Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaqif Şadlinski beynəlxalq elmi jurnalın redaktoru təyin edilib

Vaqif Şadlinski beynəlxalq elmi jurnalın redaktoru təyin edilib

 Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssislərinin beynəlxalq miqyasda uğurları artmaqdadır. Bu günlərdə ATU-nun təmsilçisi növbəti uğura imza atıb. Belə ki, universitetin insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Vaqif Şadlinski nüfuzlu beynəlxalq elmi jurnalın baş redaktorunun müavini təyin edilib.

   “Neurology and Neuroscience Reports” adlı jurnal nevrologiya və neyroelmlər sahəsində elmi araşdırmalar, yeniliklərin təqdim olunduğu beynəlxalq resenziyalı jurnaldır. Bu nəşr qeyd olunan sahələr üzrə bütün dünyadan olan müəlliflərin məqalələrinin operativ çapını təşkil etmək üçün orijinal bir platformadır.

   Jurnalda dərc olunan məqalələrdə nevrologiya və neyroelmlərlə bağlı bütün yeniliklər, aktual mövzular, praktiki kliniki nəticələr yer alır. Jurnalda yer alan hesabatlar çərçivəsində həm əlyazmalar, həm tədqiqat işləri, eyni zamanda qısa məlumatlar, kitablara yazılmış rəylər və redaksiyaya göndərilmiş məktublar dərc olunur. Bu hesabatlar elmi tədqiqatçılarla yanaşı, gənc nevroloqlar və tələbələr üçün də böyük əhəmiyyət kəsb edir. Peşəkarlar burada neyrofiziologiya, degenerativ nevrologiya, cərrahi reabilitasiya və tibbin bu sahəsinə aid digər müasir metodlar haqqında maraqlı rəylər, elmi işlərlə tanış ola bilirlər.

   Jurnalın redaktorları sırasında azərbaycanlı professor Vaqif Şadlinskinin adının da yer alması Azərbaycan elminin dünyada artan nüfuzunun növbəti göstəricisidir. Azərbaycan Tibb Universitetində çalışan yüksək ixtisaslı peşəkarların adlarının dünya miqyaslı alimlərlə birgə çəkilməsi bir daha bu ali məktəbin beynəlxalq uğurlarının artdığını nümayiş etdirir.

 

Z.BƏŞİRQIZI,
”Xalq qəzeti”

4 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə