Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin humanist addımı böyük razılıqla qarşılanıb

“Diqlas” ticarət mərkəzində yanğından zərərçəkmiş vətəndaşların problemləri diqqət mərkəzindədir

Martın 26-da Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş güclü yanğın ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdur. Xüsusilə də vətəndaşları yanğın nəticəsində dəymiş maddi ziyan məsələsi narahat edirdi. Vəziyyəti qəlizləşdirən əsas məsələ də bundan ibarət idi ki, yanmış ticarət mərkəzinin binası və sahibkarların əmlakı sığortalanmamışdı. Praktikada sığorta şirkətləri ancaq sığortalanmış hadisə və maddi ziyana görə ödənişlər edir. Lakin Azərbaycan Prezidenti İlham Əliyev yanğın nəticəsində ciddi maddi zərər görmüş vətəndaşlarının harayına biganə qalmadı. O, dəhşətli yanğından maddi itkilərə məruz qalmış insanlara yardım edilməsi barədə göstəriş verdi. 

Azərbaycan bir çox mənalarda unikal ölkədir. Xüsusilə də təbii fəlakətlərin fəsadlarından əziyyət çəkən vətəndaşlara göstərdiyi böyük yardımlara görə Azərbaycan dövləti çox fərqlənir. Prezident İlham Əliyev “Real” TV-yə müsahibəsində bildirmişdi ki, bütün çətin anlarda dövlət vətəndaşın yanındadır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq”. 
Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində sığortalanmamış mülk və obyektlərin dağılması və ya ciddi ziyan görməsi nəticəsində yaranmış böyük maddi itkilər hökumət tərəfindən qarşılanmır və bir çox hallarda vətəndaş öz problemləri ilə baş-başa qalır. Lakin Azərbaycan dövləti humanizm dəyərlərinə böyük hörmətlə yanaşaraq,vətəndaşının qayğılarını diqqət mərkəzində saxlayır, bu və ya digər səbəblərdən ciddi maddi zərbə almış insanlara hərtərəfli yardım göstərir. 
Bu dəfə də belə oldu. Prezident İlham Əliyev “Diqlas”dakı yanğınla bağlı müşavirə keçirdi və zəruri göstərişlərini verdi. Dövlət başçısı Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirmişdir. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd etmişdir ki, onlar iş yerlərini, əmlaklarını itirmiş, ciddi maddi ziyana düşmüşlər. Bundan başqa, Prezident İlham Əliyev vurğulamışdır ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır. Azərbaycanın güclü sosial siyasət apardığını vurğulayan dövlət başçısı əlavə etmişdir ki, bu ilin əvvəlində ciddi sosial paket təsdiqlənmişdir və sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunmuşdur. Bu təşəbbüsün dünyada bənzəri olmadığını deyən Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini də açıqlamış və martın 29-da “Diqlas” ticarət mərkəzində fəaliyyət göstərmiş sahibkarlara maddi yardım üçün 2019-cu ilin dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılmasını nəzərdə tutan sərəncam da imzalamışdır. 
Artıq Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidenti sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış işçi qrupu fəaliyyət göstərir. Martın 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında keçirilən qəbulda sahibkarların problemləri, onlara dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilmiş, baş vermiş hadisə ilə əlaqədar fəaliyyətlərinin bərpa edilməsində yaranmış çətinliklər və bu istiqamətdə görülməsi zəruri olan işlər müzakirə olunmuşdur. İşçi qrupu tərəfindən indiyədək 441 sahibkar fərdi qaydada qəbul edilmiş və 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğu bildirmişdir. Artıq sahibkarlarla işlərə başlanılmışdır. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində ümumi sahəsi 30 min kvadratmetr olan 680-ə yaxın ticarət obyekti təklif olunmuşdur. İqisadiyyat naziri Şahin Mustafayev bunun kifayət qədər ciddi dəstək olduğunu açıqlamışdır. Onun sözlərinə görə, bundan sonra digərlərindən fərqli olaraq, yanğından zərər görmüş sahibkarlar 20 faiz aşağı icarə haqqı ödəməklə işləyəcəklər. Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12,4 min kvadratmetr olan ticarət obyektlərinə ehtiyac olması barədə müraciət etmiş və bu istiqamətdə işlərə başlanılmışdır. 
Ümumiyyətlə, cari il Azərbaycan dövləti bir sıra güclü sosial xarakterli qərarlar qəbul etmişdir. Dünyanın heç bir ölkəsində rast gəlinməyən addıma imza atmaqla Azərbaycan mütərəqqi və vətəndaşını düşünən ölkə kimi bütün dünyaya səs salmışdır. Söhbət problemli kreditlərdən gedir. Martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Prezident İlham Əliyev demişdi ki, Azərbaycanın iqtisadi imkanları yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Həmin görüşdə dövlət başçısı iqtisadi islahatların sosial sahədə çox ciddi addımlar atılmasına imkan verdiyini açıqlamışdı: “Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. “Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır”. Dövlət başçısı əlavə etmişdi ki, digər sosialyönümlü addımlar, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzalanmış fərman 800 min insanı əhatə edir. Xüsusilə qeyd olunmalıdır ki, bu fərmanın dünyada analoqu yoxdur. Dövlət başçısı həmin fərmanı çox ciddi bir sosial təşəbbüs kimi qiymətləndirərək bildirmişdir ki, bu addımla dövlət öz vətəndaşının yanında olduğunu bir daha göstərmişdir. 
Bir sözlə, Azərbaycan hökuməti özəl şirkətə məxsus binanın yanması nəticəsində ciddi maddi zərərlə qarşılaşmış sahibkarların böyük problemlərlə üz-üzə qalmalarına imkan verməyərək, qısa zaman kəsiyində zəruri addımlar atmağa başlamışdır. Bununla yanaşı, Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını vermiş və bildirmişdir ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. 
Azərbaycan Prezidenti bir daha vurğulamışdır ki, dövlət sahibkarların yanındadır və yanğından zərərçəkmiş insanlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək. Əlbəttə, dövlət başçısının tapşırığı ilə cəmiyyətdə narahatlıq doğuran problemlər öz həllini tapır və vətəndaşın rihafının yaxşılaşmasına yönəlmiş bu siyasət bundan sonra da davam etdiriləcək. 

 

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

2 2019 23:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə