Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanda beynəlxalq festivalda çıxış edib

Hindistanda beynəlxalq festivalda çıxış edib

Əməkdar artist Təranə Əliyevanın rəhbərlik etdiyi "İnci" qrupu Fransa –Azərbaycan Dialoqu Assosiyasının təşkilatçılığı ilə Hindistanda keçirilən “World Sacred Spirit" festivalında Azərbaycanı təmsil edib. News24.az xəbər verir ki, festival Hindistanın Jodhpur şəhərində Naqaur və Mehrangah qalasında baş tutub. Festivalın birinci hissəsi Jodhpur şəhərindən 2 saatlıq məsafədə yerləşən Naqaur qalasındakı Royal Tenstdə, ikinci hissəsi isə Mehrangah qalasında keçirilib.

İnci qrupuna qanun ifaçıları Azərbaycan Respublikasının Əməkdar artisti Təranə Əliyeva ( rəhbər), Sədaqət Həsənova, Samirə Əliyeva və Zinyət Rəhimli daxildir. "İnci" qrupu festivalın açılış və bağlanış konsertlərində çıxış edib. Festival çərçivəsində "İnci" qrupu Naqaur və Mehrangah qalalarında solo konsertlərlə də çıxış edib.

Maraqlı proqramla çıxış edən qrup Mehrangah qalasında keçirilən konsertdə “Telli durnalar” türk qrupu ilə "Reyhan" mahnısını ifa ediblər.

"İnci" qrupunun repertuarında olan "Bayatı-Şiraz" təsnifi və Azərbaycan xalq rəqsi "Nəlbəki" uyğur əsilli, Fransada yaşayan rəqqasə Müqəddəs Mijitin rəqsi ilə müşayiət olunaraq böyük marağa səbəb olub. Həm açılış, həm də bağlanış konsertlərində rəqqasə Müqəddəs Mijit "Bayatı–Şiraz" təsnifini və ”Nəlbəki" xalq rəqsini "İnci" qrupu ilə birlikdə ifa edib. Azərbaycan musiqiçilərinin ifaları hindistanlı tamaşaçılar və qonaqlar tərəfindən alqışlarla qarşılanmış, kütləvi informasiya vasitələrində bu haqda məqalələr dərc olunub.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə bir sıra xarici ölkələrdə, o cümlədən İsveçrə, Fransa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstan və digər ölkələrdə Azərbaycan musiqisi uğurla təmsil olunub və özünə böyük auditoriya toplayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 11:56 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə