Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfv etmək, bağışlamaq yüksək mənəvi dəyərdir

Əfv etmək, bağışlamaq yüksək mənəvi dəyərdir

2019-cu il başlayandan ölkə vətəndaşlarının bütün təbəqələrini əhatə edən sərəncamların imzalanması Azərbaycan Prezidentinə ümumxalq məhəbbətini daha da artırıb. Maddi rifahı yüksəldilən insanlar martın 16-da dövlət başçısının daha bir humanist addımını alqışladılar. İndi hər evdə – keçmişdə məhkumu olan da, olmayan da bu insanlıq naminə atılan bəşəri addımın ailələrə gətirdiyi sevincdən danışır. Milli Məclisin deputatı Qənirə Paşayeva Prezidentin imzaladığı bu humanist sərəncamla bağlı ürək sözlərini belə açıqladı: 
– Dövlətimizin başçısı İlham Əliyevə imzaladığı əfv sərəncamına görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident hüquqi dövlət quruculuğunda humanizm prinsipinə nə qədər böyük önəm verdiyini bir daha göstərdi. Bu sərəncama başqa cür yanaşma ortaya qoyanlar isə təəssüf ki, əfv edib bağışlamağı bacarmağın güclü insanlara xas olduğunu anlamırlar.
Prezident İlham Əliyev güclü liderdir, əsl dövlət adamıdır. Çünki bağışlamaqla cəmiyətdə müsbət ab-havanı artırır. Və bunu özü istədiyi üçün, ürəkdən edir. Çünki millətini sevir. Cəmiyyətimiz bu sərəncamı çox yüksək qiymətləndirir. Şənbə günü xalqımız Azərbaycan Prezidentinin daha bir humanist addımına şahidlik etdi. Dövlət başçısının qədim milli bayramımız olan Novruz ərəfəsində imzaladığı sərəncamla neçə uşağın ata həsrətinə, valideynin övlad ayrılığına son qoyuldu. Novruzun gəlişi ilə təbiət oyandığı kimi, məhkum həsrətlilərin ürəklərində də doğmalıqdan doğan məhrəmlik hissi yarandı. Onlar indi öz həyət – bacalarında boy göstərəcək, dəmir barmaqlıqlar arxasına bir daha qayıtmamaq üçün oyanmış vicdanlarının səsinə qulaq asacaqlar. Səhvi hamı edir. Amma gərək elə səhv edəsən ki, onun əzabını doğmaların çəkməyə. 
Yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş edən əfv sərəncamı ilə 431 nəfər azadlığa qovuşdu. Keçmiş məhkumlardan da çox ailə üzvlərinin sevincini görmək, duymaq, onların dövlət başçısına minnətdarlıqlarını eşitmək nə qədər xoşdur. Atanın “özümdən çox nəvəmin sevincinə sevinirəm ki, atasına qovuşdu”, – deyən də var, “Allah bütün bağlı qapıları açsın, necə ki, bizim qapımız açıldı”, – deyə Prezident İlham Əliyevə, Birinci vitse-prezident ­Mehriban xanım Əliyevaya alqış edən də. 
Bayram ərəfəsində insanları sevindirməkdən gözəl nə ola bilər? Bu, humanizm və mərhəmətin, insanlıq və ləyaqətin təzahürüdür. Növbəti humanist addımı ilə gözəl örnək olduğu üçün, dövlət başçımıza bir daha minnətdarlığımı bildirir, əziz milli bayramımız olan Novruzun gəlişi münasibətilə möhtərəm ­Prezidentimizi təbrik edir, özünə və ailə üzvlərinə cansağlığı arzu edirəm!

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 02:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə