Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifətin mitinqbazlıq mərəzi

Özlərinə demokratik qüvvələrin “Milli Şura”sı yarlığını yapışdıran müxalifətin radikal kəsimi yenə mitinq həvəsinə düşüb. Guya xalqın qeydinə qalan bu tribuna aşiqləri “sosial problemləri” həll etmək üçün 2-3 min tərəfdarını stadiona toplamağa çalışırlar. Əslində, dövlətin uğurlu sosial-iqtisadi siyasətinin kölgəsində itmiş bu əbədi ifratçıların məqsədi başqadır: hay-küy salmaqla “vətəndaşların hüquqları uğrunda mübarizə” imitasiyasını yaratmaq və xaricdəki havadarlarından aldıqları qonorarların “halallığını” təsdiqləmək. Radikalların başında dayanan siyasətbazların təlxəkliyi Azərbaycan cəmiyyətində istehza ilə qarşılanır. 

Fransız dramuturqu Adrian Dekurselin müxalifət haqqında özünəməxsus fikirləri var idi. Yetmişədək vodevil (Fransa feodalları arasındakı eybəcər şəxsləri lağa qoyan xalq satirik mahnılarının adı) müəllifi kimi tarixə düşən bu fransız mütəfəkkiri deyirdi ki, müxalifət tez-tez siyasi deyingənlikdən başqa bir şey bilmir. Həqiqətən də, Azərbaycanda uzun illərdir müxalifətin radikal kəsimini zəbt etmiş siyasətbazların son “fəaliyyətlərinin” mahiyyətində məhz deyingənlik dayanır. Ölkəmizdə böyük quruculuq işləri gedir, sosial siyasət özünün yeni inkişaf mərhələsinə daxil olub. Cəmiyyətin qarşılaşdığı istənilən problemin qısa zamanda həllinə çalışılır, vətəndaş-məmur münasibətləri keyfiyyətcə yeni müstəviyə daşınır və bütün bu müsbət prosesin fonunda radikallar boğazdan yuxarı danışaraq yalan və maksimalist vədlər verməklə özlərini gündəmdən salmamağa çalışırlar. Ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımi gücün, qüdrətin sahibi olmasını həzm edə bilməyən “Milli Şura” pozuculuq ənənəsinə sadiq qalaraq kənd stadionuna sığacaq qədər tərəfdarını küçələrə səsləməyə can atır.
ABŞ dövlət xadimi və diplomat Benjamin Franklin yazırdı ki, həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. Radikal müxalifət uzun illər ərzində bu sadə həyat həqiqətini anlamaqdan vaz keçərək, boş-boşuna havada yumruq oynatmaqla məşğuldur. Pozucu, dağıdıcı, destruktiv qüvvələr bütövlükdə müxalifət adından danışmağa, onun funksiyasını özününküləşdirməyə çalışır və aqressiv davranış tərzi nümayiş etdirirlər. Radikal müxalifətdə olan insanlar Qərbdən olan sponsorlarının yardımı ilə Azərbaycandakı stabilliyi pozmaq istəyirlər. Bu şəxslərin Azərbaycanın milli maraqlarına zidd hərəkət etdikləri heç kəsə sirr deyil. Sosial dayaqlarını çoxdan itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Köhnəlmiş şüarlarını azsaylı tərəfdarları qarşısında səsləndirən radikal müxalifət başçıları belə anlamsız davranışları ilə gündəmə gəlmək istəyirlər. Xalqın birmənalı etirazı ilə qarşılaşan radikallar formal mövcudluqlarını saxlamaq üçün xaricdəki bəzi bədxah qüvvələrlə işbirliyinə gedir və antiazərbaycan hərəkətlərini davam etdirirlər. İllüziyalarının əsirinə çevrilmiş radikal müxalifətin son mitinq keçirmək arzusunu da ölkədə sürət götürmüş inkişafa qara yaxmaq istəyindən başqa ad vermək mümkün deyil. 
Bu, bir faktdır ki, müxalifətin radikal kəsimi də dağınıq vəziyyətdədir. Müxtəlif qruplarda birləşən bu şəxslərin amal və niyyətləri də fərqlənir. Siyasi ambisiyalarının önündə qaçan deyingən radikallar azsaylı tərəfdarlarını bir yerə toplamaqda belə yarışa giriblər. Əlbəttə, belə yarışma sağlam siyasi mübarizənin nəticəsi deyil, radikal müxalifət partiyalarında kök salmış başçıların “lider mənəm!” hikkəsinin bəhrəsidir. AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı Arif Hacılı arasında birincilik uğrunda gedən mübarizə heç kimə sirr deyil. Reneqatlar dəstəsinin liderlik yarışına girməsi və mitinq məsələsində belə ortaq məxrəcə gələ bilməməsi siyasi qüvvələr kimi AXCP və Müsavat Partiyasının iflasının bariz nümunəsidir. Bununla yanaşı, radikal müxalifətin dəyişməyən bolşevizm təfəkkürünün nəticəsidir ki, bu gün xalq onlara qarşı haqlı olaraq etiraz edir və antiazərbaycan addımlarını pisləyir. Siyasi mədəniyyət kasadlığının olması və vətəndaşın real problemləri ilə yox, gələcək qonorarlarını təmin etmək istəyi onların ictimai qınaq obyektinə çevrilməsini də şərtləndirir. 
Gün kimi aydındır ki, xalq bu antiazərbaycan ünsürlərin arxasınca getmir. Bir qrup adamın sosial şəbəkələrdə mitinqöncəsi təbliğatla məşğul olmasının da bir işə yaramayacağı məlumdur. Çünki radikal müxalifətin sosial bazası yoxdur, tam tükənib. Mənasız və hədəfsiz çağırışlara da cəmiyyət əhəmiyyət vermir. Fiasko alınlarına yazılmış radikal müxalifətə ən layiqli cavabı Azərbaycan dövlətinin vətəndaşının real problemlərini həll etməsi və gündən-günə artan həyat səviyyəsini göstərmək olar. Rüsvay olunmağa alışmış radikal müxalifətin bu gerçəyi anlaması, həzm etməsi, əlbəttə ki, çətin deyil. Radikal müxalifətə birləşmiş marginal qruplar isə, görünür, bu reallığı həzm etmək qabiliyyətini çoxdan itirib.

 

“Xalq qəzeti”

2 2019 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə