Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisdə UNESCO-nun Ümumdünya İrs Komitəsinin direktoru Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisdə UNESCO-nun Ümumdünya İrs Komitəsinin direktoru Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Görüş zamanı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən Əbülfəs Qarayev ölkəmizdə sözügedən mötəbər tədbir ilə əlaqədar aparılan hazırlıq işləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat vermiş və İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini ifadə etmişdir.

İrs Mərkəzinin direktoru M.Rossler isə cari ilin 3-6 mart tarixlərində Bakıya səfəri zamanı hazırlıq işlərinin uğurla aparıldığının şahidi olduğunu vurğulamışdır. M.Rossler öz əməkdaşları ilə birgə İrs Komitəsinin sədri Əbülfəs Qarayevə 43-cü sessiya zamanı müzakirəsi nəzərdə tutulan mədəni və təbii irsin qorunması sahəsindəki məsələlər haqda ətraflı məlumat vermişdir.

Ümumdünya İrs Mərkəzinin regional koordinatorlarının hər biri məsul olduqları regionların ölkələrinə dair məlumat vermişlər. Mərkəzin direktoru M.Rosler qeyd etmişdir ki, artıq ölkələr tərəfindən Dünya İrs Siyahısındakı abidələrə və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə edilmək üçün daxil olmuşdur. Eyni zamanda gündəlikdə 42 ölkədən Dünya İrs Siyahısına yeni namizəd fayllar durur. Görüşdə, həmçinin komitə çərçivəsində büro və məşvərətçi iclaslar, Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də fikir mübadiləsi aparılmışdır.

Daha sonra tərəflər arasında sözügedən məsələlər ilə bağlı fikir mübadiləsi aparılmış və Bakı sessiyasına hazırlıq çərçivəsində müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edilmişdir.

Qeyd edək ki, UNESCO-nun ən mötəbər qurumlarından biri olan Ümumdünya İrs Komitəsinin iclasları zamanı Ümumdünya İrs Siyahısına yeni mədəni və təbii abidələrin daxil edilməsi, eləcə də artıq bu siyahıda yer alan abidələrin mühafizəsinin gücləndirilməsi məsələləri müzakirə edilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2019 15:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə