Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AŞPA-da Ermənistan heyətinə sərt cavab verildi

 AŞPA-da Ermənistan heyətinə sərt cavab verildi

AŞPA-da “Nifrət nitqi və dözümsüzlüklə mübarizədə siyasi liderlərin rolu və məsuliyyətləri” adlı qətnamə layihəsinin müzakirəsi zamanı AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Xocalı soyqırımı, azərbaycanlıların Ermənistandan – öz ata-baba torpaqlarından deportasiyasından danışıb və Avropanı Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıb:

 “Bu gün müzakirə etdiyimiz mövzu Avropanın, ümumiyyətlə, dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Avropada irqi ayrı-seçkilik, ksenofobiya, antisemitizm və nifrətin başqa formalarını yayan, təhrik edən, təşviq və bəraət verən ifadələrdən istifadənin artması ilə nifrət nitqi və dözümsüzlük artmaqdadır və bu, bizim hamımızı ciddi narahat etməlidir. Avropada islamafobiyanın artması da bizim hamımızı ciddi narahat etməlidir. Qətnamə layihəsində islamafobiyanın artmasının da ciddi narahatlıq doğurması xüsusi vurğulanmalı idi və rasizm, nifrət, antisemitizm sözlərindən sonra əlavə edilməli idi. Təəssüf ki, bunu görmürük”.
 “Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam”, – deyə çıxışına davam edən deputat əlavə edib: “Çox təəssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyan burada Azərbaycan haqqında yalan, yanlış məlumatlar verdi və nifrət dolu bir çıxış etdi. Xocalı soyqırımını törədən, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi kimi onun buradan o insanlardan üzr istəməsi lazım idi. Təəssüf ki, o, hər zaman olduğu kimi, bu gün də Azərbaycan əleyhinə yalan, böhtan məlumatlarla çıxış etdi. Mən başqa aspektdə danışacaqdım, amma bu çıxışdan sonra bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. 
 Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi olaraq 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı zorla öz doğma torpaqlarından çıxarılıb və Ermənistan monoetnik bir dövlətə çevrilib. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib və Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi, əslində, müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi, məruzədə əksini tapan bütün məsələləri dəstəkləyir, üzv ölkələri bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram”.
 Deputat xüsusi olaraq vurğulayıb ki, təmsil etdiyim Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkədir. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Azərbaycan dünyada Mədəniyyətlər və Sivilizasiyalararası Dialoqun güclənməsi istiqamətində bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib, bir çox beynəlxalq tədbirlərin keçirilməsinin təşkilatçısı olub və bu istiqamətdə layihələrin sayı getdikcə daha da artır. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. Bu səbəbdən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə