Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup əməkdaşı və tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib.  Bu barədə Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İnstitutun heyəti öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib. Sonra İnstitutun Kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, abidə önünə tər çiçəklər düzüblər. Azərbaycan tarixinə XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi daxil olan faciə zamanı bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb.

Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Diqqətə çatdırılıb ki, sözügedən  soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-I Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 18 yanvar 2018-ci il tarixdə

Prezident İlham Əliyev 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.

Aİİ-nin kollektivi səfər çərçivəsində  Qubada fəaliyyət göstərən  Soyqırım Memorial Kompleksi ilə yanaşı,  “Səkinə xanım”, “Cümə məscidi”, “Ərdəbil”, “Hacı Cəfər” məscidlərini də ziyarət ediblər.  Bu dini və tarixi abidələr haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, “Səkinə xanım”, “Hacı Cəfər” məscidləri XIX əsrə aiddir. Aİİ-nin kollektivi “Ərdəbil” məscidini də ziyarət ediblər. Məscid haqqında geniş məlumat verilib, bildirilib  ki, ibadət ocağı XIV əsrdə inşa edilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun  bölgələrimizə təşkil etdiyi səfərlərin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfələr vermək,gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsinə nail olmaqdır. İnstitut  eyni zamanda tələbələrin  ölkəmizdə mövcud olan multikultural mühitlə daha yaxından tanış olmaları üçün  silsilə maarifləndirici tədbirləri  davam edir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

1 2019 16:37 - 31 MART
31 MART

Köhnə versiyamızdan xəbərləri izlə