Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balakəndə Novruz bayramı böyük sevinclə qeyd edilib

Balakəndə Novruz bayramı böyük sevinclə qeyd edilib

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mədəniyyət mərkəzinin qarşısında xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib.

Bayram tədbirində rayon icra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimai təşkilatların nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər. Novruzun gəlişini tərənnüm edən atributlarla bəzədilmiş məkanda keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub. Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Novruz bayramı münasibəti rayon sakinlərini təbrik edib. Hər bir ailəyə ruzi, bərəkət, sevinc arzulayıb. Natiq rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb. O bildirib ki, bundan sonra da rayonun sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcək.
İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan mahnılar və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
 Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Milli paltar geyinmiş qızlar meydanın mərkəzində dövrə vuraraq yallı gediblər. Bakıdan dəvət olunmuş incəsənət ustalarının çıxışları sakinlərin ürəyincə olub.
 Alovlandırılan möhtəşəm Novruz tonqalı onun ətrafına yığışan sakinlərə böyük coşğu gətirib. Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə Prezident İlham Əliyevə minnnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına uğurlar arzulayıblar.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 02:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin