Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rejissorluq onun tale yazısı idi

Rejissorluq onun tale yazısı idi

Bu yaxınlarda Prezident İlham Əliyev Xalq artisti Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.Sənəddə vurğulanır ki, 2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. Dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnən Tofiq Tağızadə nadir istedada malik rejissor kimi özünəməxsus üslubu ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirərək mədəniyyət tariximizdə dərin iz qoyub.

Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Doğrudan da, bu gün T.Tağızadənin filmləri kino salnaməmizin qiymətli nümunələri kimi xalqımızın tarixini, milli-mənəvi dəyərlərimizi yaşadır, təbliğ edir.
Onunla çox görüşmüşdüm, çəkiliş meydançasında, montaj otağında, səsyazma studiyasında. Tofiq müəllim gərgin işləyirdi. Filmlər çəkirdi, gənclərlə işləyirdi, aktyorları çəkilişə hazırlayırdı. Çox həssas insan idi. Adicə söz də xətrinə dəyərdi. Bu onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil, 14 filmdir. 15-ci filmi isə yarımçıq qalmışdı. T.Tağızadə 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost” filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.
Tofiq müəllim zəngin yaradıcı həyat yaşamışdı.1919-cu il fevralın 7-də Bakıda anadan olmuşdu. ­1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlamışdı. 
Sənətə “Görüş” filmi ilə gəlmişdi. Filmin müvəffəqiyyəti ilk növbədə aktyor seçimində idi. Lala roluna Özbəkistandan Nelli Ataullayevanı dəvət etmişdi. Arif Mirzəquliyev, Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvər Kələntərli, Ağahüseyn Cavadov, Əliağa Ağayev, Barat Şəkinskaya filmə məxsusi təravət gətirmişdilər. “Görüş” onu bu sənətə bağladı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. O, çəkdiyi filmlərdə peşəkar kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.
“Uzaq sahillərdə” filmi Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadəyə həsr olunub. Bu film uzun illərdir ki, böyük məhəbbətlə baxılır. Dünyanın 100-ə yaxın ölkəsində nümayiş etdirilib. Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar idi. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinmirdi.
Tofiq Tağızadə o sənətkar-lardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx bağlıdır. O, “Dədə Qorqud” dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir. “Dədə Qorqud” Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.
“Mən ki gözəl deyildim” filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində, film insan taleləri haqqındadır. Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.
Tofiq Tağızadə bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. Təhsil aldığı ÜİDKİ-də rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli rəng qatib və ona görə də hər bir əsərində xalqımızın ruhu duyulur. Onlar bizim tariximizdir, mənəvi varlığımızdır. T.Tağızadə Ü.Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli “Arşın mal alan” bədii filminin quruluşçu rejissorudur. “Yeddi oğul istərəm” filmində rejissor mövzunu siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön vermişdir. “Bağ mövsümü” isə kinodramdır. Bu film gündəlik həyatımızın problemləri haqqındadır və bizi ətrafımızda baş verən, biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir. 
“O dünyadan salam” filmi onun son olaraq lentə aldığı kino əsəridir. Əsasında böyük Mirzə Cəlilin “Ölülər” tragikomediyası dayanan bu kinolent bizə tanış mövzudur. Lakin rejissor tanış motivləri müasirləşdirib və bu günümüzün hadisələri ilə bağlayıb.
Tofiq Tağızadənin planları çox idi, işləmək istəyirdi, lakin amansız ölüm ona bu istəkləri yerinə yetirməyə imkan vermədi. Bu böyük sənətkarın xatirəsi kino- sevərlərin qəlbində əbədi yaşayacaqdır.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

 

20 2019 02:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 23:58
Dünya sülh istəyir!

Köhnə versiyamızdan xəbərləri izlə