Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhərin yubileyinə həsr olunmuş konfrans

Şəhərin yubileyinə həsr olunmuş konfrans

Sumqayıt Dövlət Universitetində bu şəhərin 70 illik yubileyinə həsr olunmuş “Sumqayıtın bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru,  professor Elxan Hüseynov açaraq iştirakçıları salamlayıb. O deyib ki, ölkə rəhbərliyinin çoxşaxəli uğurlu fəaliyyətində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xüsusi önəm daşıyır. Sumqayıt şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri də buna sübutdur.  Sonra professor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib.  
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında bildirib ki, bu ilin noyabrında Sumqayıtın 70 yaşı tamam olur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yubileyin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Yarım əsrdən çox tarixi inkişaf yolu keçən Sumqayıt Dövlət Universiteti isə güclü maddi-texniki bazaya malik olmuş, ötən illər ərzində yüksəkixtisaslı mütəxəssislər yetişdirmiş və hazırda beynəlxalq əlaqələrini gündən-günə genişləndirməkdədir. Burada  güclü elmi-pedaqoji potensial vasitəsilə təhsilin inkişafı və müasirləşməsi, dünya standartları səviyyəsinə çatdırılması istiqamətində mühüm addımlar atılır.  
Zakir Fərəcov Sumqayıtın yubileyərəfəsində şəhərdə aparılan böyük quruculuq işlərindən, yeni sənaye müəssisələrinin inşa olunmasından, sosial tərəqqidən konkret faktlar əsasında söhbət açıb. O deyib ki, bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir. Dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta intensiv səfərləri, diqqət və qayğısı iri sənaye şəhərinə marağı daha da artırmışdır.
Sonda icra başçısı universitetin müəllim və tələbə heyətinin suallarını cavablandırıb. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”                                                                             

13 2019 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə