Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AŞPA-da Ermənistan heyətinə sərt və qətiyyətli cavab verildi

 AŞPA-da Ermənistan heyətinə sərt və qətiyyətli cavab verildi

AŞPA-da "Nifrət nitqi və dözümsüzlüklə mübarizədə siyasi liderlərin rolu və məsuliyyətləri" adlı qətnamə layihəsinin müzakirəsi zamanı AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva  Xocalı soyqırımı, azərbaycanlıların Ermənistandan – öz ata-baba torpaqlarından deportasiyasından danışıb və Avropanı Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıb:

”Bu gün müzakirə etdiyimiz mövzu Avropanın, ümumiyyətlə, dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Avropada irqi ayrıseçkilik, ksenofobiya, antisemitizm və nifrətin başqa formalarını yayan, təhrik edən, təşviq və bəraət verən ifadələrdən istifadənin artması ilə nifrət nitqi və dözümsüzlük artmaqdadır və bu bizim hamımızı ciddi narahat etməlidir. Avropada islamafobiyanın artması da bizim hamımızı ciddi narahat etməlidir. Qətnamə layihəsində islamafobiyanın artmasının da ciddi narahatçılıq doğurması xüsusi vurğulanmalı idi və rasizm, nifrət, anti-semitizm sözündən sonra əlavə edilməli idi. Təssüf ki, bunu görmürük”.

“Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam” – deyə çıxışına davam edən deputat əlavə edib: “Çox təssüf edirəm ki, Ermənistan heyətinin üzvü Zöhrabyan burada Azərbaycan haqqında yalan, yanlış məlumatlar verdi və nifrət dolu bir çıxış etdi. Xocalı soyqırımını törədən, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi olaraq onun buradan o insanlardan üzr istəməsi lazım idi. Təəssüf ki o hər zaman olduğu kimi bu gün də Assambleyada Azərbaycan əleyhinə yalan, böhtan məlumatlarla çıxış etdi. Mən başqa aspektdə danışacaqdım, amma bu çıxışdan sonra bəzi məlumatları sizinlə bölüşmək istəyirəm.

Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə və siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi olaraq 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı zorla öz doğma torpaqlarından çıxarılıb və Ermənistan monoetnik bir dövlətə çevrilib. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib və Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi məruzədə əksini tapan bütün məsələləri dəstəkləyir, üzv ölkələri bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram”.

Deputat  xüsusilə vurğulayıb ki, təmsil etdiyim Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkədir: “Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Azərbaycan dünyada Mədəniyyətlər və Sivilizasiyalararası Dialoqun güclənməsi istiqamətində bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib, bir çox beynəlxalq tədbirlərin keçilirilməsinin təşkilatçısı olub və bu istiqamətdə layhələrin sayı getdikcə daha da artır. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. Bu səbəbdən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır".

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 14:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə