Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Marşallarımız “Formula-1” Qran-prisinə hazırlaşırlar

Marşallarımız “Formula-1” Qran-prisinə hazırlaşırlar

Aprelin 26–28-də Bakının evsahibliyi edəcəyi “Formula-1” Qran-prisinin başlamasına az qalır. Azarkeşlərin həyəcanla gözlədiyi sürət yarışına hazırlıq işləri davam edir. Şəhərin əksər məkanlarında, xüsusilə də Bakı Şəhər Halqasının əhatə etdiyi yerlərdə bunu görmək mümkündür. Artıq azarkeşlərin yarışı rahat izləyə bilməsi üçün tribunalar quraşdırılır, müxtəlif vəzifələri yerinə yetirənlər, xüsusilə də ­marşal və könüllülər təlimlərdə bilik və bacarıqlarını daha da artırırlar. 

Artıq “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti və Bakı Marşal Klubunun təşkilatçılığı ilə marşallar üçün tədbir və təlimlərin təşkilinə başlanılıb. Marşalların təlimatlandırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəstəyilə FHN Akademiyasında təlimlər keçirilib. Dördgünlük təlimdə marşallar yanğından mühafizə və xilasetmə üzrə bilik və bacarıqlarını artırıblar, bu sahədə onları maraqlandıran məsələləri daha dərindən öyrəniblər. 
Məqsəd yarışlar zamanı fövqəladə hal yarandıqda əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və problemlərin operativ şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasındır. 
Nəzəri və praktik hissələrdən ibarət təlimlərdə, ümumilikdə, 200 nəfər (FHN-in 63 əməkdaşı və 137 könüllü marşal) iştirak edib. Akademiyanın xüsusi ­ixtisaslı təlim-tədris heyəti iştirakçılara yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, yanğının qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində bacarıqların möhkəmləndirilməsi məqsədilə təqdimatlar təşkil olunub. Marşallara həmçinin yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə edilən xüsusi texnika və avadanlıqla davranış qaydaları da əyani vasitələrlə izah olunub. 
Marşalları öz ətrafında birləşdirən Bakı Marşal Klubu cəmi dörd il fəaliyyət göstərməsinə baxmayaraq, xeyli iş görüb və marşal heyətinin formalaşmasında nailiyyətlər əldə edib. 
Trek marşalları halqa boyunca nəzarət postlarında yer alan əsas marşallardır.
FİA qaydalarına əsasən, bayraq marşalları trek boyunca yerləşən marşal məntəqələrində yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. 
Yanğınsöndürmə və xilasetmə marşalları həmin sahədə xüsusi təlim keçmiş şəxslərdir. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyır. Texniki təftiş marşalları gündəlik olaraq hər bir avtomobilin, o cümlədən qəzaya uğramış avtomobillərin təhlükəsizlik və uyğunuq tələblərinə cavab verdiyini müəyyən edir.
Bərpa (təxliyyə) marşalları komandasına halqanın müxtəlif yerlərində yerləşən kran və səthi düz yük avtomobillərini, müxtəlif növ nəqliyyat vasitələrini idarə edə bilən kran əməliyyatçıları və xüsusi təlim keçmiş marşallar daxildirlər.
Tibbi marşallar isə avadanlıq və nəqliyyat vasitələri trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması məsələsinə cavabdehdirlər. 
Pit və sıra düzülüşü marşalları hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri, tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir.
2016-cı il fevralın 16-da “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən təsis olunmuş Bakı Marşal Klubu marşallar arasında ünsiyyət və əlaqəni gücləndirmək, komanda ruhunu inkişaf etdirmək və üzvlər arasında güclü qarşılıqlı münasibətlər yaratmağı qarşıya məqsəd qoyub. 
Bakı Marşal Klubu, həmçinin, brendləşmə, promo, müxtəlif tədbirlərin təşkili, yerli və xarici marşallarla ünsiyyətin inkişaf etdirilməsi və Bakı Marşal Mərkəzinin faəliyyətinin həyata keçirilməsinə cavabdehdir.
Bakı Marşal Klubu ­marşallıq hərəkatını genişləndirmək və Azərbaycanda bu məşğuliyyət növünü inkişaf etdirmək kimi önəmli və məsuliyyətli missiyanı da öz öhdəsinə götürüb. Sevindirici haldır ki, Bakı Marşal Klubunun üzvləri ölkəmizdə təşkil olunumuş “Formula-1” Avropa Qran-prisi, 2017 “Formula-1” Azərbaycan Qran –prisində fəal iştirak etməklə yanaşı, digər ölkələrdə keçirilmiş nüfuzlu “Formula-1” yarışlarında da marşal kimi özlərini doğrultmuşlar.

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

13 2019 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə