Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının çoxaspektli sosial siyasəti uğurla davam edir

Dövlət başçısının çoxaspektli sosial siyasəti uğurla davam edir

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa ünvanladığı təbrikində bildirmişdi ki, 2018-ci ildə 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilmiş və onlara təqdim edilmişdir. Bunun son illərdə rekord göstərici olduğunu vurğulayan ölkə başçısı əlavə etmişdi ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil ­verilmiş və bu siyasət 2019-cu ildə də davam etdiriləcək. 

Təbrik məktubundan ötən müddət ərzində Prezident İlham Əliyevin yürütdüyü genişmiqyaslı sosial-iqtisadi islahatlar hər bir vətəndaşın gündəlik həyatına müsbət təsir göstərməklə yanaşı, cəmiyyətin həssas təbəqəsinin, xüsusilə də məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin istifadəyə verilməsi bir daha sübut etdi ki, hər bir məcburi köçkünün rihafı diqqət mərkəzindədir və dövlət vətəndaşının daha yaxşı yaşaması üçün zəruri addımları bundan sonra da atacaq.


Bu, son hədd deyil


Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların problemləri davamlı şəkildə həll edilir, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, indiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınmış, bu kateqoriyadan olan 300 minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülmüşdür. Təkcə 2018-ci ildə 5800 məcburi köçkün ailəsinə mənzil, fərdi ev verilmişdir. Proses bu il də davam etdirilmişdir. 
Azərbaycan Gəncləri Gününə həsr olunmuş builki respublika toplantısında Prezident İlham Əliyev vurğulamışdır ki, sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrıldığını bildirən ölkə başçısı əlavə etmişdi ki, bu kateqoriyadan olan vətəndaşlarımız üçün şəhərciklər salınır, minlərlə ev tikilmiş və bundan sonra da tikiləcəkdir. 

Aprelin 5-də Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin növbəti qayğısının və himayəsinin şahidi oldu. Belə ki, Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksi sakinlərinin ixtiyarına verildi.
Bakı şəhərinin ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün Prezidentin 2011-ci ildə imzaladığı sərəncama əsasən çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi nəzərdə tutulmuşdu. Məhəllənin salınması üçün 15 hektar torpaq sahəsi ayrılmışdı. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilmişdi. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılmışdır. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilmişdir ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri – klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilmiş, istirahət parkı salınmış, uşaq meydançaları yaradılmış, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rabitə və ­televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilmişdir. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda paytaxtdakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqdır.


Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Göründüyü kimi, hər bir vətəndaşımızın rahat yaşaması üçün dövlət böyük işlər görür. Ölkəmizin inkişafı, insanların rifahının daha da yaxşılaşdırılması naminə Prezident İlham Əliyev tərəfindən özündə ən mütərəqqi niyyətləri daşıyan sosial-iqtisadi siyasət yürüdülür. Ölkə başçısı hər zaman çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayır ki, layiqli sosial siyasət Azərbaycan hökumətinin fəaliyyətinin ­prioriteti olaraq qalacaq. Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə bir daha vurğulamışdır ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir. Bu siyasəti ulu öndər həyata keçirirdi. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk şəhərcik salınmışdı. O vaxt Dövlət Neft Fondundan ilk ödəmələr məhz bu məqsədlər üçün istifadə olunmuşdu. O vaxtdan bu günə qədər 100-dən çox köçkün qəsəbəsi, şəhərciyi salınıb və köçkünlərin böyük hissəsi bu qəsəbələrdə yaşayır”. 
Məcburi köçkünlərlə görüşündə ölkə başçısı bir sıra vacib məsələlər barədə də danışmışdır. Sonuncu çadır şəhərciyinin 2007-ci ildə ləğv edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev xatırlatmışdır ki, o vaxta qədər köçkünlərimizin böyük əksəriyyəti çadırlarda yaşayırdı. “Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir. Onlar bu mənzillərə köçürülürlər. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub”, – deyən ölkə başçısı artıq bu prosesə start verildiyini bildirmiş və ilin sonuna qədər bu prosesin başa çatdırılacağına əmin olduğunu demişdir. 
Prezident İlham Əliyev iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsinin yeni evlərə köçürüləcəyi barədə mühüm məlumat vermişdir. “Doğrudan da, böyük işlərdir və orta hesabla bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq və öz məişət problemini həll edəcək”,– deyən ölkə başçısı bu məqsədlər üçün böyük vəsait ayrıldığını da nəzərə çatdırmışdır. Prezident İlham Əliyev görüşdə xüsusi olaraq vurğulamışdır ki, məhz uğurlu neft strategiyasının hesabına formalaşmış Dövlət Neft Fondu bu məqsədlər üçün böyük vəsait ayırmışdır və bundan sonra da ayıracaqdır: “Biz bütün məcburi köçkünlərin problemlərini həll etməliyik və edəcəyik”.

Şəffaflıq, ədalətli bölgü dövlət siyasətinin prioritetidir

Ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər, nəhəng layihələr respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır. Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşdə bildirmişdir ki, Cənub Qaz Dəhlizi layihəsinin gətirəcəyi gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcək: “Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir”. 
Bundan başqa, Azərbaycan Prezidenti verdiyi qərarların, imzaladığı sərəncamların həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcəyini də diqqətə çatdırmışdır. Bu yaxınlarda çox böyük sosial paketin təsdiqləndiyini xatırladan dövlət başçısı əlavə etmişdir ki, məcburi köçkünlərin müavinətləri də 50 faiz artmışdır. “Özü də biz bu məbləği bir neçə dəfə artırmışıq. Bu gün hər bir köçkünə verilən müavinət 50 faiz artıb. Bu, bizim köçkünlərə olan diqqətimizi əks etdirir”, – deyən Prezident İlham Əliyev digər sosial layihələrin də icra edildiyini demişdir. 

Prezident fəaliyyətinin təməlində xalqın dəstəyi dayanır

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi bir daha təsdiqlədi ki, hər bir məcburi köçkünün rihafı diqqət mərkəzindədir və dövlət öz vətəndaşının daha yaxşı yaşaması üçün zəruri addımları bundan sonra da atacaq. Qeyd etmək yerinə düşər ki, ölkə başçısı ötən il prezident seçkilərində xalqa verdiyi vədi yüksək səviyyədə yerinə yetirməkdədir və hər bir azərbaycanlı bu müsbət təsiri öz gündəlik həyatında hiss edir. Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə də demişdir ki, xalqın dəstəyi həmin vədləri yerinə yetirməyə imkan verir: “Keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni, ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu ­prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi”. 
Ölkə başçısı hələ ağır vəziyyətdə yaşayan köçkünlər məsələsinə toxunaraq bildirmişdir ki, onların da problemləri həll olunacaq: “Onlar da növbə ilə öz yaşayış şəraitini yaxşılaşdıracaqlar. Bunu etmək üçün bizim iradəmiz var və biz bunu edəcəyik”.
Bir sözlə, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Həyata keçirilən çoxaspektli islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənmişdir. Bu il Prezident Sarayında şəhid ailələri ilə keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev demişdi ki, Azərbaycan xalqına xidmət etmək onun üçün böyük şərəfdir: “Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”. Prezidentin bu fikirləri xalqa xidmət nümunəsinin parlaq təzahürüdür. Dövlətimizin başçısının son qərarları və yürütdüyü sosial-iqtisadi siyasət sosial müdafiəyə ehtiyacı olan vətəndaşların daim diqqət mərkəzində olduğunu göstərir. Əlbəttə, bütün bu addımlar, “xalq – Prezident” birliyini daha güclü və sarsılmaz edir. Ölkə başçısının istədiyi də məhz budur!

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

 

 

6 2019 23:19 -
18 May 2019 | 22:29
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə