dövrünün vəzifələrini yerinə yetirməkdə olduğunu qeyd etməliyik. 
Lakin XX əsrin 80-ci illərindən başlayaraq inkişaf etmiş demokratik dövlətlər informasiya-kommunikasiya texnologiya¬larının geniş inkişafı, modernləşmə dövrünə daxil olmuşdur. Yeni dövr təbii resurs və sərvətlərin hasilatı hesabına istehsalın genişlənməsi imkanının məhdudlaşması, əksinə, insanın yaradıcı, innovasiyayönümlü fəaliyyətinin rolunun artması, qloballaşmanın iqtisadiyyatın inkişafına təsirinin güclənməsilə səciyyələnir.
Ümumi nəticə belədir: Azərbaycan öz inkişafının sənaye cəmiyyəti dövrünə daxil olduğu vaxt, inkişaf səviyyəsinə çatmaq istədiyi demokratik dövlətlər öz inkişafının yeni dövrünə daxil olmuşlar. Deməli, respublikamız irəliyə doğru inkişafda elə bir strateji xətt seçməlidir ki, sənaye cəmiyyəti dövrünə xas olan vəzifələri yeni dövrün tələblərinə uyğun yerinə yetirə bilsin. Başqa sözlə, sənayeləşmə və modernləşmə dövrünün vəzifələri, eyni zamanda, qarşılıqlı əlaqədə yerinə yetirilməlidir. Fikrimizcə, yaşadığımız dövrdə iqtisadi inkişafda Azərbaycanın rastlaşdığı əsas çətinlik də, müasir dövrün problemlərinin həlli yollarına münasibətdə yaranan mövqe fərqlərinin əsası da bundan ibarətdir.
Azərbaycanın uzunmüddətli strateji inkişaf yolunu Prezident İlham Əliyev müdriklik və uzaqgörənliklə müəyyənləşdirmişdir. Bu uzunmüddətli vəzifə ölkənin hərtərəfli inkişafı, modernləşdirilməsi, zəngin və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsindən ibarətdir. Yaxın 8-10 ildə sənayeləşmə dövrünün vəzifələrinin birinci növbədə yerinə yetirilməsi, bu məqsədlə müasir texnika-texnologiyadan istifadə etməklə yeni sənaye müəssisələrinin tikilməsi, təzə istehsal sahələrinin istifadəyə verilməsi, kənd təsərrüfatının ixtisaslaşmış sahələrinin üstün sürətlə inkişafı hesabına ümumi istehsal potensialının artırılması diqqət mərkəzində olmalıdır. Çünki Azərbaycanın istifadə olunan istehsal potensialı onun imkanlarına nisbətən aşağıdır. 
Eyni zamanda, respublikamızda istifadəsinə ehtiyac olan kifayət qədər əmək resursları, təbii ehtiyatlar və sərvətlər var. Bunları istehsal dövriyyəsinə səmərəli cəlb etməklə iqtisadi potensialı artırmadan qarşıya qoyulmuş uzunmüddətli strateji vəzifəni yerinə yetirmək, regionların davamlı və tarazlı inkişafına nail olmaq mümkün deyil. Regionların inkişafı və respublikanın istehsal potensialının artırılması qarşılıqlı əlaqədə olan problemdir.
Beləliklə, Azərbaycan iqtisadiyyatının uzunmüddətli davamlı inkişafı və istehsal potensialının artırılması üçün müvafiq orqanların, mütəxəssislərin, sahibkarların diqqətini birinci növbədə üzümçülük–şərabçılıq, baramaçılıq-ipəkçilik, çayçılıq və tütün emalı, mineral sular, meyvə-tərəvəz, konserv, sitrus meyvələr istehsalı kimi sahələrin müasir dövrün tələbləri və imkanları səviyyəsində inkişafına; ağır sənaye sahələrindən kimya, neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma sahələrinin müasir-texnika və texnologiya tətbiqi əsasında üstün sürətlə inkişafı və bu sahələrin məhsullarının satışı üçün yeni bazarların mənimsənilməsinə yönəltmək vacibdir. Çünki, bu sahələrin inkişafında Azərbaycanın həm zəngin tarixi təcrübəsi, həm də rəqabətqabiliyyətli və səmərəli məhsul istehsal etmək üçün geniş resurs potensialı var. 
Azərbaycanda qida məhsulları istehsalının artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi, turizmin çoxsahəli inkişafı və xidmətin keyfiyyətinin yüksəldilməsi, energetikanın inkişafı istiqamətində başlanmış işlərin fasiləsiz olaraq davam etdirilməsi də vacibdir. Bütün bunlara nail olmaq üçün ölkənin iqtisad elmi aşağıdakı istiqamətlərdə elmi-tədqiqatlara diqqəti artırmalıdır:
– Azərbaycanın inkişaf üçün mövcud olan imkanların təhlili və düzgün qiymətləndirilməsi;
– ölkə iqtisadiyyatının tarixi inkişaf prioritetləri və xüsusiyyətləri;
– müasir dövrdə dünya və Azərbaycan iqtisadiyyatında baş verən mütərəqqi və mənfi meyillər;
– respublikada son 4–5 ildə istehsal potensialı və ÜDM-nin kifayət qədər sürətlə artmaması səbəbləri, onun aradan qaldırılması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlər;
– ölkə və xarici bazar problemi, daxili bazarın sabitliyinin qorunub saxlanması, xarici bazarı genişləndirmək və orada mövqeni möhkəmləndirmək məsələləri;
– iqtisadiyyatın inkişafı üçün elmi potensialdan daha səmərəli istifadə etmək yollarının müəyyənləşdirilməsi;
– investisiya və sahibkarlıq mühitinin yaxşılaşdırılması, əhalinin müvəqqəti sərbəstləşən pul vəsaitlərinin iqtisadiyyatın inkişafı üçün daha geniş cəlb edilməsi, əhalinin banklara inamının artırılması;
– məhsulun, işin, xidmətin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin yüksəldilməsi;
– təsərrüfat sahələrində, sahibkarlıqda uçot və hesabatın mövcud vəziyyətinin nəzərdən keçirilməsi, zəruri hallarda təkmilləşdirilməsi.
Əlbəttə, iqtisadi sahədə elmi potensialdan səmərəli istifadə etmək, iqtisadi tədqiqatların səmərəsini artırmaq üçün digər məsələlər də var. Əsas vəzifə isə ölkədə iqtisadi inkişafın qarşısında duran prioritet vəzifələri düzgün müəyyən etmək və elmi–tədqiqatları bu vəzifələrin gerçəkləşdirilməsinə düzgün istiqamətləndirməkdir.

 

Əli NURİYEV, 
AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi

13 2019 00:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə