Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdü

Əbülfəs Qarayev 5 aprel tarixində Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul etdi.

Nazir Əbülfəs Qarayev yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzuladı. O, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirdi.

Səfir Örl Litzenberger 2017-ci ilin fevral ayında Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin yenidən açılmasına dair iki ölkə arasında Anlaşma Memorandumunun imzalandığını, layihənin regionlarda yaşayan azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd etdi. Səfir Anlaşma Memorandumunun icra müddətinin 2020-ci ilin fevral ayında bitəcəyini xatırladaraq memorandumun yenidən imzalanmasının faydalı olacağını bildirdi.

Ə.Qarayev Amerika Guşələri layihəsinə böyük önəm verdiyini və Anlaşma Memorandumunun müddətinin uzadılmasında heç bir maneə olmadığını vurğuladı.

Nazir Azərbaycan mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyini, eyni zamanda ABŞ-ın mədəniyyət xadimlərinin Bakıda keçirilən Caz festivallarında çıxış etdiyini diqqətə çatdırdı.

Görüşdə, iki ölkə arasında muzey sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.

Daha sonra nazir Ə.Qarayev cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək ABŞ rəsmilərinin hər iki mötəbər tədbirə dəvət olunduğunu bildirdi və qarşı tərəfi tədbirdə fəal iştiraka dəvət etdi.

Səfir Örl Litzenberger dəvət üçün təşəkkürünü bildirərək məsələni diqqətdə saxlayacağını qeyd etdi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 12:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə