Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xalq şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi, “Şərəf” ordenli şair Nəriman Həsənzadə ilə görüş təşkil olunub. Bu barədə Aİİ-nin mətbuat xidmətindən bildirilib.

Aİİ rektoru Ceyhun Məmmədov tədbiri açaraq, İnstitutda maarifləndirmə işinə, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, görüşlərin, “dəyirmi masa”ların təşkil edildiyini söyləyib. Görüşün məqsədinin gənc nəslin kitaba, ədəbiyyata marağını artırmaq olduğunu vurğulayan rektor, İnstitutda tanınmış qələm sahiblərinin, elm xadimlərinin, millət vəkillərinin gənclərlə görüşlərinin tez-tez təşkil olunduğunu qeyd edib.

Aİİ rəhbəri vətənpərvər ziyalı, tanınmış ictimai-siyasi xadim Nəriman Həsənzadəni ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, N.Həsənzadənin əsərlərində xalqın həyatı, ruhu, mənəviyyatı, düşüncələri dolğun əks olunub. Şairin Azərbaycan ədəbiyyatında xüsusi yeri, mövqeyi, yaradıcılıq dəst-xətti vardır.

Sonra Xalq şairi N.Həsənzadə gənclərlə görüşdən hər zaman böyük məmnunluq hissi keçirdiyini nəzərə çatdırıb və belə görüşlərin təşkil olunmasına görə İnstitut rəhbərliyinə  təşəkkürünü bildirib. Şair yaradıcılığının əsas istiqamətləri haqqında geniş məlumat verərək, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən bəhs edib.

N.Həsənzadə müasir cəmiyyətimizi əhatə edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb. Müasir ədəbiyyatın problemlərindən danışan şair ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib. Şair daha sonra vurğulayıb ki, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğ olunması, milli məsələlərimizin dünyaya olduğu kimi çatdırılması günümüzün vacib şərtlərindəndir.

Gənclərin suallarını cavablandıran qonaq gənclik illəri ilə bağlı maraqlı xatirələrini

bölüşüb və müxtəlif şeirlərini səsləndirib.

İnstitut əməkdaşlarının, müəllimlərin və tələbələrin iştirak etdiyi görüş

maraqlı diskussiya ilə davam edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

11 2019 14:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin