Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda heyvanlar arasında profilaktik peyvəndləmə aparılır

Lənkəranda heyvanlar arasında profilaktik peyvəndləmə aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Lənkəranda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Lənkəran Rayon Baytarlıq İdarəsinin 9 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Lənkəran Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də, 1520 kvadratmetr sahədə isə profilaktik dezinfeksiya tədbirləri görülüb.

2019-cu ildə “quş qripi”nə görə keçirilən 2 seromonitorinq zamanı götürülən nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.

Fevral ayından Lənkəran rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Mart ayının ilk günlərindən isə Lənkəran Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların peyvəndləmə tədbirinə başlanılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Lənkəran rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 14:39 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə