Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın “feyk nyus” problemi və ya söz azadlığına zərbə

Paşinyanın “feyk nyus” problemi və ya söz azadlığına zərbə

Son günlər Ermənistanın  baş naziri Nikol Paşinyanın  “feyk nyus”—“saxta xəbər” bəhanəsi ilə yerli mediaya və sosial şəbəkəyə  hücum çəkməsi, feysbukdakı  bir satirik səhifə müəllifinin həbs edilməsi və “saxta xəbərlər”lə bağlı təhlükəsizlik xidməti orqanına müraciət etməsi  ekspertlər tərəfindən söz və mətbuat azadlığına zərbə, eləcə də  internet azadlığının pozulması kimi qiymətləndirilir.

Məsələ burasındadır ki, Paşinyan müxalif siyasi düşərgədə müarizə apararkən xalq onun siyasi fəaliyyətindən, çağırışlarından məhz Ermənistan kütləvi informasiya vasitələri, eləcə də sosial medianın köməyi ilə xəbər tuturdu. Necə deyərlər, Paşinyan  baş nazir postuna yüksəlməsinə  görə həm də məhz mediaya minnətdar olmalıdır. Baş nazir postuna seçilənə qədər istər ənənəvi mediadan, istərsə də , internet KİV və sosial şəbəkədən bəhrələnərək, “xalqın etimadını qazanmış”  Paşinyan bütün bunları unudur və artıq müstəqil medianı, azad fikir ifadə edən sosial şəbəkə səhifələrini belə özü üçün “təhlükə” hesab edir. Bunun nəticəsidir ki, baş nazir hökümətin iclasında   Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyana müraciət edərək ”Bəzi kriminal dairələr sosial şəbəkələrdə və KİV-də  ictimai rəylə manipulyasiya etmək üçün milyonlar xərcləyirsə,  bu artıq milli təhlükəsizlik məsələsidir. Ümid edirəm ki, sizin xidmət bu məsələdə konkret nəticələr əldə edəcək. Sosial şəbəkələrdə inqilab bayraqları ilə çıxış edən və zorakılığa çağırış edən feyk istifadəçilər də vardır”--deməsi bir neçə məqamı ortaya qoyur.

Birincisi, Ermənistanda baş vermiş inqilabda xalq Sarkisyan rejiminin özbaşınalıqlarına etirazlarını, küçələrlə yanaşı, sosial mediada da bildirmişdi, bu zaman əli azərbaycanlıların qanına batmış Sarkisyanın cinayətlərindən cana doymuş xalqın rəyinə heç bir qüvvə sosial media qədər təsir etmirdi. İkincisi, Paşinyanın “bəzi cinayətkar dairələr”ə eyham vurması, onun karyerasına təhlükə törədən məqamların olması ehtimalını artırır. Feysbukda inqilab şəkilləri olan istifadəçilərə gəlincə isə bu vətəndaşlar, əslində, Paşinyana ümid bağlayıb onu dəstəkləyən, daha sonra  onun siyasətindən narazı qalan vətəndaşlardır ki, öz fikirlərini sosial mediada ifadə edirlər. Necə deyərlər, Paşinyan onların gözlənti və arzularını doğrultmayıb.

Ekspert Samvel Martirosyan narahatlığını ifadə edərək bildirib ki, KİV   Paşinyanın bu göstərişinin qurbanı ola bilər: “Düşünürəm ki, Milli Təhlükəsizlik Xidmətinin (MTX) bu işlə məşğul olması doğru deyil. Polislərin bu işlərə müdaxiləsi kifayət idi. Hətta MTX belə Feysbuka müraciət edə bilməz ki, hansısa istifadəçi dezinformasiya dərc edir...”

İnformasiya Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan “panorama.am” saytına verdiyi açıqlamada baş nazirin media ilə bağlı qərarını tənqid edərək  bildirib ki, “bu cür formatda çıxışı qəbuledilməz hesab edir. Bu təhlükəli nəticələrə gətirib çıxara bilər.” Onun sözlərinə görə, hökumət mətbuata ünvanlanan üzrxahlıq kimi açıqlama ilə çıxış etməlidir ki, o, bu göstərişdə  KİV-i nəzərdə tutmayıb və  onlar ifadə etdikləri fikrə görə təhlükədə olmamalıdır: “Sözügedən mesaj isə barmaqla kobudcasına KİV-i  göstərmək deməkdir. Hökümətin birinci  rəsmi şəxsinin informasiyanın qarşısının alınması ilə bağlı göstərişini qəbuledilməz hesab edirəm.”

Göründüyü kimi, Ermənistan mediasında söz və mətbuat azadlığı təhlükə astanasındadır. Bunu ekspertlər də etiraf edirlər. Lakin maraqlı burasıdır  ki, insan haqları, söz və mətbuat azadlığı ilə bağlı daim məruzələr edən beynəlxalq təşkilatlar və siyasi dairələr bununla bağlı heç bir reaksiya bildirməyə tələsmir, susmağa üstünlük verirlər. Halbuki həmin “söz azadlığı” carçıları ölkəmizdə gedən müsbət dəyişiklik və inkişafa baxmayaraq, guya, ölkədə  media və söz azadlığının pozulması ilə  bağlı qərəzli  hesabat və yazıları tirajlayırlar.  Bu da, əslində, insan haqları kimi ali dəyərlərin artıq beynəlxalq təşkilatlar tərəfindən siyasi alətə çevrildiyinin və ikili standartların  bariz nümunəsidir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

11 2019 16:30 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin