Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Buyar NİŞANİ: Forumda mühüm beynəlxalq məsələlər müzakirə edilir

Buyar NİŞANİ: Forumda mühüm beynəlxalq məsələlər müzakirə edilir

Dünən Azərbaycan paytaxtında "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu öz işini davam etdirib. Üç gün davam edəcək mötəbər beynəlxalq tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Qlobal forum iştirakçılarından bəzilərinin tədbirlə bağlı təəssüratlarını öyrəndik. Albaniyanın sabiq prezidenti Buyar Nişani bildirdi:
– Azərbaycan artıq bir çox illərdir ki, qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, son illərdə bəşəriyyəti narahat edən problemlərin müzakirəsi və həlli üçün öz imkanlarını ortaya qoyur. Bu barədə geniş məlumatlarım var. Bilirəm ki, Azərbaycan dünyada sülh və təhlükəsizlik, sivilizasiyaların birgə yaşayışı işinə mühüm töhfələr verməyə çalışır. Dövlət başçınız İlham Əliyevin bu sahədəki səyləri beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Elə bizim bu forumda iştirakımız da Prezident İlham Əliyevin xeyirxah təşəbbüsünün nəticəsidir.
Qeyd etməliyəm ki, Qlobal Bakı Forumu get-gedə dünyanın daha böyük simalarını cəlb edir və ayrı-ayrı millətləri təmsil edən düşünən başlar mütəmadi olaraq Bakıda toplaşıb mövcud problemlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanırlar. Biz üç gün ərzində mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələləri müzakirə edirik. Belə bir platforma ətrafında toplaşmaq imkanı yaratdığı üçün Azərbaycan rəhbərliyinə minnətdarlığımızı bildiririk. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan qlobal forum çox vacib məkandır.
Bu gün dünya ölkələrinin liderləri qlobal məsələlərə daha çox diqqət yetirməlidirlər. Azərbaycan artıq neçə ildir ki, bu sahədə nümunə göstərir. Biz bütün səylərimizi müsbət istiqamətə cəmləşdirməliyik. Miqrasiya axınlarına qarşı vacib addımlar atılmalıdır, insanların həyat şəraiti yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir. Güman edirik ki, Bakı Forumu bu ideyaların həyata keçirilməsinə əlavə təkan verəcək. 

 

Söhbəti yazdı: 
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

16 2019 01:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə