Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid hərbçilərimizlə bağlı layihəyə yekun vuruldu

Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətimizə tanıdılması” adlı layihə həyata keçirilib. Bununla bağlı əvvəlcə Ağdam, Bərdə və Tərtər rayonlarında gənclərlə görüşlər keçirilib.

Daha sonra isə görüşlər Nərimanov rayonunun 39 nömrəli və Nəsimi rayonunun 151 nömrəli tam orta məktəblərində keçirilib. Mərasimlərdə həmin məktəblərin direktorları Tahirə Şükürova, Kifayət Tanrıverdiyeva, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyinin sədr müavinləri ehtiyatda olan polkovniklər Hikmət Ağayev, Həsən Əmirov, 2016-cı il aprel döyüşlərinin iştirakçıları, ehtiyatda olan baş leytenant Loğman Məmmədov, gizir Elməddin Ağayev iştirak ediblər.
Görüşlər şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütla və Dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin gənclər arasında təbliğ olunmasından və onlarda vətənpərvərlik ruhunun artırılmasından ibarətdir. 
Layihə rəhbəri daha sonra şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açaraq bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq son 15 ildə müharibə əlillərinin, şəhid ailələrinin eləcə də bu kateqoriyadan olan digər insanların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalanıb, bu siyasət eyni ardıcıllıqla hazırda da davam etdirilir. 
Digər çıxış edənlər keçdikləri döyüş yolundan, şəhidlərimizin qəhrəmanlıqlarından, o cümlədən, Azərbaycan Ordusunun qüdrətindən danışaraq bu kimi tədbirlərin mütəmadi keçirilməsinin gənclərimiz arasında vətənpərvərlik ruhunun artırılması işinə mühüm töhfə olduğunu bildiriblər. 
Tədbirlər məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya və sənədli filmin nümayişi ilə yekunlaşdırılıb. 
Sonda layihə çərçivəsində hazırlanmış bukletlər görüş iştirakçılarına paylanılıb.

 

“Xalq qəzeti”

2 2019 23:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə