Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncliyə Yardım Fondu: dostluq və qardaşlıq duyğuları möhkəmlənir

Gəncliyə Yardım Fondu: dostluq və qardaşlıq duyğuları möhkəmlənir

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF) Ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasına əsaslanaraq iki qardaş ölkə arasında dil, din, tarix və mədəniyyət birliyinə əsaslanan qardaşlıq və dostluq duyğularnın möhkəmləndirilməsi məqsədi ilə Azərbaycanlı və Türkiyəli xeyriyyəçilər tərəfindən 1994-cü ildə Bakıda təsis edilmişdir.

GYF qurulduğu gündən  Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərinə sadiq, torpağını, bayrağını sevən, dövlətinə və millətinə faydalı bir nəsil olaraq yetişməsi  üçün əlindən gələni edir. Dünyada sülhün bərqərar olmasını özünə hədəf seçmiş Qeyri Hökumət Təşkilatıdır. GYF müharibədən zərər çəkmiş, təbii fəlakətlər və iqtisadi problemlər nəticəsində ağır vəziyyətdə yaşayan insanlara başda humanitar yardımlar olmaqla təhsil, mədəni və sosial problemlərin həll edilməsi sahəsində xidmət göstərir.

İnsani yardım

 Azərbaycanda fəaliyyət göstərən humanitar yardım təşkilatlarının ən aktivlərindən olan GYF qurulduğu vaxtdan bu günə qədər Azərbaycanın bütün bölgələrində yaşayan qaçqın və məcburi köçkün, 20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsində şəhid olanların ailələrinə, müharibə veteranlarına, kimsəsizlərə, ehtiyac sahibi insanlara maddi və mənəvi yardım edən bir təşkilat olmuşdur. Bu insanların dərdlərini öz dərdi bilən Gəncliyə Yardım Fondu bu yardımlarını silsilə halına gətirmiş, ehtiyac sahibləri üçün ümid yeri olmuşdur. Maddi cəhətdən çox ağır vəziyyətdə olanların xəstəxana və dərman məsrəflərini ödəyərək onların pənah yerinə çevrilmişdir. GYF bu yardımlarla yanaşı son bir il ərzində 200-dən artıq xəstəyə əlil arabası vermişdir. GYF hər il Qurban bayramında Türkiyədə yaşayan soydaş və dindaşlarımızın yardımı ilə qurbanlar kəsir, minlərlə ailəyə, qurban əti və ərzaq yardımı edir. Davamlı olaraq maddi vəziyyəti ağır olan insanlara dəstək olmaq məqsədilə səhiyyə orqanları ilə birgə iş apararaq indiyə qədər təxminən 15 min imkansız ailənin uşağı sünnət edilmişdir. GYF 1996-cı ildən bu yana ənənəvi olaraq hər il Ramazan ayında iftar süfrələri təşkil edir. Fondun binasında təşkil edilən bu iftar proqramlarında Ramazan ayı boyunca hər gün təqribən 500 nəfər iftar edir. Hər təbəqədən, hər yaşdan insanların iştirak etdiyi bu iftar süfrələri Azərbaycanın hər bir vətəndaşında qardaşlıq duyğularının inkişafına səbəb olur.

Təhsil

 Bir millətin gələcəyi olan gənclərin doğru və dürüst şəkildə yetişməsini qarşısına məqsəd qoyan Fond mərkəzin binasında ingilis dili, rus dili, türk dili və ərəb dili kursları təşkil edərək 500 tələbəyə dərs verir. Fondda həmçinin mühasibat, kompyuter və ebru sənəti kurslarında 150 dən artıq tələbə təhsil alır. Qəbulu üç ayda bir təşkil edilən kursların hər biri ən yüksək səviyyədə təşkil olunmuşdur. Bu kursların təşkil edilməsinin başlıca məqsədi Azərbaycan gənclərinin təhsil səviyyəsinin yüksəldilməsinə yardım etmək,sürətlə qloballaşan dünyada  gənclərin intellektual səviyyəsinin inkişafı üçün əlverişli imkanlar yaratmaqdır. GYF-nun əsas binasında 10.000 dən artıq kitabın olduğu elmi kitabxana gənclərə xidmət göstərir. Gənc nəsli mənfi alışqanlıqlardan çəkindirmək, spidə, narkomaniyaya və s. qarşı mübarizə aparmaq məqsədilə seminarlar təşkil edir. Çalışqan tələbələrə təqaüd verir. GYF Azərbaycanda gəncliyin problemləri, gəncliyin inkişafı, Azərbaycan və Türkiyə arasındakı münasibətlər, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti başda olmaqla bir çox mövzularda mühazirələr və beynəlxalq konfranslar təşkil edir.

Sosial və mədəni əlaqələr

GYF-nun əsas fəaliyyətlərindən biri də beynəlxalq simpoziumlara təşkilatçılıq etməsidir. Bakıda təşkil edilmiş belə beynəlxalq simpoziumlardan biri  türk dünyasının tanınmış simalarından biri olan Əhməd Yasəviyə həsr edilmişdir. “Keçmişdən Günümüzə Xoca Əhməd Yasəvi” adlı layihə çərçivəsində keçirilən simpoziumda Əhməd Yasəvinin ideyaları və prinsiplərinin türk-müsəlman dünyasının birliyi baxımından çox aktual olduğu bildirilmişdir. Bundan başqa Fondun təşkilatçılığlı ilə tarix boyu yaşadığı həyat tərzi, dini inancları, mədəni dəyərləri, elmi nailiyyətləri və yetişdirdiyi dahi şəxsləri ilə öyünən türk dünyasının tanınmış simalarından olan Yunus Əmrə və Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr edilmiş “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi” adlı beynəlxalq simpozium keçirilmişdir. Eyni zamanda GYF-nun təşkilatçılığlı ilə həyata keçirilən “Keçmişdən Günümüzə Azərbaycan-Türkiyə Xeyriyyəçilik Əlaqələri-Qardaş köməyi” adlı beynəlxalq simpozium və “Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani perspektivində Azərbaycandan – Anadoluya İrfan Yolu” adlı beynəlxalq konfranslar ictimaiyyətin rəğbəti ilə  qarşılanmışdır. Yenə Fondumuzun həyata keçirdiyi ən önəmli layihələrdən bir də keçən il həyata keçirdiyimiz Qafqaz İslam Ordusunun Bakını işğaldan qurtarmasının 100 illiyinə həsr olunmuş “100 İllik Əmanət” layihəsi oldu. Layihə çərçivəsində Türkiyədən Azərbaycana Qafqaz İslam Ordusunun izi ilə gələn türkiyəli universitet tələbələri və Azərbaycandan Türkiyəyə səfərləri təşkil olunmuş gənclər arasında yüksək dərəcədə maarifləndirmə işləri aparıldı. İki qardaş dövlət arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edən “Qardaşlığımız əbədidir” layihəsi isə insanlarımız tərəfindən yüksək rəğbətlə qarşılanmışdır.

Fondumuzda hər il ənənəvi olaraq Azərbaycanlı və Türkiyəli xanımların əl işlərindən ibarət sərgi keçirilir. Bu sərgidən əldə olunan gəlirlə Azərbaycanın və bütün Türk dünyasının milli məsələlərinə xüsusi diqqət çəkən kitablar nəşr edilir və humanitar yardım layihələri həyata keçirilir. Bu xeyriyyə layihələrinin başında Azərbaycanın ən böyük dərdi olan Qarabağ problemini beynəlxalq təşkilatlara çatdırmaq üçün Qarabağ: Suallar və Faktlar kitabının  hazırlanıb çap olunması, Xocalıya yardım, Qocalar evinə yardım, qardaşlığımız əbədidir, yüz illik əmanət kimi bir-birindən maraqlı xeyriyyə layihələri durur. Bu il də təşkil olunmuş xeyriyyə sərgisindən əldən olunan vəsait GYF-nun “Sabahlara Ümid Ol” və “Kitabın İşığın Olsun” layihələrində istifadə olunması planlaşdırılmışdır. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin uşaqları üçün məktəb ləvazimatları başda olmaqla geyim yardımı ediləcək və görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbasında ehtiyac duyulan kitablar nəşr ediləcəkdir.

Qaçqınların və məcburi köçkünlərin işi üzrə dövlət komitəsi tərəfindən hazırlanan Ermənistanda aparılan etnik təmizləmə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış 1 milyon qaçqın və məcburi köçkünlər haqqında məlumat adlı kitab bütün dünyaya çatdırıla bilmək üçün rus, ingilis və ərəb dillərinə tərcümə edilmiş və çap olunmuşdur.

Fond türk dünyasındakı mühüm məsələləri Azərbaycan dilinə tərcümə edir və yeni yazılan əsərləri cap etdirir. GYF-nun mətbuat və nəşrlər şöbəsi Azərbaycanın milli və mənəvi dəyərlərinə yaxından kömək edə bilmək üçün jurnal, qəzet və kitabların çap olunmasına da dəstək olur. Bunlardan “İrfan” jurnalı və “Məhkum və Cəmiyyət” qəzeti hər zaman oxuçular tərəfindən böyük rəğbətlə qarşılanır.

Hər bir fəaliyyəti yüksək qiymətləndirilən GYF-muHGəncliyə G vaxtaşırı olaraq Azərbaycan və Türkiyəli dövlət və hökumət nümayəndələri, gənclər və qeyri hökumət təşkilatlarının üzvləri ziyarət edir və bütün fəaliyyətlərimizlə yaxından tanış olurlar.Fondumuz eyni zamanda bu uğurlu xeyriyyə fəaliyyətlərinə görə dəfələrlə dövlət orqanlarının və təşkilatların xüsusi mükafatlarına layiq görülmüşdür.

 Azərbaycan və Türkiyə din, dil, mədəniyyət və tarix baxımından bir-birinə dərin və sıx əlaqələrlə bağlıdır. Azərbaycan dünyaya Türkiyə vasitəsilə çıxdığı kimi, Türkiyə də Qafqaz və Orta Asiya ölkələrinə Azərbaycan vasitəsilə çıxır. Bu birgəlik yalnız iqtisadi cəhətdən deyil, milli və mənəvi baxımdan da yaxınlığı özündə əks etdirir. Bu gün Azərbaycan xalqı istər əsrin əvvəlində  1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyətini, istərsə də əsrin sonunda 1991-ci ildə müstəqilliyini tanıyan ilk dövlətin qardaş Türkiyə dövlətinin olduğunu böyük minnətdarlıq hissi ilə xatırlayır. Xalqımız çətin anlarda çiyin-çiyinə verərək qardaş yardımını bir-birindən əsirgəməmişdir.

1915-ci ildə Bakıda Osmanlı dövlətinin qurtuluşu üçün minlərcə insan toplandı. Qızıllarını, pullarını və ailələrinin ziynət əşyalarını İstanbula göndərərək öz qardaşlıq borclarını yerinə yetirdilər. 1918-ci ildə Osmanlı Qafqaz İslam ordusunun Azərbaycanın istiqlalı uğrunda iştirak edən yüzlərlə şəhid Türk əsgəri hal-hazırda müstəqil Azərbaycan torpağında şəhid azərbaycanlı qardaşlarıyla qucaq-qucağa yatır.Türkiyənin müstəqilliyi üçün Çanakqala zəfərində canından keçən Azərbaycanlı könüllülər isə xalqlarımızın tarixi yaddaşında silinməz izlər buraxaraq gələcək nəsillərə örnək olmuşdur. Mərhum prezidentimiz Heydər Əliyevin “Biz iki dövlət, bir millətik” sözləri qarşılıqlı əlaqələrimizin dərin tarixini ifadə edərək iqtisasdi, siyasi mədəni qardaşlıq və dostluğumuzun əsasını təşkil edir.GYF Azərbaycanla Türkiyə arasındakı mövcüd dostluq və qardaşlıq hisslərinin daha da çox inkişaf etməsi üçün mənəvi bir körpü vəzifəsi daşıyan nümunəvi humanitar təşkilat olaraq bundan sonra da sürətlə inkişaf edən Azərbaycana xidmət etməyə davam edəcəkdir.

 

Eldar Kərimov,
Gəncliyə Yardım Fondu Mətbuat şöbəsinin müdiri

18 2019 14:31 -

Köhnə versiyamızdan xəbərləri izlə