Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI

№ 118    Bakı şəhəri, 19 mart 2019-cu il


“Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu-nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.5.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 19 mart

tarixli 118 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin

Davranış Kodeksi

 

  1.  Ümumi müddəalar

 

1.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi (bundan sonra - Davranış Kodeksi) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun                13-1.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Davranış Kodeksi dövlət satınalmalarında maraqların ziddiyyətinin aradan qaldırılması məsələlərini, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsini, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən olunan məsuliyyətini, peşə hazırlığını və onların yoxlanılması norma və qaydalarını müəyyən edir, şəxsi məsuliyyət, qanuna riayət edilməsi, ictimaiyyətlə münasibətdə etik davranış və digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir.

1.3. Dövlət satınalmalarına cəlb olunan hər bir əməkdaş Davranış Kodeksinin müddəalarını ətraflı öyrənməli və onun tələblərinə əməl etməlidir.

 

  1.  Xidməti davranış tələbləri

 

2.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin davranışına olan tələblər aşağıdakılardır:

2.1.1. qanunun aliliyi - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur;

2.1.2. vicdanlılıq - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə, səmərəli və vicdanla yerinə yetirməyə borcludur. O, bütün hallarda hər bir şəxs üçün nümunə olmalı, sənədlərə və müraciətlərə vaxtında baxılması üçün qanunda nəzərdə tutulmuş bütün zəruri tədbirləri görməlidir;

2.1.3. peşəkarlıq və fərdi məsuliyyət - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. O, öz üzərinə düşən vəzifə və öhdəlikləri həyata keçirmək üçün zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf etdirməli, öz peşəkar fəaliyyəti ilə dövlət orqanına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, satınalma prosedurlarının təşkilinə cəlb olunan digər mütəxəssislərin dövlət sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması üçün mütəxəssislərin maarifləndirilməsi istiqamətində işlər görməlidir;

2.1.4. loyallıq - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs onun peşə vəzifəsinə aid olmadığı hallarda, işlədiyi və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməli, peşə fəaliyyəti zamanı öz adına və nüfuzuna, habelə çalışdığı müəssisənin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir;

2.1.5. qərəzsizlik - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, satınalma prosedurlarının iştirakçıları arasında fərq qoymamalı, özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır;

2.1.6. ictimai etimad - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə nüfuzunu möhkəmləndirməli, öz adını, şərəf və ləyaqətini uca tutmalı, davranış qaydalarına nümunəvi olaraq əməl etməli, ictimai etimad qazanmasına çalışmalıdır;

2.1.7. mədəni davranış - dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır;

2.1.8. konfidensiallıq - qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs öz vəzifələrinin icrası ilə bağlı ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

2.2. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin vəzifəsi aşağıdakılardır:

2.2.1. xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etmək;

2.2.2. dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etmək;

2.2.3. xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməmək;

2.2.4. xidməti vəsaitin və əmlakın korlanmasının, oğurlanmasının və talan edilməsinin qarşısının alınması üçün tədbirlər görmək, xidməti istifadəsində olan xidməti vəsaitlərə ehtiyatla yanaşmaq, onlara kənar müdaxilənin qarşısını almaq, onlar zədələndikdə, korlandıqda və ya itirildikdə, bu barədə rəhbərliyə məlumat vermək;

2.2.5. dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, texniki nəzarət vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları, həmçinin, xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə etməmək.

2.3. Satınalan təşkilatın rəhbəri dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün aşağıdakı tədbirləri görür:

2.3.1. ehtiyacların təyin olunması çərçivəsində əməkdaşların təlimlərini təşkil edir;

2.3.2. dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsləri qanunvericiliyə uyğun hazırlanan tədris-metodiki vəsaitlərlə təmin edir.

 

  1.  Dövlət satınalmalarında maraqların ziddiyyəti

və onun aradan qaldırılması

 

3.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və öz vəzifə səlahiyyətlərindən qanunsuz olaraq şəxsi maraqları üçün istifadə etməməlidir.

3.2. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs aşağıdakılar barədə satınalan təşkilatın rəhbərliyinə dərhal məlumat verməyə borcludur:

3.2.1. konkret satınalmalarda maraqlarının olması;

3.2.2. xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarada biləcək halların olması;

3.2.3. satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluq, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və maraqlarının toqquşmasına səbəb olan digər münasibətdə olması;

3.2.4. satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olması;

3.2.5. malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olması.

3.3. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməlidir.

3.4. Vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalı, bu aktlara əməl edilməsi ilə əlaqədar hər hansı suallar yarandıqda, bu barədə tabe olduğu rəhbərinə müraciət etməlidir.

 

  1.  Dövlət satınalmalarında korrupsiyanın qarşısının alınması

 

4.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslər qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidirlər.

4.2. Dövlət satınalmaları zamanı bu satınalmalara cəlb olunan vəzifəli şəxsə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, həmin vəzifəli şəxs onlardan imtina etməlidir.

4.3. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

 

  1.  Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

 

5.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respub-likasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı dəyərdə olan hədiyyə qəbul edə bilməz.

5.2. Qəbul edilmiş hədiyyənin dəyərindən asılı olmayaraq, əməkdaş qəbul edilmiş hədiyyə və ya xidmətlər barədə öz rəhbərini məlumatlandırmalıdır.

 

  1.  Davranış qaydalarına əməl etmənin təminatı

 

6.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin davranışının bu Davranış Kodeksinin tələblərinə uyğunluğu onun özü, birbaşa tabe olduğu və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və bu Davramş Kodeksində nəzərdə tutulmuş tədbirlər görülür.

 

7. Davranış Kodeksinə əməl olunmasına nəzarət

 

7.1. Davranış Kodeksinə əməl olunmasına nəzarət xidməti qaydada dövlət orqanının rəhbəri, tabeçilik əsasında isə yuxarı orqan tərəfindən həyata keçirilir.

7.2. Dövlət orqanının rəhbərinin vəzifələri aşağıdakılardır:

7.2.1. tabeliyində olan və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin xidməti davranışlarının bu Davranış Kodeksi ilə müəyyən olunan davranış qaydalarına uyğunluğuna nəzarət etmək və onun təhlilini aparmaq;

7.2.2. öz davranışı ilə Davranış Kodeksinin tələblərinin yerinə yetirilməsi üzrə nümunə olmaq;

7.2.3. tabeliyində olan vəzifəli şəxsləri hüquqa və etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməmək;

7.2.4. davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək;

7.2.5. davranış qaydalarını pozan vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;

7.2.6. davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmaq;

7.2.7. davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görmək;

7.2.8. davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

 

  1.  Davranış qaydalarının pozulmasına görə məsuliyyət

 

8.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidir.

8.2. Davranış Kodeksində təsbit olunmuş tələb və qaydalara dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən əməl edilməməsi, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin tələb və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və intizam məsuliyyəti yaradır.

8.3. İntizam məsuliyyəti yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti araşdırmanın nəticələrinə əsasən müəyyən edilir.

8.4. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

8.4.1. Davranış Kodeksinin müddəalarının dövlət satın-almalarına cəlb olunan vəzifəli şəxs tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət və ya digər məlumat daxil olduqda;

8.4.2. kütləvi informasiya vasitələrində dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən bu Davranış Kodeksinin tələblərinin pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumat dərc edildikdə.

8.5. İntizam icraatı zamanı dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə hüquq-mühafizə orqanına məlumat verməlidir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə