Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindəndir

İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindəndir

Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı beynəlxalq aləmdə də geniş əks-səda yaradıb. Avropa İttifaqı artıq bununla bağlı rəsmi münasibətini açıqlayıb. Bu barədə qurumun xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibi bəyanat yayıb. Bildirilir ki, Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, bloger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb. Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək.

Bunu Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirdi. Deputat daha sonra dedi ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmiz insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Dövlət başçısının imzaladığı sonuncu əfv sərəncamı bunu bir daha təsdiqlədi. Beynəlxalq təşkilatların da diqqət mərkəzində olan sonuncu sərəncam “siyasi məhbus”ların azadlığa qovuşması baxımdan diqqəti daha çox cəlb edib. 
Ç.Qənizadə qeyd etdi ki, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər dövlət başçısının xüsusi önəm verdiyi məsələlərdəndir. Hər il iki və ya üç dəfə imzalanan əfv sərəncamları minlərlə ailəyə ikiqat bayram ovqatı bəxş edir: “Axı, əfv sərəncamları, adətən, bayram ərəfələrində imzalanır. Bu, azadlığa qovuşanların ailələrinə, yaxınlarına, qohumlarına ən qiymətli bayram hədiyyəsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 16 ildə 34 əfv sərəncamı imzalaması insan hüquq və azadlıqlarının müdafiəsi baxımından çox böyük nailiyyətdir. Bir hüquq müdafiəçisi kimi, əminliklə deyirəm ki, dünyanın heç bir ölkəsinin başçısı insan hüquqlarının müdafiəsi istiqamətində belə qətiyyətli qərarlar qəbul etməyib. Bunu tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, hüquq müdafiəçiləri də etiraf edirlər”.
Hüquq müdafiəçisi dedi ki, Prezident İlham Əliyev artıq beynəlxalq aləmdə ədalətli rəhbər, humanizm və insanpərvərlik ideyalarının daşıyıcısı olan dövlət başçısı imicini qazanıb. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da cənab İlham Əliyevin insanpərvər dövlət başçısı olduğunu açıq şəkildə etiraf edirlər.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

20 2019 02:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin