Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının Novruz şənlikləri qonaqlarının bayram təbrikləri

Bakının Novruz şənlikləri qonaqlarının bayram təbrikləri

Xəbər verdiyimiz kimi, paytaxtda təşkil olunan möhtəşəm Novuz bayramı şənliklərinə Rusiya Federasıyasının Dağıstan və İnquşetiya respublikalarından dəvət olunmuş qonaqların Bakı ilə tanışlığı və müxtəlif tədbirlərdə iştirakı davam edir.
 Dağıstanın Dərbənd şəhərinin meri Hizri Abakarovun və İnquşetiyanın Maqas şəhərinin meri Beslan Tseçoyevin rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətləri ilkin tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə paytaxtımızın gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini, hər yerdə sevgi-sayğılarla qarşılandıqlarını bildirmişlər. Görüşdə Azərbaycan paytaxtının Rusiyanın cənub respublikalarının hər iki şəhəri ilə dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi və yeni məzmun alması diqqət mərkəzində olmuşdur. 
Nümayəndə heyətlərinin rəhbərləri qəzetimiz üçün qısa açıqlamalarında Azərbaycanın ümumi inkişafına heyran qaldıqlarını, Bakıda aparılan quruculuq işlərinin onlarda hədsiz maraq doğurduğunu söylədilər.
Dərbənd şəhərinin meri Hizri Abakarov dedi:
– Əvvəla, ölkə rəhbərliyi səviyyəsində Azərbaycana dəvət edildiyimizə görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bu səfər bizim üçün ikiqat önəmlidir: həm Novruz şənliklərində iştirak edir, həm də gələcək əlaqələrimiz üçün əsaslar yaradırıq. Bu baxımdan Bakı ŞİH-in başçısı Eldar Əzizovla görüşümüz olduqla yaddaqalan və əhəmiyyətli oldu. Xalqlarımız arasında qədim və mehriban qonşuluq münasibətlərinin müstəqillik illərində yeni forma və məzmunla zənginləşdiyini xatırladan şəhər rəhbəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarımızın dostluq və və sıx əlaqələrinin müstəsna önəmini də vurğuladı. 
Səfər günlərində şəhərlə ətraflı tanışlığımız, eləcə də ötüb keçdiyimiz hər bir yer bizdə Azərbaycandakı sürətli, hərtərəfli inkişaf barədə çanlı, heyrətamiz və unudulmz təəssürat yartdı. Müstəqilik dövründə, xüsusən son 15 ildə Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib. Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır. Biz hər dəfə ümumi evimiz olan Qafqazın ən böyük və ən gözəl şəhəri olan Bakıya gələndə saysız-hesabsız yeniliklərin şahidi oluruq və buna ürəkdən sevinirik. “İçərişəhər” xalqınızın yüksək dünənini göstərirsə, köhnə “Qaraşəhər”in yerində salınmış “Ağşəhər” yaşayış kompleksi burada müsbət mənada nəhəng dəyişikliklər aparıldığından xəbər verir. Biz sizin şəhərsalmadakı təcrübənizi öyrənib Dərbənddə də tətbiq etmək üçün çox şey gördük və öyrəndik.
Ümumi təəssüratımız budur ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə doğru istiqamətli siyasət yürüdülür. Səmti doğru götürmüsünüz. Bakıda hamı öz prezidentindən razılıq edir, ölkədə əvvəlki və indiki vəziyyəti müqayisə edir. Bizə dedilər ki, ölkə Prezidenti tez-tez əhali ilə görüşür, hər bir sahədə çətinliyi olanlara kömək edir. Bu, rəhbərin xalqın qeydinə qalmasının ən yaxşı nümunəsidir. 
Azərbaycan xalqını tarix boyu qoruyub milli bayram səviyyəsinə qaldırdığı, müstəqillik dövründə isə dövlət səviyyəsində qeyd edilən, uşaqdan-böyüyə, sıravi vətəndaşdan dövlət başçısınadək hamının birlikdə qeyd etdiyi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, dostlarımıza daha böyük uğurlar, xoş günləır arzulayırıq.
Maqas şəhərinin meri Beslan Tseçoyev isə bildirdi:
– Bakıya gələrkən adi, gözəl, amma dünyada gördüyüm bir çox paytaxtlar kimi bir şəhər görəcəyimi düşünürdüm. Amma tam səmimiyyətlə demək istəyirəm ki, Bakı çox heyranedicidir. Bu gün Bakı həm tarixi, həm də müasir şəhər kimi inkişaf edir. Bakı ŞİH-də keçirilən görüşdə bu barədə ətraflı danışıldı. Azərbaycan--Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edən cənab Eldar Əzizov bu əlaqələrin inkişafında bizim Şimali Qafqaz respublikalarının xüsusi rol oynadığını bildirdi. Biz isə Azərbaycan ilə Şimalı Qafqaz xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadığını qeyd etdik, bu münasibətlərin qorunub möhkəmləndirilməsinin zəruriliyini söylədik. Görüşdən sonra Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında memorandum imzalandı.
Görüşdə qeyd etdik ki, biz də bu gün Maqası dünyada analoqu olmayan bir sıra innovativ layihələrin həyata keçirildiyi smart-şəhər kimi qururuq. Maqas bu gün Rusiyada ən qabaqcıl şəhərdir. Bakı kimi, Maqasın da şanlı tarixi var. İnquşetiya paytaxtı müasir şəhər kimi inkişaf edir. Lakin Bakı daha böyük şəhərdir, meqapolisdir, Qafqazın baş şəhəri adını daşımağa layiqdir. Sizin paytaxtınız tamamilə fərqli miqyasdadır. Burada özümə doğma bir hal gördüm: şəhərin həyatı rəngarəng və qonaqlar üçün də maraqlıdır.
Azərbaycan bu gün atası və öz xalqının ümummilli lideri Heydər Əliyevin işini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində sürətlə və hərtərəfli inkişaf edir. Buna tarixdə tərəqqi deyirlər. Mən isə bunu şəhər meri, qonaq kimi yox, bir insan kimi deyirəm. Əslində, ata Heydər Əliyev dahi olub, oğlu da atasının yolunu ləyaqətlə davam etdirir. Bakıda çox danışmağa ehtiyac yoxdur, sadəcə, ətrafa boylanmaq kifayətdir. Bir sözlə, Azərbaycan Bakıya layiq ölkə, Bakı isə Azərbaycana yaraşan nadir bir şəhərdir. Biz burada özümüz üçün maraqlı və gərəkli çox şey gördük. Bakıdan ürək dolusu süvinclə ayrılacağıq və həmişə bu şəhərə gəlmək həsrətini yaşayacağıq.
Azərbaycanlı qardaşlarımızın ən əziz bayramlarından birində iştirak etmək, onları canlı olaraq təbrik etmək böyük xoşbəxtlikdir. Bayramınız mübarək dostumuz, qaradaşımız olan istəkli azərbaycanlılar! İnanırıq ki, sizi daha gözəl günlər gözləyir.

 

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

20 2019 02:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin