Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 145 Bakı şəhəri, 2 aprel 2019-cu il
 
Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 151 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Sürücülük vəsiqəsinin təsviri” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Sürücülük vəsiqəsinin spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin. 
5. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 
 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 2 aprel

tarixli 145 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

Sürücülük vəsiqəsinin

 

T Ə S V İ R İ

 

Motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün sürücülük vəsiqəsinin təsviri

 

1.1. Motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün sürücülük vəsiqəsi (bundan sonra - vəsiqə) 85,60 mm x 53,98 mm ölçüdə olur.

1.2. Vəsiqənin üz tərəfinin:

1.2.1. yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında “AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında “SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində “Republic of Azerbaijan” və “Driving licence” sözləri yazılır. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunur;

1.2.2. orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin III hissəsinə uyğun olaraq vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunur. Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılır.

1.3. Vəsiqənin arxa tərəfinin:

1.3.1. sol tərəfində - 1. Soyadı/Surname, 2. Adı və atasının adı/Name and patronymic, 3. Doğulduğu tarix və yer/Date and place                of birth, 4a. Vəsiqənin verildiyi tarix/Date of issue, 4b. Etibarlıdır/Date of expiry, 4c. Vəsiqəni vermiş qurumun adı/İssuing authority name,                  4d. Fərdi identifikasiya nömrəsi/Personal identification number,                    5. Vəsiqənin nömrəsi/Licence number, 6. Fotoşəkil/Photo,                               7. Vəsiqə sahibinin imzası/Signature of the holder, 8. Yaşayış yeri/Place of residence, 9. Kateqoriyalar (altkateqoriyalar)/Categories (subcategories), 10. Verildiyi tarix/Date of issue, 11. Etibarlılıq müddəti/Date of expiry, 12. Əlavə məlumat və ya məhdudiy-yətlər/Additional information or limitations, 14. Digər qeydlər/Other information sözləri yazılır;

1.3.2. sağ tərəfində sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur, 9 nömrəli sütunda kateqoriyalara (altkateqoriyalara) və hər bir kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin növlərini bildirən piktoqramlar göstərilir. Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulmuşdur.

1.4. Vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

1.5. Vəsiqədə Azərbaycan Respublikasının Dövlət bayrağı və xəritəsi, fon şəkli olaraq Azərbaycan Respublikasının Dövlət gerbi, tarixi abidələri və milli naxışları təsvir olunur.  

   

           

 

____________________

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 2 aprel

tarixli 145 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

 

Sürücülük vəsiqəsinin

 

S P E S İ F İ K A S İ Y A S I

 

Motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri,

tramvayları və trolleybusları idarə etmək üçün

sürücülük vəsiqəsinin spesifikasiyası

 

1.1. Motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün yeni sürücülük vəsiqəsi kartları aşağıdakı minimal xüsusiyyətlərə malikdir:

1.1.1. “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir;

1.1.2. sürücülük vəsiqəsi kartının ölçüləri - İD-1 formatlı 85,60 mm x 53,98 mm ölçülü, laminasiya olunmamış halda kartın qalınlığı - 0,76 mm, dəyirmi künclərin radiusu bütün künclər üzrə bərabər             olmaqla - 3,18 mm intervalındadır;

1.1.3. vəsiqənin elektron daşıyıcısı (çipi) məlumatların yazılmasını və oxunmasını təmin edir. Elektron daşıyıcı (çip) 64 kilobaytdır və uzunmüddətli hökumət sənədləri üçün modul texnologiyasında induktiv qoşulmanın xüsusi versiyasına uyğun gəlir;

1.1.4. “İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” beynəlxalq standartların tələblərinə cavab verir (“A” tipli və ya “B” tipli təmassız kart);

1.1.5. NFC (Near Field Communication - Yaxın Sahədə Kommunikasiya) təhlükəsiz kommunikasiya texnologiyasını tam dəstəkləyir;

1.1.6. “FİPS 140-2” kriptoqrafik modullar üzrə kompüter təhlükəsizliyi standartını ən azı “Səviyyə 2” həddində dəstəkləyir;

1.1.7. təhlükəsizlik alqoritmləri və parametrləri üzrə “ETSİ SR 002 176” standartlarını dəstəkləyir və RSA üçün ən azı 1024 bit, AES üçün ən azı 128 bit, DSA elliptik əyrilər üçün ən azı 160 bit açar uzunluğunu dəstəkləyir;

1.1.8. ən azı “Secure Hash Algorithm SHA - 2” biristiqamətli təhlükəsiz heş alqoritmini dəstəkləyir;

1.1.9. sürücülük vəsiqəsi kartının materialı uzunömürlülük və dözümlülük baxımından yüksəkkeyfiyyətli xüsusi təyinatlı materialdan hazırlanır, xüsusi qoruyucu təbəqə çəkilməklə yazılar etibarlı şəkildə mühafizə olunur;

1.1.10. ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, “Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) “göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, “Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 “buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir.

 

 

____________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 2 aprel

tarixli 145 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

3 nömrəli əlavə

 

 

Sürücülük vəsiqəsinin

 

N Ü M U N Ə S İ

 

Motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri,

tramvayları və trolleybusları idarə etmək üçün

sürücülük vəsiqəsinin nümunəsi

 

                       Üz tərəfi

 

 

                       Arxa tərəfi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə