Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanılıların bayram təntənəsi

Suraxanılıların bayram təntənəsi

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir.  

Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. 
“Atəşgah məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşıq verirdi.Şən, oynaq musiqi sədaları altında milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa ətrafa yayılır, iştirakçılarda xoş ovqat doğururdu.
Bayram tonqalı ətrafında çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərinə təbrikində bildirdi ki, Novruz bayramı münasibətilə respublikamızın hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlər keçirilir. Xalqımızın milli düşüncəsini və ruhunu özündə əks etdirən bu bayram yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi böyük sevgi ilə yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır.
Rayon rəhbəri xüsusi vurğuladı ki, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, BMT Baş Məclisi tərəfindən Beynəlxalq Novruz Günü barədə qətnamə qəbul edilmişdir.
İlqar Abbasov daha sonra rayon sakinləri adından Novruz arzularını diqqətə çatdırdı. O, Azərbaycanın dövlət müstəqilliyinin möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə daha da möhkəmlənməsi, inkişaf etməsi, düşmən tapdağındakı torpaqlarımızın tezliklə azad olunması, bayram tonqallarının Qarabağda alovlanması ilə bağlı xalqımızın istəklərini vurğuladı. 
Bayram şənliyində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. “Kosa, Keçəl və Bahar qız” tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. 
Bayram şənliyində bir tərəfdə gənc pəhləvanlar xalça üzərində qurşaq tutdu, idmançılar, kəndirbazlar öz məharətlərini göstərdilər, digər tərəfdə isə qədim şərq bazarı, sərgilənən misgərlik əşyaları iştirakçıların marağına səbəb oldu. 
Şənlik iştirakçıları da qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. 

 

V.BAYRAMOV, “Xalq qəzeti”

20 2019 02:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə