Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vyanada Beynəlxalq Novruz Günü qeyd edilib

Vyanada Beynəlxalq Novruz Günü qeyd edilib

BMT-nin Vyana bölməsinin  “Rotunda” salonunda Azərbaycan,  Əfqanıstan, İraq, İran, Hindistan, ­Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan və Türkiyənin daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz bayramına həsr edilmiş  tədbir keçirilib.

Mərasimdə BMT-nin Vyana bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Vyana ofisinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə BMT-nin Vyana bölməsinin rəhbəri Yuri Fedotov açaraq tədbirin təşkilində iştirak edən ölkələrin BMT-dəki daimi nümayəndəliklərinə təşəkkür edib. O, bildirib ki, təbiətin oyanmasını müjdələyən, yeni həyatın başlanğıcını bildirən Novruz insanlarda ümid, xoş gələcəyə inam və əmin-amanlıq arzusunu ehtiva edir. Eyni zamanda, bu bayram sülh, dostluq, qarşılıqlı anlaşma  kimi dəyərlərin qorunması ilə bağlı öhdəliklərimizi insanlara  xatırladır.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Xalq artisti Simarə İmanova və xanəndə Əmrah Məcnunov “Qarabağ” mahnısını, “Qarabağ şikəstəsi”ni və Novruza həsr olunmuş mahnıları ifa ediblər. 
Tədbirdə təşkilatçı ölkələrin milli mətbəxi, Novruz şirniyyatları və hədiyyələr təqdim olunub.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində  də Novruz bayramı münasibətilə tədbir keçirilib.
Avstriya rəsmiləri, xarici diplomatlar, bu ölkədə yaşayan həmvətənlərimizin qatıldığı mərasimdə AMM-in rəhbəri Leyla Qasımova çıxış edərək bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus ənənələrə malikdir. Diqqətə çatdırılıb ki, Azərbaycanın və bu bayramı qeyd edən digər ölkələrin birgə təşəbbüsü ilə Novruz 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.
 Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu  və Əməkdar artist Eteri Cəfərovanın bədii rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu bayram konserti ilə çıxış edib.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

 

20 2019 02:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin