Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Novruz gəlir, yaz gəlir”

“Novruz gəlir, yaz gəlir”

2 nömrəli Bakı Baza Tibb Kollecində təşkil olunan “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyinin iştirakçıları əvvəlcə kollecin tələbələrinin Novruz atributlarını, bahar 
əhval-ruhiyyəsini əks etdirən əl işlərindən ibarət kompozisiyalarla tanış oldular. “Müalicə işi” şöbəsinin tələbəsi Aytac Sultanovanın hazırladığı “Şuşada Novruz bayramı” kompozisiyası xüsusi olaraq diqqəti cəlb etdi. Bu kompozisiya hər kəsin qəlbində qələbəyə inam hissini daha da gücləndirdi. Ümumilikdə, Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən kompozisiyalar qonaqları heyran etdi.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Dilarə Məmmədəliyeva qonaqları, həmçinin müəllim-tələbə heyətini xalqımızın qədim bayramı  Novruz münasibətilə təbrik etdi, onlara xoş ovqatlı bayram əhval-ruhiyyəsi arzuladı. Direktor dedi ki, elimizə, obamıza, ilin ən gözəl fəsli olan bahar gəlir. Yazın ilıq nəfəsi ilə oyanan təbiət yenidən yaşıl libasına bürünür. Respublikamızın hər yerində baharın gəlişi, xalqımızın qədim el bayramı olan Novruz böyük sevinc və fərəhlə qarşılanır: “ Novruz bayramı ta qədimdən xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirib, dünyaya tanıtdırıb. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, adət-ənənələrini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bu bayram bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona bu əziz bayramı unutdura bilməmişdir”.
Tədbir iştirakçılarını və xalqımızı Novruz bayramı münasibətilə təbrik edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə apardığı böyük islahatlardan, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən, ölkəmizdə, o cümlədən Yasamal rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq, inkişaf və tərəqqidən söz açdı.
Tədbir Nəzakət Balaqadaşovanın rəhbərlik etdiyi kollecin tələbələrinin iştirakı ilə konsert proqramı ilə davam etdirildi. Kollecin “Şəfa” rəqs qrupunun, “Təbib” xor kollektivinin iştirakı ilə rəngarəng mahnı və rəqs nömrələri, tələbələrin hazırladıqları “Arşın mal alan” kompozisiyası, şeirlər və folklor nümunələri, həmçinin Novruzun “qəhrəmanları” olan Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə xoş bayram əhval-ruhiyyəsi yaratdı. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

20 2019 02:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə