Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaramalın qan-parazitar xəstəliyi olan teyleriozdan qorunması

Qaramalın qan-parazitar xəstəliyi olan teyleriozdan qorunması

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan teyleriozu törədən gənələrin aktivləşməsi başlayır.

Qeyd edək ki, teylerioz respublikanın aran rayonlarında, əsasən, aprelin ikinci yarısından oktyabrın axırına, dağətəyi rayonlarda isə mayın ikinci yarısından sentyabrın birinci ongünlüyünə qədər baş verə bilir. Xəstəlik ən çox may, iyun və iyul aylarında müşahidə edilir.

Teyleriozun keçiriciləri olan otlaq gənələri heyvandarlıq binalarında yaşamağa uyğunlaşmışlar. Gənələr ferma həyətlərdə çox vaxt divarların dibindəki məsamələrdə, kərpiclərin və peyin qalıqlarının altında toplanırlar.

Xəstəlik tipindən asılı olaraq kəskin formada 6—25 gün davam edir. Xəstəliyin ilk əlaməti dərialtı limfa düyünlərinin asimmetrik böyüməsi, heyvanın hərarətinin yüksəlməsi,  tükünün pırpızlaşması və əvvəlki parlaqlığını itirməsi, inəklərdə südün azalması, bəzən heyvanın tamam süddən kəsilməsi müşahidə edilir. Heyvanlarda iştahanın pozulması, mədə önlüklərinin atoniyası halları baş verir, ürək və ağciyərin fəaliyyəti pozulur.

Teylerioza qarşı profilaktiki mübarizədə əsas məqsəd piroplazmoz üçlük (keçirici kənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji «zənciri» qırmaqdan ibarətdir. Ən sadə və əlverişli üsul teyleriozu keçirən gənələrin, heyvan üzərində, heyvandarlıq binalarında və otlaqlarda məhv edilməsidir. Heyvan üzərindəki gənələr mexaniki (əl ilə) olaraq ilin bütün fəsillərində toplamaqla və xüsusi akarisid maddələr işlətməklə məhv edilir.

Heyvanda qan-parazitar xəstəliyi baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir. Heyvanlarda teyleriozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.

Təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər. 

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən teylerioza qarşı aparılan profilaktika və  müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 14:17 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə