Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azadlıqdan şirin nemət yoxdur dünyada”

Bunu əfv olunan məhbusların bir çoxundan eşitdik

“Azadlıqdan şirin nemət yoxdur dünyada”

Əksər dünya dövlətlərindən fərqli olaraq Azərbaycan Respublikasının məhkum edilmiş şəxslərin sosial, ailə, davranış vəziyyətinin qiymətləndirilməsi və humanizm meyarlarından çıxış edilərək onların işinə baxılması, cəzalarının yüngülləşdirilməsi və yaxud da əfv edilməsi ilə bağlı xüsusi siyasəti var. Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşmışdır. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur.

 

Heydər Əliyev bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri öz fəaliyyətində rəhbər tutmuşdur. Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan etimadını daha da artırmışdır. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılmış, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanmışdır. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilmiş, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. 
Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilmişdir. Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlamışdır.
Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılmış və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Xatırladaq ki, cəmi bir il hakimiyyətdə olmalarına baxmayaraq, AXC-Müsavat iqtidarı neçə nəfərə ölüm cəzası höküm çıxarılmış və icra edilmişdir.
Son 16 ildə ümummilli liderin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən konsepsiyalarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olmuş, dünya birliyində öz yerini möhkəmləndirmişdir. Eyni zamanda, ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident ­İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Ulu öndərin əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, cinayət törətmiş şəxslərin mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı bu dəfə də cəmiyyətimizi sevindirdi. Belə ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamı icra olundu.
Qeyd edilməlidir ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 431 məhkum əfv olunub. Sərəncam əsasında azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25 il, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzasının çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri cəzasından, habelə 1 nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
6 saylı cəzaçəkmə müəssisəsindən 49 nəfər, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər, 15 saylı cəzaçəkmə müəssisəsindən 4 nəfər, Penitensiar Xidmətin müalicə müəssisəsindən 3 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən isə 7 nəfər məhkum azadlığa buraxılıb. 
Əfv sərəncamının martın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən necə icra edilməsini izləmək üçün media nümayəndələri ilə birgə bir neçə cəzaçəkmə müəssisəsində olduq. 
Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, əfv komissiyası üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, media nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 9, 10, 11, 15, 16, 17, Bakı istintaq təcridxanası və digər cəzaçəkmə müəssisələrində həyata keçirildi. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək sərəncamın icrasını təmin etdilər.
Baş çəkdiyimiz 1, 6, 7 və 15 saylı cəzaçəkmə müəssisələrində müxtəlif taleli insanlarla söhbətləşsək də, onların hamısının gözlərində eyni həsrət və sevincdən axan göz yaşlarını görmək mümkün idi. Artıq həsrətə son qoyulurdu. 
Novruz bayramı əsrlərdir, yeni təravət, yeni sevinclər, yeni arzular və yeni başlanğıclar gətirdiyi kimi, dövlət başçısının imzaladığı əfv sərəncamı da yüzlərlə ailəni sevindirərək, məhkumlara öz həyatlarını azad və xoşbəxt şəkildə qurmaq şansı verdi…
İlk olaraq, Penitensiar Xidmətin avtobusları ilə 6 saylı cəzaçəkmə müəssisəsinə yola düşdük. Bir qrup jurnalisti müşayiət edən Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik-leytenant Mehman Sadıqov və şöbənin digər əməkdaşları ilə yolboyu əfv sərəncamı ilə əlaqədar görülən işlərlə bağlı söhbət etdik, Azərbaycan dövlətinin bu cür əfv sərəncamları ilə cinayət törətmiş yüzlərlə vətəndaşına öz həyatını layiqli şəkildə yenidən qurmaq üçün şans verməsini hamımız təqdir etdik.
6 saylı cəzaçəkmə müəssisəsinin önündə qələbəlik idi. Uşaqlı-böyüklü hər kəsin həsrət dolu baxışları müəssisənin kiçik pəncərəsi olan qapısına dikilmişdi. Kimisi övladını, kimisi atasını, kimisə də yoldaşını gözləyirdi. Bir sözlə, Novruz bayramı ərəfəsində illərdir ki, yaxınlarına qovuşmaq ümidi ilə yaşayan insanların sevincinin həddi-hüdudu yox idi.
...Azadlığa çıxacaq məhkumlar digər dustaq yoldaşları ilə 6 saylı cəzaçəkmə müəssisəsinin zalına toplaşmışdılar. Zalda sükut hökm sürməsi anlaşılan idi. Bir çoxu həyəcanla müəssisədə keçirəcəyi son günün bitməsini, yeni azad həyata başlamasını gözləyirdi.
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının əhəmiyyətindən danışan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Məhərrəm Qafarov dövlət başçısının bu addımını yüksək dəyərləndirib. Bildirib ki, dövlətimiz hər zaman humanizm və ədalət prinsiplərini əsas tutur, bu əfv sərəncamı da cəzaçəkmə müəssisələrində olan vətəndaşlarımıza və onların ailələrinə göstərilən diqqətdən irəli gəlir. O, azadlığa çıxan məhkumlara bundan sonra cəmiyyətimizə faydalı işlərlə töhfə verməyi tövsiyə edib və Novruz bayramını öz ailələri ilə birgə keçirməyi arzulayıb. 
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı əfv sərəncamının Prezidentin səlahiyyətində olduğunu vurğulayaraq, bu rəsmi sənədin xüsusi əhəmiyyətini qeyd edib. Bildirib ki, sözügedən sənəd cəzaçəkmə müəssisələrində olan məhkum vətəndaşlarımıza azadlığa çıxaraq cəmiyyətə və dövlətə layiq vətəndaş olmaq üçün verilən şansdır. 
Ədliyyə Nazirliyinin İctimai Komitəsinin üzvü Əhməd Abbasbəyli indiyə kimi bir çox məhkum vətəndaşlarımızın müxtəlif illərdə əfv sərəncamlarından yararlandığını xatırladaraq, dövlətin həmişə humanizm prinsiplərinə sadiq qaldığını vurğulayıb. Əfv komissiyasının üzvü Aynur Sofiyeva bildirdi ki, dövlətimiz hər zaman mərhəmət, insanpərvərlik məfkurəsinə əsaslanaraq cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib. Bunun nəticəsidir ki, bu il əfv sərəncamı 431 nəfərə şamil edilib və bu sevinc təkcə həmin vətəndaşları deyil, onların yaxınlarını, ailə üzvlərini də əhatə edir. Əfv sərəncamı bir qayda olaraq, cəzaçəkmə müəssisələrində nümunəvi davranışları ilə fərqlənən, həqiqətən islah olunmuş məhkumlara şamil edilir. 
Çıxışlardan sonra məhkumlara azad olunmaları barədə sənədlər təqdim edildi və onlara bundan sonrakı həyatlarında cinayət və cəzadan uzaq olmaları arzulandı. Azad olunmaları barədə sənədlərini alan məhkumların həyəcan və sevinci onların simalarından oxunurdu. 
Cəzasının çəkilməmiş hissəsindən azad edilən Saleh Həsənov yüzlərlə insan kimi sərəncamın ona da şamil olunduğu üçün sevinirdi. O dedi:
– Prezidentimiz bu humanist addımı ilə bizə daha bir şans verdi. Yenidən azad həyata başlamalı, cəmiyyətdə qaynayıb-qarışmalıyıq. Çalışacağıq ki, bu fürsətdən lazımınca istifadə edək və xalqımıza, dövlətimizə, Vətənimizə layiqli vətəndaş olaq. Bizim bu ayda azad olmağımızın xüsusi əhəmiyyəti var. Çünki bu ay doğmaların bir-biri ilə görüşməsi həm də savabdır. Prezident bizə bu imkanı yaşatdı. Allah ondan razı olsun. 
1 saylı cəzaçəkmə müsəssisəsinin önündə də qələbəlik idi. Burada Mətləb Hüseynovun sevincinə şərik olduq. Qapıdan çıxan oğlu Aqil Hüseynov atasına və qardaşına sarıldı və sonra ətrafda digər məhkum yoldaşlarının yaxınlarını görüncə: “Allah bütün məhkumların qapısını açsın. Onlar da tezliklə yaxınlarına qovuşsunlar.”– dedi. – Azadlıqda olmaqdan böyük sevinc nə ola bilər ki!” 
Aqilin atası Mətləb Hüseynov da təəssüratını bizimlə bölüşdü: Bugünkü günü oğluma qovuşduğum üçün çox sevincliyəm. Prezident İlham Əliyevin əfv sərəncamı mənim kimi yüzlərlə atanı-ananı balasına qovuşdurdu. Bununla da bayram sevincimiz ikiqat artdı. Düzdür, gözləyirdim ki, balam nə vaxtsa çıxacaq. Amma belə tez təsəvvür etmirdim. Allah Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya cansağlığı versin. Bu sərəncamla bir çoxları kimi mən də övladlarımla bayram süfrəsində Novruzu ürək açıqlığı ilə qeyd edəcəm”. 
Sonra digər insanlarla söhbət etdik.
Aqil Nəsibov: Üç il doqquz ay müddətinə həbs edilmişdim. Üç il dörd ayını tamamlamışam. Qalan 5 ayı isə Prezidentin sərəncamı ilə əfv edildim. Bu sərəncam mənim kimi yüzlərlə insanı və onların yaxınlarını sevindirdi. Prezidentə bu humanist addımına görə minnətdarıq. Adımın əfv sərəncamına düşməsinə görə sevinirəm.
Feyzulla Feyzullayev: Biz də bu sərəncamdan faydalanmışıq. Ona görə də cənab Prezidentimizə çox sağ olsun deyirəm. 2 il 8 ayım qalmışdı, əfv olundum. Ailəmə qovuşmağıma görə çox sevinirəm. Allah heç bir insana məhbus həyata yaşatmasın. 
Xalid Kazımov: Mənim də 1 il 5 ay cəza müddətim qalmışdı. Lakin indi əfv olundum və azadlıqdayam. Feyzulla qardaşımın fikirlərinə qatılaraq bildirirəm ki, məhkumluq çox ağır bir həyatdır. Dünyada azadlıqdan şirin nemət yoxdur. Biz buna görə Prezidentimizə təşəkkür edirik. 
Əfvə düşmüş Seymur Feyzullayevin anası: Oğlumun azadlığa buraxılmasına görə dövlət başçısına minnətdarlığımı bildirirəm. Çox sevincliyəm. Allah Prezidentin ailəsini, övladlarını qorusun. Artıq neçə il idi ki, balamı görmürdüm. İndi isə onu bağrıma basa bilirəm, bayramı bir yerdə onunla keçirəcəm.
Kamal Əliyev: Çox sağ olsun, dövlət başçımız ki, mənim qarşıdakı cəza illərimi bağışladı. Çox sevinirəm ki, ailəmlə, dostlarımla görüşə biləcəm. Digər məhbus dostlarımıza da bu sevinci yaşamağı arzu edirəm. Allah hər kəsin qapısını açsın.
Məlahət Bağırova: Oğlum 11 il, üç ay həbs cəzası almışdı. Onun çıxmağına 2 il üç ay qalırdı. Ana kimi bu müddətdə onun yollarını gözləmişəm. Dualar etmişəm. Nəhayət ki, bu gün gəlib çatdı. Oğlum zəng etdi, azadlığa çıxacağını dedi. Sevincimin həddi-hüdudu yoxdur. Bu gözəl bayram günündə Prezidentimiz bizə böyük hədiyyə bəxş etdi.Ona dönə-dönə təşəkkür edirəm. 

***
Artıq vaxtdır, baş çəkdiyimiz cəzaçəkmə müəssisələrini elə əfv edilmiş məhkumlarla birgə tərk edirik. Azadlığın havasını ciyərlərinə çəkən və qapıya doğru gedən məhkumlardan biri dəmir çərçivəli pəncərələrə tərəf baxıb bir-bir yoldaşlarını çağırır. 
Yellənən əllər yoldaşlarını azad həyata doğru yola salır və əfv edilmiş cavan oğlan məhbusluğun son dəqiqələrində tərk etdiyi dostlarına deyir: “ Haqqınızı halal edin. Bir gün inşallah sizin də qapılarınız açılar.” 

 

Əfsanə BAYRAMQIZI,
Anar Turan,
“Xalq qəzeti”

 

18 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin