Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan sevdalı Yavuz Akpınar

Ədəbiyyatımızın və mətbuatımızın canlı ensiklopediyası ilə müsahibə

Azərbaycan sevdalı Yavuz Akpınar

Türkiyənin məşhur ali məktəblərindən olan Egey Universitetinin genetika üzrə dünya şöhrətli professoru Afiq Bərdəlinin o qədər də böyük olmayan iş otağında həmyerlimiz  riyaziyyatçı alim Ürfət  Nuriyevlə görüşümüz sürprizlərlə dolu oldu.

Əslində, Ürfət müəllimi  qiyabi tanıyırdım. “Azərbaycan” Universitetinin professoru Yusif Qasımovun onun haqqında olan söhbətləri tanışlıq üçün yaxşı bir körpu idi. Mustəqilliyimizin ilk illərində qardaş Türkiyəyə üz tutan və burada ad-san qazanan professor indi Egey Universitetinin, eləcə də Türkiyənin və Türk dünyasının elm adamlarının sırasında  sayılıb-seçilən ziyalılarındandır.

Qısaca hal-əhvaldan sonra o, türkoloq alim Ali Yavuz Akpınarın da  gələcəyini söyləyir. Bu o Yavuz Akpınardir ki, hələ sovet dövründə Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə etmiş, Azərbaycan ədəbiyyatının təbliğində gördüyü böyük işlər görə 1989-cu ildə Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur.

Nəhayət,  qapının qəfil açılışı  söhbətimizi kəsir. Dərhal ayağa duran Afiq bəy “bu Yavuz hocadır, hocam gəldi, xoş gəldi”--  deyərək onu qarşılayır. Mənimlə də lap çoxdanın tanışları kimi görüşü-qucaqlaşır və o dəqiqə də azərbaycansayağı bir təbəssümlə söhbətə körpü salır:

 --Uşaqlıq  illərim Qarsla bağlıdır, amma dədə-babalarımdan eşitdiyim bir həqiqət var ki, əslimiz  Qarabağdandır. Qars Ermənistan sərhəddində yerləşdiyindən erməni zülmündən ən çox bəlaların yaşandığı bir bölgə olub. “Ortaqapı” adlanan məhləmizdə rus konsulluğunun olması, polislərin o konsulluğun önündə gecə-gündüz davamlı növbə tutduqları yaxşı yadımdadır. Qətliamdan qurtulmaq üçün bizimkilər qaçıb özlərini Gəncəyə yetişdirə bilmişlər. 

Ailə üzvlərimizin  bir çoxu bu qırgınlarda yox oldu,  nəslimizdən təkcə atam qalmışdı. O, Kazım Qarabəkirin yetimlər məktəbində oxumuşdu. Milli ruhda tərbiyə alan atam bizlərə  Ziya Gökalpın kitablarını, türk tarixini oxutdururdu. Mənə Yavuz, qardaşlarıma  Yıldırım, Atilla adlarının qoyulmasının haradan gəldiyi sonralar bəlli oldu.

--Belə çıxır Azərbaycan ədəbiyyatına, tarixinə marağınız da da elə o vaxtlarda yaranıb...

 --Qarsda Alparslan liseyində oxuyanda hiss etdim ki, tarix və ədəbiyyat mənim üçün həyati məsələdir: ya tarixçi, ya da ədəbiyyatçı olacağam.  Ərzurum Atatürk Universitetinin türk dili və ədəbiyyatı bölümünə də bu arzu ilə gəldim. Hələ tələbə olarkən professor Niyazi Akı adlı müəllimimiz türklər arasında ilk komediyalar yazan Mirzə Fətəli Axundzadədən danışmışdı. Sonralar mən bu böyük yazıçı haqqında Türkiyədə axtarışlar etsəm də, elmi marağımı qane edəcək qədər qaynaq tapmadım.

1969-cu ildə universiteti bitirəndən sonra isə Mirzə Fətəliyə olan marağım məni  Azərbaycana gətirdi. Bakıya gəlişimin səbəbkarı isə professor Abbas Zamanovla məktublaşmağım oldu. 1970-ci ilin yayında  Arpaçayda qatara minib Ermənistandan dəmir yolu ilə Azərbaycana gəldim. Gördüyüm tikanlı məftillər, silahlı əsgərlərin sərt və  gobud davranışları, İrəvandan gələcək qatarı gözləyrkən vagzaldaki ermənilərin düşmən rəftarı elə  ilk anlardanca məndə qorxu və vahimə yaratmaqda idi. 22--23 yaşım olardı, amma bütün bunlara rəğmən, Azərbaycana gəldim. Burada oxumaq, hətta qalıb doktorluq işi müdafiə etmək  istəyim türk olduğumdan baş tutmasa da, bütün yaradıcılıq taleyimlə Bakıya, Azərbaycana bağlandım.

--Bu bağlılıq nə verdi sizə? Sərhəddə gördüyünüz vahimə, qorxu, arxasınca da hər kəsə nəsib olmayan  bir sevgi, yoxsa...

--Sadəcə, sərhəddəki kinli, açı sifətli, sərt baxışlı əsgərlərin insanı ürpədən, sanki, bir suçlunu yaxalamış kimi görünən sərt davranışları məni olduqca narahat etmişti. Rusiya, o zamankı Sovetlər birliyi bizim üçün “gedər-gəlməz” ölkəsiydi. Yazıq anam “bala, oraya getmə, qayıdıb gələ bilməzsən!” deməsi belə məni məni bu yoldan saxlamadı. Hələ Bakıya çatmamış Ermənistanda və Gürcüstanda dilini bilmədiyim insanlar arasında keçirdiyim bir gün mənə bitməz-tükənməz kimi gəlmişdi.

Gümrüdəki vağzalda türkcə bilən yaşlı ermənilərin mənə “Sən hansı cəsarətlə bura gəlmisən, sənə kim izin verdi? Türklərə burada yer yoxdur”  kimi (əslində, daha ağır sözlər söyləmişdilər, indi onları təkrar etmək istəmirəm) təhdid dolu sözlərindən sonra vağzalda yeməkxanada yemək də yeməmişdim.  İrəvandan gələn qatarı dörd gözlə və səbirsizliklə gözləymişdim ki,  içimdəki sıxıntılardan qurtarım.

Azərbaycanda tanıdığım, gördüyüm insanlar ilk gündən məni o qorxudan xilas etmişdi. Abbas Zamanov kimi çox dəyərli bir alimin  dəstəyi ilə Azərbaycan mənim üçün məmləkətim qədər əziz olmuşdu. Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Məmmədəli Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi və o zamanlar Azərbaycan Dostluq Cəmiyyətinin sədri olan Nəbi Xəzri  mənim Azərbaycanda ilk gəlişimdə tanış olduğum şəxsiyyətlər olub. Daha sonra Bəxtiyar Vahabzadə, Anar, Elçin, Kamil Vəliyev, Yunus Məmmədli, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadiq, Rafael Hüseynov, Şahmar Əkbərzadə, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl  kimi şair və yazıçıları tanımışdım.

“Dostluq” (Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti—red.) və daha sonra “Vətən” cəmiyyətləri, Yazıçılar Birliyi, Bakı Dövlət Universitetindəki müəllimlərin himayəsi və kitab mübadiləsi  ilə  Azərbaycan ədəbiyyatı, Mirzə Fətəli Axundzadə haqqında tədqiqatlarım başladı. Sonra doktorluq işimi yazdım, elmi dərəcə aldım. Amma bu sahədə işlərim və elmi tədqiqatlarım hələ də bitməyib və  davam edir.

--Bu gün özünüzün və ərtafınızdakıların Azərbaycanla əlaqələri sizi razı salırmı?

--Təbii ki, dövlətlərarası əlaqələr mükəmməl bir səviyyədə özünü təsdiq etmişdir. Hətta strateji müttəfiqlik səviyyəsinə belə yüksəlmişdir. Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi bunun ən bariz nümunəsi olmaqla bizi bir-birimizə daha sıx bağlayır. Sovetlər birliyi dağılmazdan  əvvəl  Türkiyədə  turançılıq, türkçülük deyəndə bir qorxu yaşanırdı. Şükürlər olsun ki, indi belə bir qorxu yoxdur. Böyük Türk dünyasından, turançılıqdan, ümumi türkçülükdən indi  dövlət başçıları da danışırlar. Amma məni türk dünyasının əlaqələrindəki passivlik narazı salır.  Elə götürək sizdə-- Azərbaycanda özbək, qazax, tatar, türkmən ədəbiyyatına marağın az olduğunu hiss edirəm.  Oljas Süleymanovu bilirəm ki, yaxşı tanıyır və sevirsiniz. Sanki, bununla hər şey bitir. Türkiyədə isə Türk dünyası ədəbiyyatını-- qazax, tatar, balkan, özbək və sairəni öyrənib, tədqiq etmək niyyətilə səfərbər olan bir nəsil yetişməkdədir.

Biz əvvəllər rusca bilməzdik, Avropaya meyilli olduğumuzdan Avropa dillərinini öyrənirdik. Amma indi elə bir nəsil yetişib ki, rus dilini də öyrənir. Bu,  türkologiyanın inkişafında böyük uğurlar qazanacağımıza zəmin yaradır. Bu gün Türkiyədə Azərbaycan tarixi, ədəbiyyatı və dili üzrə  üzrə çalışan onlarca alim var. Amma  1990-cı illərdə Anadoluda Azərbaycan türkcəsini anlamaqda çətinlik çəkirdilər. Kiril əlifbasını bilənlər isə çox az idi.

--Yavuz bəy, siz ölkələrimizdə təkcə ədəbiyyatşünas deyil, eyni zamand,a ciddi bir mətbuat araşdırıcısı kimi də tanınırsınız.

--Dünyanın modernləşməsi, dəyişməsi dərk edildikcə, ilk növbədə, qəzetlərin, mətbuatın rolu gündəmə gəlir. Mən Türk dünyasının qəzetləri üzərində tədqiqat arararkən belə bir qənaətə gəldim ki,  Rusya türklərində də  əsl oyanışı başladan mətbuat, qəzetlər olmuşdur. Qəzetlər  hətta o vaxt məktəblərin də yerini tutmuş, cəmiyyətin təkcə məlumatlandırılmasında yox,  maariflənməsində məktəblər qədər iş görmüşdür.

 --Elə isə ilk Azərbaycan qəzetləri haqqında bilgiləriniz qəzetimizin oxucuları üçün maraqlı olardı...

   --Azərbaycanda “Əkinçi”, ondan sonra da “Ziya”, “Ziyayi-Qafqaziyə”, “Kəşkül”, “Şərqi-Rus” kimi gəzetlər nəşr edilmişdi. Sizin mətbuat tarixində bunlar  “Azərbaycan qəzeti”  kimi qiymətləndirilir. Bu düzdür,  amma kifayət qədər dəqiq seçilmiş bir ifadə deyildir, məhduddur. Zərdabiyə İstanbuldan yazılan məktub var. “Ziya” və  “Ziyayı-Qafqaziyə”də, “Kəşkül”də və daha sonraki “Şərqi-Rus”da bütün Qafqaz, Kırım, Ural tatarları, Türkiyə və Türkistanla əlaqəli yazılar, xəbərlər çoxdur. Bunların hamısı az-çox, sadəcə, Azərbaycanla deyil, bütün Rusya müsəlmanları, türklərlə bağlı qezetlərdir və tədqiqat sırasında da buna diqqət yetirmək gərəkdir.

Bu qəzetləri, eyni zamanda, bütün Qafqazda,  Kırımda və Türkistanda ziyalılar oxuyurdu və həmin mühitə təsir edirdi. Misal üçün “Molla Nəsrəddin”in İrandakı təsirini xatırlayaq. Bunları, sadəcə, “Azərbaycan qəzeti” olaraq qəbul etmək, onların Rusiya və İran türkləri üzərindəki təsirlərini görməmək və ya kifayət qədər diqqətə almamaq deməkdir.  Bu qəzetler arasında “Kaspi”  mənim diqqətimi daha çox çəkdi. Təəssüf ki, rus dilini bilmədiyim üçün mən “Kaspi” haqqında ancaq Azərbaycan qaynaqlarından  faydalana bildim.

“Kaspi”  digər qəzetlərdən daha uzunömürlü və rus dilində bütün Rusiya müsəlmanlarına--türklərinə ünvanlanan bir qəzet idi. “Kaspi”ni bütün Rusiya oxuyurdu, bir çərkəz, gürcü müsəlman da  rus dilli olduğundan onunla maraqlanırdı. Ona görə də “Kaspi”yə, sadəcə, “Azərbaycan qəzetidir” demək,  onun dəyərini gözdən qaçırmaq, bütün Rusiya müsəlmanlarına təsirini görməməkdir. “Kaspi”nin  rəqəmsal arxivinin Almaniyada satıldığını eşidincə çağdaş “Kaspi”nin təsisçisi Sona xanım Vəliyeva  məlumat verdim. Onlar da sağ olsunlar,  maraq göstərdilər və arxiv alınıb Azərbaycana gətirildi. Hazırda həmin rəqəmsal nüsxələr “Kaspi”nin elektron səhifəsində yerləşdirilib.

--Bu misallardan o nəticəyə gəlmək olarmı  ki, avropasayağı maarifçilik məsələlərində Azərbaycan o dönəm xeyli uğurlar qazanıb, hətta türk-müsəlman dünyasında hər yerdən öndə olub?

--Bəli,  Azərbaycanın fikir və ədəbiyyat həyatı, Rusiya müslümanlarını da dərin təsiri altına almış və onlara da maariflənmədə yol göstərmişdir. Əksər tədqiqatçılar, xüsusilə avropalılar tatarların fikir və ədəbiyyat həyatına daha çox diqqət yetirir və onların bütün Rusiya müsəlmanlarını öz təsirləri altına aldığını, onlara rəhbər olduğunu yazırlar.  Yeri gəlmişkən deməliyəm ki, bu  məsələdə,  şübhəsiz ki,  İsmayıl bəy Qaspıralının böyük rolu var.

Bu, XX  əsrin əvvəlləri  üçün doğru  sayıla bilər,  amma XIX əsrin  ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani  “Əkinçi”də xurafatı, müsəlman cəmiyyətinin cəhalətini, gerililiyi tənqid edərkən Uralda, Kırımda bu fikirləri ifadə edəcək qəzet, jurnal yox idi.

--Azərbaycanla əlaqələrimizin qurulmasında xidməti olanlardan  kimlərin adlarını çəkmək istərdiniz?

--Bilirsiz, hər kəsin öz köməyi, öz töhfəsi olub. Kiminsə fəaliyyətinə az, ya çox deyə dəyər vermək, və ya kölgə salmaq insafsızlıq olardı. Amma mənim üçün 1970-ci  illərdən etibarən Abbas Zamanovun fəaliyyəti fenomendir. Mən Abbas bəyi həm gerçək müəllimim,  həm də son dərəcədə saygı duyduğum, güvəndiyim, əsl vətən və millətsevər  bir ziyalı kimi gördüm. Onun cəsarətini də deməliyəm. Hələ 1970-ci illərdə o mənə müsavatçılardan, Məmmədəmin Rəsulzadə və arxadaşlarının fəaliyətindən suallar verir, onların törəmələri olub-olmadığı soruşur, əsərləri haqqında danışdırırdı. Cavab verə bilmədiyim suallarına daha sonrakı görüşlərimizdə aydınlıq gətirməyimi gözləyirdi.

 

Abbas müəllim 1970-ci  illərdə  məndən Sovetlərdə qadağan olan kitabları istəmişdi. İlk vaxtlar mən bu istəkləri ehtiyatla yerinə yetirsəm də,  sonralar elə bir  qorxum qalmamışdı. Azərbaycana bir çox gəlişimdə “Dostluq” cəmiyyətinin qonağı olsam da (bu işdə rəhmətlik Nəbi Xəzrinin rolunu, yaxşılıqlarını unutmayacağam), Bakıda hər kəs məni Abbas Zamanovun qonağı kimi görürdü. Türkiyədə,  sağ olsunlar,  Saim Sakaoğlu və  Məcid Doğrunun diqqətləri sayəsində  Konyanın  Səlçuk Üniversiteti Abbas bəyi dəvət etdi, ona fəxri doktor adı  verildi və bundan sonra onu Türkiyədə daha geniş bir zümrə tanıdı.

Daha əvvəl bizim kimi Azərbaycanla yaxın əlaqəsi olan İbrahim Bozyel, Seyfəddin Altaylı, İrfan Murat Yıldırım kimi şəxslərin  ona xitab sözü olan “Abbas əmi” artıq bütün türkiyəli ziyalıların, alimlərin müraciət formasına çevrilmişdi. Ona hər kəs “Abbas əmi“ deyə müraciət edirdi. O, təkcə Türkiyə ilə yox, bütün Türk dünyası ilə ədəbi  əlaqələrin qurulmasında fenomendir. Hətta Abbas müəllim İran və Iraq  türkləri ilə də bizim əlaqə  qurmamızda körpü olmuşdu.

--Yavuz bəy, nəhayət, bir az da özünüzdən danışın...

 --Özümə gəldikdə, fəxr edirəm ki, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin  şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən mən olmuşam. Başda Axundzadənin komedyaları olmaqla,  sizin yazarların bir çox bədii əsərinin Türkiyədə nəşrində  və  tədqiq olunmasında xidmətlərim olub. Universitet tələbələri üçün “Çağdaş Türk ədəbiyyatları” (19--20-ci əsrlər) adlı ikicildlik dərsliyin həm baş redaktorü olmaşam, həm də giriş, Azərbaycan, Kırım, Tatar ədəbiyyatları  hissələrini yazmışam.

Vaxtilə Türkiyədə Cənubi Azərbaycandan Səhəndin və Şəhriyarın şeirlərini ilk nəşr etdirənlərdən biri də mən olmuşam. Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasından sonra yazdığı bir sıra şeirləri, “Səhindiyyə”, “Behçətabad xatirəsi”, “Türkün dili” və digərləri bu sıradandır. Bəzi ədəbi mətnlərin nəşri  İranda qadağan edildiyindən,  əlyazması şəklində əldən-ələ gəzəndə, onların Azərbaycandan  da əvvəl  çapına Türkiyədə mən nail oldum.

Daha dəyərli bir  xidmətimiz  rəhmətlik  İbrahim Bozyellə birlikdə “Qardaş ədədiyyatlar” jurnalını  nəşr etdirmək oldu. Bu, həvəskar bir dərgi idi, ancaq Türk dünyasında çox böyük iş gördü. Demək olar ki, Türkiyədəki bütün ədəbiyyat adamlarını Türk xalqlarının ədəbiyyatları ilə geniş bir şəkildə tanış edə bildik. Dərgi İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara qədər gedib çıxırdı. Sovetlər Birliyi dağılandan sonra onun əhəmiyyəti daha da artdı. 45 sayı nəşr olunan jurnal Türkiyədə yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatının da tanıdılmasında əvəzsiz xidmətlər göstərdi.

Müsahibimizin söylədiklərindən də göründüyü kimi, Azərbaycan--Türkiyə ədəbi əlaqələrinin qurulmasında və inkişafında  böyük xidmətləri olan, 2018-ci ilin aprelində Azərbaycanda “İlin elm adamı” mükafatına layiq görülmüş  Yavuz Akpınarın fikirləri təkcə məna və məzmununa görə yox, həm də bütöv bir dövrün tələbləri baxımından da ciddi maraq doğurur. Bu polemikaların təqdimatında, bəzən də umumi məzmununda bəzi subyektiv mülahizələr olsa da, onların hər biri olduqca təqdirəlayiq və maraq doğurandır. Həm də ona görə ki, bu ideya və fikirlər  Türk dünyasının böyük vurğunu olan bir alimə və təpədən-dırnağa türk olan bir insana məxsusdur. Bu şəxs Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə tanıdılmasında müstəsna xidmətləri olan professor Yavuz Akpınardır.

Yavuz Akpınar 1992--93-cü illərdə  ABŞ-ın Miçiqan Universitetində  araşdırmalar apararkən də Azərbaycanı yaddan çıxarmamışdı. O illərdə "Amerikanın səsi" radiosunda Azərbaycan ədəbiyyatı barədə məqalələr yazıb, onu  öz səsi ilə böyük bir auditoriyaya çatdıran da Azərbaycan sevdalı, 70-ci illərdən bəri yaradıçılıq taleyini o taylı- bu taylı Azərbaycanla bağlayan Yavuz Akpınar idi. 

Əslində, bu deyilənlər də Yavuz bəyin böyük xidmətlərinin, olsa-olsa, cüzi bir hissəsidir. Bakıda Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Rəsul Rza, Abbas Zamanov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Aqşin Babayev, Elçin, Anar, İsa Həbibbəyli, Kamil Vəliyev, Rəfael Hüseynov, Əsgər Rəsulov, Vilayət Quliyev, Sabir Rüstəmxanlı, Moskvada Əkbər Babayev və başqaları ilə dərin dostluq və ideya əlaqələrinin birləşdirdiyi Yavüz Akpınar təkcə ədəbiyyatımızın və mətbuatımızın yox, həm də milli ruhumuzun canlı ensiklopediyası sayıla bilər. Yəqin ki, belə olmasaydı akademik İsa Həbibbəyli onu  Azərbaycan ədəbiyyatının Türkiyədə baş konsulu”, yaxud dəyərli ziyalımız Vilayət Quliyev onunümumtürk mədəniyyətinə yorulmaz, təmənnasız xidmətini” “Haqq yolu”na xidmət kimi dəyərləndirməzdi.

Dəyərli müsahibimiz, Azərbaycanın böyük dostlarından biri sayılan Yavuz bəy sonda müstəqillik dövründə mətbuatımızın uğurlarını vurğulamağı və xalqımıza Novruz təbriklərini çatdırmağı da unutmadı:

--Azərbaycan 28 ildir ki, bütün dünya ilə təmasdadır. Diqqət çəkən bir önəmli fakt da var ki, əvvəlki 70 ildə qazanılmayanlar, qısa bir vaxtdaəldə edildi. Türk dünyasının heç bir yerində sizdəki qədər asanlıqla qəzet çap olunmur. Mətbuat üzərindən senzura götürülüb, mediaya dövlət qayğısı var.

Azərbaycan xalqı indi illərdən bəri əzız tutduğu və rejimin bütün yasaqlarına baxmayaraq qoruduğu Novruz təntənəsini yaşayır. Ölkənizin təşəbbüsü və səyi ilə Novruz beynəlxalq bayramlar sırasına daxil edldi. Müstəqilliyin  28-ci baharı ilə üst-üstə düşən bu əziz bayram münasibəti ilə bütün soydaşlarınızı, Novruzu sizinlə birlikdə qeyd edən bütün dostlarınızı səmimi təbrik edirəm. Böyük Türk dünyasında bir ulduz kimi parlayan Azərbaycan dövlətinə müstəqillik yolunda yeni-yeni uğurlar arzulayıram.

Namiq ƏHMƏDOV,

“Xalq qəzeti”

İzmir--Bakı

20 2019 01:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin