Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mstislav Rostropoviçin anadan olmasının ildönümü qeyd edilib

Mstislav Rostropoviçin anadan olmasının ildönümü qeyd edilib

Dünya şöhrətli musiqiçi, violonçel ustası Mstislav Rostropoviçin anadan olmasının 92-ci ildönümü münasibətilə sənətkarın ev-muzeyində tədbir keçirilib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Mərkəzi İncəsənət Məktəbinin tələbələri və digər qonaqlar iştirak edib.

Tədbirdə musiqiçinin həyatı və yaradıcılığı ilə bağlı slayd-şou göstərilib. Şəkillərdə Rostropoviçin Bakıda verdiyi ustad dərsləri, onun Bakı muzeylərinə ziyarətindən olan məqamlar, qaçqın və məcburi köçkünlərlə görüşündən bəhs edən xatirələr öz əksini tapıb.

Qeyd edilib ki, Mstislav Leopoldoviç Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib. O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atası, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. İkinci Dünya müharibəsi illərində Mstislav Rostropoviçin ailəsi Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçüb.

Mstislav Rostropoviç 16 yaşı olanda Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Bu təhsil müəssisəsində Dmitri Şostakoviç və Sergey Prokofyev kimi böyük sənətkarlardan dərs alıb.

Gənc Mstislav Rostropoviç ilk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. Sovet İttifaqında şöhrət qazanmış gənc və son dərəcə istedadlı Mstislav Rostropoviç Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olub, çoxsaylı ifaçıların yetişməsində böyük əmək sərf edib. O, 1964-cü ildə Qərbi Almaniyada çıxışı ilə dünya klassik musiqisevərlərinin rəğbətini qazanıb, həmin illərdə Qərbi Avropanın bir neçə qabaqcıl bəstəkarları ilə tanış olub.

Mstislav Rostropoviç 1967-ci ildə Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operasına yüksək dirijorluq istedadını da nümayiş etdirib.

Dünya şöhrətli musiqiçiyə D.Şostakoviç, S.Prokofiyev, B.Britten, A.Şnitke və digər bəstəkarlar əsərlər yazıb. Mstislav Rostropoviç D.Şostakoviçin violonçel üçün konsertlərinin ilk ifaçısıdır. O, dahi bəstəkarın “Birinci konserti”ni London musiqisevərlərinə təqdim edib.

Bildirilib ki, Mstislav Rostropoviç 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərib, Svyatoslav Rixter və Vladimir Horovits kimi məşhur musiqiçilərlə çalışıb. O, həmçinin Mstislav Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləşmiş Krallıqda B.Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 2019 11:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə