Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB ön cəbhədə olub

“Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin və Tərtər Rayon Icra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayonun N saylı hərbi hissəsində əsgər və hərbçilərlə görüş keçirilib. Əsgər və hərbçilər qarşısında çıxış edən  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri Qənirə Paşayeva əsgər və zabitlərə ən xoş arzularını bildirib. Milli Məclisin deputatı deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır.

“Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək",- deyib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və “Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova əsgərlərə vətənimizin keşiyində daim məğrur durmalarını arzu ediblər.

Q.Paşayeva əsgər və zabitlərə müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib. Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

Tədbirdə şəhid analarının və şəhid ailələrinin iştirakı və çıxışı xüsusi duyğulu anlar yaşadıb.  Qonaqlar əsgər və zabitlərlə birlikdə nahar ediblər. Tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Q.Paşayeva və “Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova Tərtər rayonunda məcburi köçkünlər üçün təşkil edilən tədbirdə də iştirak ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2019 11:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə