Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ömrün hünər zirvəsi

Milli Qəhrəman polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə

“Ölümün insana başucalığı gətirə biləcəyini bilmirdim. Mənalı ömür, şərəfli ölüm hər kəsə nəsib olmayan bir zirvəymiş. Həyatda elə uca dəyərlərimiz var ki, Aprel döyüşlərinin şəhid qəhrəmanı Murad Mirzəyev onu canından üstün tutdu. Artıq üçrəngli bayrağımıza baxanda belə qəhrəmanları görürük, himnimizi eşidəndə onların hünərini yad edib qürurlanırıq. 
Aprel döyüşlərində ordumuzun qazandığı qələbədən sonra yol keçən bir əsgəri bağrımıza basmaq istəyirik. Getdiyimiz tədbirlərdə, oxuduğumuz qəhrəmanlıq hekayələrində indi hamı onlardan danışır. Sosial şəbəkələrdə hamı Aprel döyüşlərinin qəhrəmanlarının hünərini paylaşır...” 
2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümündə Türkiyənin İzmir şəhərindən Azərbaycan sevdalı dostumuz Asif Qurbandan aldığımız məktub bu sətirlərlə başlayır. Məktubda Aprel döyüşlərinin qəhrəmanlarından birinin – Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin həyat yolundan danışan bir məqalə də əlavə edilib. Həmin yazını oxucularımıza təqdim edirik.

Polkovnik-leytenant Murad Mirzəyev kim idi? 


Bir gün Murad haqqında yazacağımı nəinki düşünməmişdim, heç ağlıma da gətirməmişdim. Demək ki, qismətdə bu da varmış. Bu da Allahın ona bəxş etdiyi, hər kəsə nəsib olmayan əbədi qəhrəmanlıq, şəhidlik zirvəsi, alın yazısıymış demək... 
Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində sadə bir ailədə dünyaya göz açmış, ilk təhsilini də elə orada almışdı. 1990-cı illərin əvvəlində ölkədə baş verən hadisələrə Murad da biganə qala bilmədi. Vətənin ağır günündə hərbçi olmağı özünə borc bilmişdi. Ailə bu arzunu tərəddüdlə qarşıladı, lakin o nəyin bahasına olursa-olsun, hərbi təhsil almağı, yeni qurulan ordumuzda zabit olmağı, generala qədər yüksəlməyi, Vətəninə, xalqına layiqincə xidmət etməyi qərara almışdı... Onun bu iradəsi qarşısında valideyinlərinin deyəcəyi söz qalmamışdı. 
Murad qoç bürcündə doğulmuşdu. Ad günü 31 marta – Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyindən qeyd etməzdi. Şəhid olduğu 3 aprel tarixindən 3 gün öncə 40 yaşı tamam olmuşdu. Ailə üzvüləri, qohum-qardaşları da onu hər il iyun ayının 26-da – Azərbaycan Silahlı Qüvvələri Günündə təbrik edirdilər. Muradın əsl bayramı da, elə ad günü də məhz bu tarixdə olurdu... 


Hərbi lisey, sonra Türkiyədə hərbi ali təhsil


1991-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olanda illərdir xəyalında qurduğu həyat başlamışdı, sanki... Təhsil illəri Birinci Qarabağ müharibəsinə təsadüf etdiyindən 1992-ci ildə Vətənin müdafiəsi üçün, Ağdam cəbhəsində düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq hərbi komissarlığa müraciət etmişdi. Lakin yaşının yetərli olmaması ilə əlaqədar müraciəti qəbul edilməmişdi və təhsilinə davam etməsi tövsiyə olunmuşdu. Beləcə, 1994-cü ildə xüsusi liseydə yüksək dərəcə ilə ilk hərbi təhsilini tamamlamışdı. 
Murad Mirzəyev 1994-cü ilin iyun ayında Türkiyə Ali Hərbi Quru Qoşunları Məktəbinə daxil olmuş və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə birinciliklə bitirmişdi. Zabit diplomunu və xatirə “Qılınc və məzun üzüyü”nü o zaman Murada ümummilli lider Heydər Əliyev və Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl təqdim etmişdi. 600 nəfər yerli və əcnəbi hərbçi məzun arasından Murad birinci seçilərək “Onur naşkanı” təyin olunmuşdu. 1998-ci ilin sentyabrından “Eyirdir dağ komando” məktəbində 3 aylıq kurs keçmiş, 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən “Tuzla piyada məktəbi”ndə yeni kursa göndərilmiş və həmin ilin iyul ayında kursu müvəqqətiyyətlə bitirmişdi. 1999-cu ilin iyul ayından Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqadasında taqım komandiri vəzifəsində xidmət etmişdi. Yaxın qohumları, hətta həyat yoldaşı Fizzə xanım da Muradın Türkiyə ordusunda xidmət etməsindən o, şəhid olduqdan sonra tərcümeyi-halını oxuyarkən öyrəniblər. 


Xarici ölkələrdə hərbi kurslarda 


11 aprel 2016-cı il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəhid pilotlar və Murad Mirzəyevlə keçirilən vida mərasimində Muradın həyat yolu, xidmət etdiyi illər boyu yüksəlişdə olması və Vətənə qüsursuz xidmət etməsi xüsusilə vurğulanmışdı. O, 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Müdafiə nazirinin əmrinə əsasən motoatıcı taqım komandiri, 1999-cu ilin dekabr ayından kəşfiyyat bölüyündə kəşfiyyat taqım komandiri vəzifəsində xidmət etmişdi. 2000-ci ildən 2016-cı ilədək xüsusi təyinatlı qrup komandirinin müavinliyindən xüsusi təyinatlı hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlmişdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Qüsursuz xidmətə görə” (2 dəfə), “Hərbi xidmətdə fərqlənməyə görə” (2 dəfə), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalı” (3 dəfə) olmaqla 7 fəxri medalla təltif edilmişdi. 
Murad Mirzəyev 2005–2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş “Ranger” kursunda hərbi təhsil almışdı. Qeyd edək ki, xüsusi təyinatlılar üçün nəzərdə tutulan “Ranger” müasir hərbin ən ağır təlimli və ən çətin kurslarından hesab edilir. Murad təlim nöqtələrində normativləri amerikalı və ingilislərdən də cəld yerinə yetirərək, bu çətin kursu müvəffəqiyyətlə bitirən ilk və yeganə azərbaycanlı olmuşdu. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən hərbi kurslarda iştirak etmiş və təlimləri üstün dərəcə ilə başa vurmuşdu. Xidmətləri daim Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilmişdi. 
2–5 aprel 2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Murad Mirzəyev döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərmiş, komandiri olduğu hərbçilərlə birlikdə yüzlərlə ermənini məhv etmiş və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.


Biz səni təkcə Murad adı eşidəndə xatırlamayacağıq...


Həyatda elə insanlar var ki, qısa ömründə böyük dastanlara sığası işlər görür, hünər göstərirlər... Murad da 40 illik ömrünə belə şanlı səhifələr yazılmış nadir və seçilmiş insanlardan idi... Özündən sonra gələn nəsillərə vətənpərvərlik, igidlik, qəhrəmanlıq amalını ərməğan etdi.
Bu gün Muradı qəlbində, xatirələrində daim yaşadacaq həyat yoldaşı Fizzə, Vətənə yadigar qoyub getdiyi övladları Nurlan və Dəniz, onları heç vaxt yalnız qoymayacağına and içmiş yaxınları və ən əsası Azərbaycan xalqı və dövləti var. 
Sən gedəndən sonra evindən qonaq-qaran heç çəkilmədi. Fizzəni, Nurlanı, Dənizi sənə söz verdiyimiz kimi yalnız qoymuruq. Həqiqət xanım, Səlim müəllim artıq sənin evinin daimi sakininə çevrildilər...Övladların hələ də yolunu səbirsizliklə gözləyir, hey səndən danışırlar. Hər telefon zəngi gələndə “Ana, bəlkə, atamdır” – deyə ürəyimizi parçalayırlar, hələ də özümüzdə cəsarət toplayıb onlara sənin əbədiyyətə qovuşduğunu deyə bilməmişik... 
İndi Murad Mirzəyev gənclərimiz üçün, gələcəyimiz üçün vətənpərvərlik nümunəsidir. Həyatda ən ali məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi idi. Murad şəhid olana kimi bir ailənin qəhramanıydı, indi bütün Azərbaycan xalqının, millətinin qəhramanına çevrilmişdir. Qəhramanımızla keçirilən vida mərasimi də, Fəxri xiyabanda dəfn olunması da dövlətimizin Murada verdiyi layiqli qiymətin bariz nümunəsidir. Dəfn mərasimində bir daha şahidi olduq ki, xalq öz qəhrəmanını qəbul etmiş, onu öz oğlu, qardaşı, balası kimi bağrına basmışdır. 
Məzarında rahat yat, əziz qardaşım, gözün arxada qalmasın, cənab polkovnik, sənin yadigarların artıq bu Vətənə əmanətdir. Biz səni, sadəcə, Murad adı eşidəndə xatırlamayacağıq. Biz Tərtər, Ağdərə, Laçın, Şuşa, Qarabağ, üçrəngli Azərbaycan bayrağı, Vətən, Azərbaycan sözlərini hər eşidəndə səni xatırlayıb yad edəcəyik...
Qısa, lakin çox mənalı ömründə yaddaşımıza xoş xatirələr yazdığın üçün, bizlərə belə bir fəxarət hissini yaşatdığın, ordumuzun başını uca etdiyin üçün xalqımızın əbədi ehtiramını qazanmısan. Sən həmişə söyləyirdin: “Mən bir gün Vətən uğrunda şəhid olsam, başınızı dik tutun, sadəcə, “Vətən sağ olsun” deyin!” Cənab Milli Qəhrəman, cənab polkovnik Mirzəyev, indi biz də belə deyirik: Vətən sağ olsun!

 

Maqsud HƏSƏNOV

 

 

 

2 2019 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə