Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fuad SİNİORA: Dünyada ksenofobiyaya qarşı birgə səylərlə mübarizə aparılmalıdır

Fuad SİNİORA: Dünyada ksenofobiyaya qarşı birgə səylərlə mübarizə aparılmalıdır

Dünən Azərbaycan paytaxtında VII Qlobal Bakı Forumu öz işini davam etdirib. Görkəmli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi bu mühüm tədbirdə çağdaş dünya siyasətinin ən aktual problemləri müzakirə olunur, onlardan çıxış yolları axtarılır. Forumda səslənən dəyərli fikir və tövsiyələr ölkə ictimaiyyətində dərin maraq doğurur. Bunu nəzərə alaraq qəzetimizin əməkdaşı tədbirin fəal iştirakçılarından olan Livanın sabiq baş naziri Fuad Siniora ilə görüşüb və ondan forumun əhəmiyyəti barədə düşüncələrini bildirməsini xahiş etmişdir. Hörmətli qonaq demişdir: 
– Əvvəlcə qeyd etmək istəyirəm ki, Bakıya gəlişimdən, belə nüfuzlu tədbirin işinə qatılmağımdan çox məmnunam. Bakı artıq çağdaş dünyada qlobal problemlərin müzakirə mərkəzlərindən birinə çevrilib. Bu prosesdə Azərbaycan Prezidenti, müdrik dövlət başçısı cənab İlham Əliyevin xidmətləri danılmazdır. 
Bu gün dünya siyasətçilərinin bir araya gələrək ən aktual problemləri çözməyə çalışmasına həqiqətən kəskin ehtiyac yaranıb. Reallıq budur ki, dünya qloballaşmanın müsbət tərəflərindən faydalanmaqla bərabər, mənfi tərəflərindən də əziyyət çəkir. Çağdaş dünyanın ən böyük problemlərindən biri zəngin və yoxsul ölkələr arasında uçurumun dərinləşməsidir. Fikrimcə, miqrasiya problemini doğuran səbəblərdən biri məhz budur. 
Hesab edirəm ki, beynəlxalq birlik miqrasiya axınlarına qarşı vacib addımlar atmalıdır. Bu istiqamətdə çıxış yolu budur ki, insanların həyat şəraitləri yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir. Yalnız bu yolla miqrasiya axınının qarşısını almaq ­mümkündür. 
Yeri gəlmişkən, bu barədə fikirlərimi “Bu, qloballaşmanın sonudurmu?” – mövzusunda forum çərçivəsində təşkil olunan panel iclasında səsləndirdim. Qeyd etdim ki, dünyada ksenofobiya, millətçilik, şovinizm kimi mənfi cərəyanlara qarşı birgə səylərlə mübarizə aparılmalıdır. 
Ümid edirəm ki, Bakıdakı tədbirin dünyada ədalətli siyasi nizamın qurulması işinə əməli faydası olacaq. Bu gözəl şəhərə yenidən gələcəyimə ümidlər bəsləyirəm. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, 
“Xalq qəzeti” 

16 2019 01:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə