Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda miqrasiya prosesləri ölkəmizin maraqlarına, beynəlxalq normalara uyğun idarə olunur və tənzimlənir

Azərbaycanda  miqrasiya prosesləri ölkəmizin maraqlarına, beynəlxalq normalara uyğun idarə olunur və tənzimlənir

Bugün dövlətin və cəmiyyətin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından Azərbaycan tarixin mühüm dönəmini yaşayır. İqtisadiyyatın inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması uğurla davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur.

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və  uzaqgörən siyasət nəticəsində Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlar təbəqəsi formalaşıb, qeyri-neft sektorunun, xüsusilə turizmin ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb. Həyata keçirilən kompleks tədbirlərin  nəticəsidir ki,  son dövrdə ölkəmizə səfər edənlərin sayının ildən- ilə artması müşahidə olunur.

Digər dövlət orqanları kimi, Dövlət Miqrasiya Xidmətinin də  qarşısında mühum  vəzifələr qoyulmuşdur. Belə ki,  xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın təmin edilməsi, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdirilməsi hədəfləri  müəyyən olunmuşdur. Artıq bununla bağlı bir sıra işlər başa çatdırılmışdır.

Qeyd olunanlarla yanaşı, bugün Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verilir. Ötən ilin   may ayında Azərbaycan Respublikasının Prezidenti yanında

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə  imzalanmış anlaşma memorandumu ilə “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlərin sayı artırılmış və əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaları prosesi asanlaşdırılmışdır.

Ölkə başçısının tapşırıq və tövsiyələri rəhbər tutulmaqla, o cümlədən ASAN xidmət  indeksinin tələblərinə uyğun olaraq, vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və onların rahatlığının təmin olunması məqsədilə cari ilin mart ayında  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbulu şöbəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Hazırda xidmətin bütün regional miqrasiya idarələrinin eyni tələblər çərçivəsində fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisinə rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılmasının  və məmnunluğunun artırılması məqsədilə ötən il “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən  miqrasiya bölmələri fəaliyyətə başlamışdır.

 

Düzgün kadr siyasəti uğurun əsas rəhnidir. Bu vacib amili nəzərə alaraq, ötən  il ərzində Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla (kiçik və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə, o cümlədən  dövlət qulluğunun yardımçı vəzifələrinə) əlaqədar Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə və müsahibə keçirilməsi təşkil edilmişdir.

 

Yuxarıda göstərilən sahələr üzrə görülən işlərin bariz nümunəsidir ki, ötən dövr ərzində “ASAN xidmət indeksi” ilə 2017--2018-ci il üzrə qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 faiz) göstərmişdir.

 

Son dövrdə xidmətin beynəlxalq əlaqələri, o cümlədən müqavilə hüquq bazası genişləndirilib, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Bu sahədə əldə edilən uğurlardan biri də miqrasiya sahəsində əməkdaşlığa dair hökumətlərarası müqavilə olan “Azərbaycan Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş"in ötən ilin noyabrında imzalanması olub. Hazırda isə xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı readmissiya sazişləri və bu sazişlərin həyata keçirilməsi üzrə protokollar, o cümlədən xarici dövlətlərin miqrasiya orqanları ilə əlaqələrin  gücləndirilməsi məqsədilə miqrasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlər daxil olmaqla, 30-a yaxın beynəlxalq müqavilə layihəsinin imzalanması istiqamətində  Xidmət tərəfindən müvafiq işlər görülür.

Ölkəmiz, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi kontekstində yeni layihələrə və təşəbbüslərə açıqdır.  Bugün Azərbaycan Respublikası miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarla və xarici ölkələrin miqrasiya orqanları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində beynəlxalq tərəfdaşlarla, o cümlədən xarici dövlətlərin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparılır, müzakirələr keçirilir.

Ötən il ərzində Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial mü­da­fiəsi məsələləri ilə bağlı fəaliyyət göstərən işçi qrupun, o cümlədən  Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə yaradılmış readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının reinteqrasiya üzrə işçi qrupunun növbəti  üçüncü iclası keçirilmişdir. Hər iki işçi qrupun iclaslarında  sözügedən kateqoriyadan olan  şəxslərin üzləşdikləri çətinliklərin  və problemlərin həlli, eləcə də cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məsələləri müzakirə olunmuş, operativ tədbirlərin həyata keçirilməsi üçün müvafiq qərarlar qəbul olunmuşdur.

Xidmət tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa yeni yanaşmanın tətbiqi, insanların ünvanladığı müraciətlərin və digər təkliflərin həllinin sürətləndirilməsi məqsədilə 2015-ci ildə yaradılmış Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə mütəmadi görüşlər  keçirilmiş, Şura üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdır.

 

Miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımi tədbirlər xidmət tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır.

 

Dövlət Miqrasiya Xidməti tərəfindən  miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq normativ-hüquqi aktlar qəbul edilir, bir sıra təşkilati tədbirlər həyata keçirilir. Xüsusilə 2018-ci il ərzində miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların hüquqi vəziyyətinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə xidmət edir.

 

Dəyişikliklərə görə, əcnəbilər Azərbaycan Respublikasında olması və yaşama qaydalarını pozduğuna görə onlar inzibati cəriməni ödəmədikdə, həmin şəxslərə Azərbaycan Respublikasına gəlmək qadağan edilir. Cəriməni ödədikdə isə bu şəxslərin əlavə müraciət etməsinə ehtiyac qalmır və onların Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa avtomatlaşdırılmış qaydada götürülür. Eyni zamanda,  turistlərin məmnunluğunun yüksək səviyyədə təmin olunması məqsədilə Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin  olduğu yer üzrə qeydiyyata alınma müddətləri 10 gündən 15 günədək artırılmışdır.

 

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti yaxşılaşdırılaraq,  son üç il ərzində iki və ya daha çox miqrasiya qanunvericiliyini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunma ilə bağlı ölkə ərazisinə gəlmə qadağası aradan qaldırılmışdır.

 

Vətəndaşsızlıq hallarının qarşısının alınması istiqamətində ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin müddəaları nəzərə alınmaqla, keçmiş SSRİ vətəndaşının pasportu əsasında Azərbaycan Respublikasına gələrək, uzun müddət ölkədə sənədsiz yaşayan və heç bir dövlətin vətəndaşı olmayan şəxslərin bu faktları məhkəmə tərəfindən tanındıqda onlar sadələşdirilmiş qaydada Azərbaycan Respublikası vətəndaşlığını əldə edə bilirlər.

 

Dövlət Miqrasiya Xidməti özəl sektorla əlaqələrin inkişafına da öz töhfəsini verir. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Çoxsaylı görüşlərin nəticəsi olaraq, iş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə müraciət imkanı verən  qaynar xətt yaradılmışdır. Yaradılmış qaynar xətt vasitəsilə daxil olmuş müraciətlər Xidmət tərəfindən operativ qaydada cavablandırılır.

 

Bununla yanaşı, ötən il ərzində işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili, miqrasiya qanunvericiliyinin tələblərinin ölkədə biznes mühitinə təsirinin qiymətləndirilməsi və sahibkarlığın dəstəklənməsinə yönəlmiş təkliflərin hazırlanması məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurası yaradılmışdır. Biznes dairələrindən gələn təkliflər nəzərə alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsi üçün “ASAN viza” sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədli giriş vizaları daxil edilmişdir.

 

Dövlət Miqrasiya Xidmətində elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məsələsi daim nəzarətdə saxlanılmış, o cümlədən əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması, Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə Xidmətin yeni mobil tətbiqi – MİGAZ geniş ictimaiyyətə təqdim olunmuşdur.  Hazırda, mobil tətbiq üzərindən olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, əcnəbilərin ölkəyə gəlişinə və ya ölkədən çıxışına məhdudiyyətin və müraciət statusunun yoxlanması, olduğu yer üzrə son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, “ASAN viza” və Xidmətin digər istiqamətləri üzrə xidmətlərə çıxış əldə etmək imkanı yaradılmışdır. Beləliklə də, tərəfimizdən əcnəbilərə göstərilən elektron xidmətlərin sayı artırılaraq 11-dən 14-ə çatdırılmışdır.

 

Azərbaycan, ingilis  və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması da həyata keçirilir. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndərilir. Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turizm məkanları, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Gələcəkdə mobil tətbiqin imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Ötən dövr ərzində Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sisteminin (VMMS) proqram təminatı təkmilləşdirilərək, VMMS-in altsistemlərində istifadə olunan prosedur, funksiya və əməliyyatlar yenilənmiş, sistem üzrə məlumatların çevik və effektiv idarə edilməsi təmin olunmuş, o cümlədən sorğuların dövlət orqanlarına  elektron qaydada verilməsi təşkil edilmişdir.

Qeyd etmək lazımdır ki,  dövlət siyasətinin prioritetlərinə uyğun olaraq artıq bir neçə ildir ki, Dövlət Miqrasiya Xidmətində kağız sənəd dövriyyəsi aradan qaldırılaraq, “Elektron sənəd dövriyyəsi sistemi” tətbiq edilir. Eyni zamanda, Xidmət tərəfindən bu sistemin İdarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyası təmin edilmişdir.

 

Xidmətin fəaliyyəti barədə məlumatların geniş  auditoriyaya çatdırılması məqsədilə ötən ilin oktyabr ayından “ASAN Radio”da  ilə yeni layihəyə - hər həftənin çərşənbə günü  “Miqrasiya saatı” verlişinin yayımına start verilmişdir. 21 sentyabr – “Beynəlxalq Sülh Günü”, 20 noyabr “Ümumdünya uşaq hüquqları günü”, o cümlədən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində  Ramazan və Qurban bayramları ilə əlaqədar Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət etmiş ailələrdən olan uşaqların iştirakı ilə müvafiq tədbirlər, o cümlədən məlumatlandırma tədbirləri həyata keçirilmişdir. 

Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının  qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülür. Bununla bağlı regional miqrasiya idarələrinin xidməti ərazilərində görüşlər keçirilir. Keçirilmiş görüşlər nəticəsində təkcə 2016-2018-ci illər ərzində Azərbaycan Respublikasında sənədsiz yaşayan şəxslərin leqallaşdırılması məqsədilə  ümumilikdə 389 nəfərin müraciəti araşdırılmış və həmin şəxslərdən 194 nəfər müvafiq sənədlərlə təmin olunmuşdur.

Respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən olan qeyri–qanuni miqrasiyaya qarşı mübarizə aparılması Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biridir.  Xidmət tərəfindən ötən il ərzində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş” 16.340 nəfər əcnəbinin ölkə ərazisini tərk etmələri və ölkədən kənara çıxarılmaları təmin olunmuş, 2311 nəfər əcnəbinin isə ölkə ərazisində yaşamaları qanuniləşdirilmişdir.

12 illiyini qeyd edən Dövlət Miqrasiya Xidmətinin kollektivi bugün ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq,  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə öz töhfəsini vermək əzmindədir.

Vüsal HÜSEYNOV,
Dövlət Miqrasiya Xidmətinin rəisi,
III dərəcəli Dövlət miqrasiya xidməti müşaviri

 

20 2019 01:51 -
15 Aprel 2019 | 12:11
Lənkəranda 9 mina tapılıb

Ən son xəbərləri səhifəmizdən də izləyin