Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 119     Bakı şəhəri, 27 mart 2019-cu il

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249; 2017, № 7, maddə 1497; 2018, № 1, maddə 124, № 7 (II kitab), maddə 1621; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 dekabr tarixli 567 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

 

Komissiyanın sədri


Azərbaycan Respublikası Baş nazirinin birinci müavini


Komissiyanın üzvləri:


Azərbaycan Respublikasının iqtisadiyyat naziri 
Azərbaycan Respublikasının maliyyə naziri 
Azərbaycan Respublikasının vergilər naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.”. 
2. 6.1-ci bəndə “layihələrini” sözündən sonra “və hər bir proqnozlaşdırılan göstəricisinə dair açıqlamaları” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 6.1-1-ci və 6.1-2-ci bəndlər əlavə edilsin:
“6.1-1. Komissiyanın Katibliyi smetaların ilkin layihələrini və bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan məlumatları elektron və kağız daşıyıcılarda rəy və təkliflər bildirilməsi üçün Komissiyanın üzvlərinə təqdim edir;
6.1-2. Komissiyanın üzvləri bu Qərarın 6.1-1-ci bəndinə əsasən təqdim olunmuş layihələrə dair rəy və təkliflərini 15 gün müddətində Komissiyanın Katibliyinə təqdim edir;”.
4. 6.2-ci bənddə “Komissiya təqdim olunmuş layihələrin müzakirəsini və” sözləri “Komissiyanın Katibliyi təqdim olunmuş rəy və təkliflər əsasında layihələrin” sözləri ilə, “15” rəqəmi isə “25” rəqəmi ilə əvəz edilsin.
5. 6.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“6.3. iri dövlət şirkətləri, bu Qərarın 6.2-ci bəndinə əsasən aparılmış qiymətləndirmənin nəticələrinə dair müvafiq rəylər nəzərə alınmaqla düzəlişlər edilmiş gəlirlər və xərclər smetasının layihəsini oktyabr ayının 15-dək Komissiyanın Katibliyinə təqdim edir;”.
6. Aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:
“6.3-1. Komissiyanın Katibliyi iri dövlət şirkətlərinin növbəti ilin gəlirlər və xərclər smetalarının yekun layihələrini elektron və kağız daşıyıcılarda Komissiyaya təqdim edərək, onların Komissiyada müzakirəsini təşkil edir;”.
7. 6.4-cü bənddə “20” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.4-1-ci bənd əlavə edilsin:
“6.4-1. Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşlarında (investisiya xərclərində) iri dövlət şirkətlərinə investisiya vəsaiti nəzərdə tutulduğu halda, həmin investisiya məbləğləri Komissiyanın Katibliyi tərəfindən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının “Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” və “İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” bölmələrinin müvafiq bəndlərində əks etdirilməklə, smetalar Komissiyanın sədri tərəfindən yenidən təsdiq edilir.”. 
8. 6.5-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.5-1. iri dövlət şirkətləri gəlirlər və xərclər smetalarının rüblük icrasında proqnozlaşdırılan göstəricilərdən 10 faizdən yuxarı kənarlaşmaya yol verdikdə, Komissiyanın Katibliyinə kənarlaşmanın səbəbləri və onları əks etdirən göstəricilər barədə müvafiq izahat təqdim edir.”.
9. Aşağıdakı məzmunda 6.5-2-ci, 6.5-3-cü və 6.5-4-cü bəndlər əlavə edilsin:
“6.5-2. Komissiyanın Katibliyi iri dövlət şirkətlərinin təsdiq olunmuş smetalarının rüblük icrasına dair müvafiq arayış hazırlayaraq elektron və kağız daşıyıcılarda Komissiyanın üzvlərinə təqdim edir;
6.5-3. Komissiyanın üzvləri bu Qərarın 6.5-2-ci bəndinə əsasən təqdim olunmuş arayış barədə rəy və təkliflərini, habelə smetasının rüblük icra vəziyyətinin Komissiyada müzakirəsi zəruri hesab edilən iri dövlət şirkətlərinə dair təkliflərini 7 iş günü müddətində Komissiyanın Katibliyinə təqdim edir;
6.5-4. Komissiyanın Katibliyi siyahısı Komissiya üzvlərinin rəy və təklifləri əsasında müəyyən edilmiş və Komissiyanın sədri ilə razılaşdırılmış iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının rüblük icra vəziyyətinin hər rübdən sonrakı ayın 30-dək Komissiyada müzakirəsini təşkil edir. Komissiyada müzakirəsi zəruri hesab edilməyən iri dövlət şirkətlərinin smetalarının rüblük icrasında kənarlaşmaların aradan qaldırılmasına dair Komissiyanın Katibliyi Komissiyanın üzvlərinin təmsil olunduğu qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparmaqla Komissiyaya təkliflər verir;”.
10. 6.6-cı bənddə “bu Qərarın 6.5-ci bəndinə əsasən təqdim olunmuş gəlir və xərclər smetalarının illik icrası barədə hesabatların təhlilini, qiymətləndirilməsini və monitorinqini” sözləri “gəlirlər və xərclər smetalarının illik icra vəziyyətinin monitorinqini, təhlil və qiymətləndirilməsini” sözləri ilə əvəz edilsin və “aparır,” sözündən sonra “həmin müddətdən sonrakı ay ərzində” sözləri əlavə edilsin.
11. Aşağıdakı məzmunda 6.7-1-ci bənd əlavə edilsin:
“6.7-1. iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20 faizdən yuxarı kənarlaşma olduğu təqdirdə, həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxılır.”.
12. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı” üzrə:
12.1. 10-cu hissə çıxarılsın;
12.2. 11-ci hissəyə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti,” sözlərindən sonra “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti,” sözləri əlavə edilsin.
13. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydası” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 27 mart

tarixli 119 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

3 nömrəli əlavə

 

İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının illik icrası

üzrə monitorinqin aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiya (bundan sonra - Komissiya) tərəfindən təsdiq edilmiş gəlirlər və xərclər smetalarının illik icrası üzrə monitorinqin aparılmasını tənzimləyir.

1.2. İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının (bundan sonra - smetalar) illik icrası üzrə monitorinq zəruri sənəd və məlumatlar (hesabatlar) üzrə araşdırma aparmaqla smetaların proqnoz və faktiki icra göstəricilərinin təhlil edilməsini və qiymətləndirilməsini nəzərdə tutur.

 

2. Monitorinqin aparılması

 

2.1. Smetaların illik icrası üzrə monitorinq iri dövlət şirkətlərindən hesabat formalarına uyğun alınmış zəruri sənəd və məlumatlar (hesabatlar) əsasında aparılır. Zərurət yarandığı hallarda Komissiya üzvlərinin təklifi və Komissiyanın sədrinin razılığı ilə iri dövlət şirkətlərində ilkin sənədlər əsasında yerində baxış keçirilməklə monitorinq aparıla bilər.

2.2. Smetaların illik icrası üzrə monitorinq Komissiyanın sədri tərəfindən hər il təsdiq edilən qrafikə uyğun müddətlərdə Komissiyanın üzvlərinin təmsil olunduğu qurumların nümayəndələri daxil edilməklə yaradılan monitorinq qrupları tərəfindən aparılır.

2.3. Monitorinqin aparılma qrafiki və monitorinq qruplarının tərkibi Komissiyanın üzvlərinin təklifləri əsasında Komissiyanın sədri ilə razılaşdırılmaqla, Komissiyanın Katibliyi (bundan sonra - Katiblik) tərəfindən hazırlanır və təsdiq üçün hər il yanvar ayının 10-dək Komissiyanın sədrinə təqdim edilir.

2.4. Katiblik Komissiyanın üzvləri ilə razılaşdırılmış və Komissiyanın sədri tərəfindən təsdiq edilmiş (smetaların illik icrası üzrə monitorinqin aparılması üçün zəruri məlumatları özündə əks etdirən) hesabat formalarının yanvar ayının 15-dək iri dövlət şirkətlərinə göndərilməsini təmin edir.

2.5. İri dövlət şirkətləri həmin hesabat formalarına uyğun sənəd və məlumatları fevral ayının 5-dək Katibliyə kağız və elektron daşıyıcılarda təqdim edirlər.

2.6. Katiblik bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənəd və məlumatları fevral ayının 10-dək monitorinqin aparılması məqsədilə müvafiq monitorinq qruplarına təqdim edir.

2.7. Smetaların icrası üzrə monitorinqin aparılması zamanı aşağıdakılar araşdırılır:

2.7.1. smetalar üzrə gəlirlərin proqnozlaşdırılması zamanı daxilolma mənbələrinin tam nəzərə alınması vəziyyəti, habelə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən daxil olmuş vəsaitlərin və onların istifadəsinin smetaların icrasına dair rüblük hesabatlarda düzgün əks etdirilməsi;

2.7.2. iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri üzrə proqnoz göstəricilərdən  az və ya çox olan hər bir daxilolma və xərc maddələrinin icra vəziyyəti;

2.7.3. təqdim edilən malların (işlərin və xidmətlərin) (o cümlədən, qiymətləri dövlət tərəfindən tənzimlənən) maya dəyərinin və rentabelliyinin formalaşması;

2.7.4. büdcədən ayrılan subsidiyaların, bank kreditlərinin, ssudaların və investisiyaların (cəlb edilmiş və daxili)  istifadəsi vəziyyəti və səmərəliliyi;

2.7.5. büdcə qarşısında olan öhdəliklərin yerinə yetirilməsi, ödənişlərin növbəliliyinə riayət edilməsi vəziyyəti;

2.7.6. əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyiciləri ilə əməliyyatların aparılıb-aparılmaması vəziyyəti;

2.7.7. malların, iş və xidmətlərin satın alınmasının vəziyyəti;

2.7.8. xarici iqtisadi fəaliyyətin səmərəliliyi vəziyyəti;

2.7.9. debitor və kreditor borcların dinamikası, uzunmüddətli debitor və kreditor borcların aradan qaldırılması və minimuma endirilməsi üzrə görülən tədbirlərin vəziyyəti.

 

3. Monitorinqin nəticələri

 

3.1. Smetaların illik icrası üzrə aparılan monitorinqin nəticələri arayışla rəsmiləşdirilir. Arayış monitorinqin aparılmasını həyata keçirmiş monitorinq qrupunun üzvləri və iri dövlət şirkətinin rəhbəri tərəfindən imzalanır.

3.2. Monitorinqin nəticələrinə dair arayış (müvafiq sənədlərlə birlikdə) monitorinq qrupu tərəfindən Katibliyə təqdim edilir və Katiblik tərəfindən smetaların illik icrası üzrə aparılan monitorinqin nəticələrinə dair icmal arayış hazırlanır.

3.3. Katiblik tərəfindən bu Qaydanın 3.2-ci bəndinə əsasən hazırlanmış monitorinqin nəticələri üzrə icmal arayış münasibət bildirilməsi üçün iyun ayının 10-dək Komissiyanın üzvlərinə təqdim edilir.

3.4. Komissiyanın üzvləri monitorinqin nəticələri üzrə müvafiq qiymətləndirilmə aparmaqla rəy və təkliflərini iyun ayının 30-dək Katibliyə təqdim edirlər.

3.5. Katiblik təqdim edilmiş rəy və təkliflər nəzərə alınmaqla hazırlanmış yekun arayışı Komissiyaya təqdim edərək, iyul ayının 15-dək monitorinqin nəticələrinin Komissiyada müzakirəsini təşkil edir.

3.6. Komissiya tərəfindən smetaların illik icra vəziyyətinin monitorinqinin, təhlil və qiymətləndirilməsinin nəticələrinə dair məlumat iyul ayının 30-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə