Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda elmin inkişafına dövlət qayğısı ilbəil artırılır

Azərbaycanda elmin inkişafına dövlət qayğısı ilbəil artırılır

Son illər Azərbaycanda elm sahəsində aparılan uğurlu islahatlar, qəbul edilən fərman və sərəncamlar müsbət nəticələrə gətirib çıxarmış, Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu gün elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində qəbul etdiyi mühüm qərarlar buna sübutdur. 14 iyun 2016-ci il tarixdə ölkə başçısının qəbul etdiyi “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə vətəndaşların elmi səviyyəsinin yüksəldilməsi və yeni biliklərə yiyələnməsində elmin aparıcı rolu və vəzifələri müəyyənləşmişdir.

Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və s. kimi məsələlər öz əksini tapmışdır.

9 aprel 2018-ci il tarixdə isə Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, belə bir günün təsis edilməsi və dövlət başçısının Azərbaycan elminin inkişafını hər zaman diqqət mərkəzində saxlaması Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qarşısında daha ciddi vəzifələr qoyur.

Son illər AMEA-da elmin inkişaf etdirilməsi ilə bağlı geniş imkanlar açılmış, elmi müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür. Bu da dünyanın nüfuzlu akademik qurumları ilə əməkdaşlığın təşkilinə, beynəlxalq əlaqələrin daha da genişləndirilməsinə şərait yaratmışdır.

Bu gün AMEA dövlət başçısının elm sahəsində qəbul etdiyi qərar, sərəncam və fərmanları rəhbər tutaraq yeni bir istiqamətdə inkişaf edir. Bu elm ocağında elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, alim və mütəxəssislərin əldə etdikləri mühüm nəticələrin dünyanın nüfuzlu jurnallarında işıq üzü görməsi məqsədilə ciddi tədbirlər həyata keçirilir.

Martın 27-də Azərbaycanda ilk dəfə olaraq Elm Günü təntənəli şəkildə qeyd olunur. Həm ölkəmiz, həm də AMEA tarixində ən əlamətdar hadisələrdən biri olan bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramına çevriləcək.

Elm Günü ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi mərkəzlərində silsilə tədbirlər keçiriləcək. Ən aktual, prioritet mövzularda məruzələri əhatə edən dəyirmi masa, seminar, eləcə də “açıq qapı” günləri və sərgilər təşkil olunacaq. Tədbir çərçivəsində, həmçinin elmi nailiyyətlərinə görə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının fəxri fərmanlarının təqdim olunması nəzərdə tutulur.

Elm Gününün hər il ölkəmizdə rəsmi olaraq qeyd olunması haqqında qərar böyük tarixi əhəmiyyətə malikdir. Bu, bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə, problemlərin həlli ətrafında birləşməyə imkan verəcək.

 

Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının Mətbuat və
informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dissertant

27 2019 17:28 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə