Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt bulvarında möhtəşəm şənlik

Sumqayıt bulvarında möhtəşəm şənlik

Min illərdir ki, xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edir, bu bayramı öz milli varlığı kimi qoruyub saxlayır. Bu il 70 yaşı tamam olan Sumqayıt şəhəri Novruz bayramına daha mütəşəkkil hazırlaşıb. 
Qocaman Xəzərin aynasında bəzənib cilvələnən gənclər şəhərinin ən gözəl istirahət guşəsi olan park-bulvar kompleksi baharın pişvazına başdan-başa bayram libasında çıxmışdı. Bayram şənliyində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edirdi. Z.Fərəcov şəhər sakinlərini təbrik edərək, böyük bayram tonqalını alışdırdı.
Dədə Qorqud və Bahar qız camaata xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzuladılar. Milli geyimli uşaqlar oynaq musiqinin qanadlarında pərvazlanaraq meydan boyunca rəqs etdilər. Bulvarın girişində Novruz bayramına həsr olunmuş maraqlı ədəbi-bədii kompozisiya təqdim olundu. Bədöy atlı igidlər, gənc aşıqlar, nağaraçalanlar bayrama xüsusi rəng qatdılar.
Sonra şənlik bulvar boyunca xalq gəzintisi və bayram şənlikləri ilə davam etdi.  Səmənilər, xonçalar və digər Novruz atributları ilə bəzədilən bulvarda milli bayramın personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunları, idmançıların və kəndirbazların göstərdiyi heyrətamiz nömrələr şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Tədbirə qatılanlar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri  əks etdirən səhnələrə, odlar yurdunun Bakı, Naxçıvan, Lənkəran, Qarabağ, Şirvan, Şəki və digər bölgələrini təcəssüm etdirən  bayram çadırlarının ətrafında qayım-qədim milli etnoqrafiyamızın, əsrləri aşan elat adətlərinin, misilsiz Azərbaycan mətbəxinin və ulu xalq sənətkarlığının gözəl nümunələrinə maraqla tamaşa etdilər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Musiqi və Tibb kolleclərinin təqdimatları, yerli gündəlik tələbat malları və turizmlə bağlı sərgi göz-könül sevindirdi. İcra başçısı şəhərin ziyalıları ilə, məktəbli-istedadlarla,  adi vətəndaşlarla görüşüb səmimi söhbətlər etdi. Xatirə şəkilləri çəkdirildi.
Sonda park-bulvar kompleksində möhtəşəm bayram konserti oldu. Respublikamızın tanınmış sənət adamları, ünlü mədəniyyət xadimləri şənliyi daha da rövnəqləndirdilər. 

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə