Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı yenidən dünyanın diqqət mərkəzindədir

Bakı yenidən dünyanın diqqət mərkəzindədir

Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Azərbaycan növbəti vacib tədbirə ev sahibliyi edir. Bakıda fəaliyyətdə olan və sabiq prezidentlərin, o cümlədən tanınmış ictimai-siyasi xadimlərin iştirak etdiyi VII Qlobal Bakı Forumu keçirilir. Yüksək səviyyədə təşkil olunmuş forum böyük maraq doğuran və müzakirələrə yol açan bir sıra qlobal məsələlərə dair əhatəli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış simaları bir araya toplayan tədbirdir. Şübhə yoxdur ki, belə bir mötəbər tədbirin keçirilməsi Azərbaycanın müasir demokratik və dinamik inkişaf edən ölkə kimi nüfuzunu daha da artırmaqla yanaşı, onun qlobal çağırışlara cavab axtarılan mühüm dialoq platforması kimi də reytinqini gücləndirir. 

Martın 14-də öz işinə başlayan və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VII Qlobal Bakı Forumu martın 16-da başa çatır. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan Bakı Forumunda dünyanın 50 ölkəsindən 500-dən çox nümayəndə, o cümlədən, bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər. Foruma qatılan hökumət rəhbərləri arasında Bolqarıstanın Baş naziri Boyko Borisov da var. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bolqarıstanın siyasi elitasının bir sıra nüfuzlu nümayəndələri ilə yaxşı əlaqələri var. Bolqarıstanın üç sabiq prezidenti – Petar Stoyanov, Georgi Pırvanov və Rosen Plevneliyev mərkəzin üzvləridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Moldovadır. Moldova Respublikasının Prezidenti İqor Dodon da forumda iştirak edir. Forumda, həmçinin Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Monteneqro Prezidenti Milo Cukanoviç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər iştirak etdilər.
Xatırladaq ki, Qlobal Bakı Forumu ilk dəfə Birinci Cənubi Qafqaz Forumu adı ilə 2013-cü il martın 7-8-də keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın rəsmi açılış mərasimində iştirak etdiyi həmin forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunmuşdu. Birinci Cənubi Qafqaz Forumu çərçivəsində keçirilən müzakirələrdə tanınmış ictimai-siyasi xadimlər Azərbaycanın multikulturalizmə yüksək dəyər verildiyi məkan olduğunu bildirən natiqlər xüsusi olaraq vurğulamışdılar ki, belə bir forumun keçirilməsi sivilizasiyalararası dialoqun güclənməsinə öz töhfəsini verəcəkdir. 
Azərbaycan 7-ci dəfədir belə tədbirə ev sahibliyi edir və Bakı qlobal müzakirələrin mühüm siyasi platformasına çevrilmişdir. Bu faktı Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa da təsdiqləyir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olan xanım Vike-Freyberqa mətbuata açıqlamasında demişdir ki, Qlobal Bakı Forumu özünü dünya liderlərinin əsas illik görüş yeri kimi göstərmişdir. O qeyd etmişdir ki, Qlobal Bakı Forumu ildən-ilə daha irimiqyaslı, nüfuzlu və mühüm tədbirə çevrilir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə yaradılan və təşkil edilən, Azərbaycan Prezidenti İlham Əliyevin daimi dəstəyi və himayəsindən yararlanan Bakı Forumu hazırda özünü sabiq və indiki dünya liderlərinin, aparıcı mütəfəkkirlərin və intellektualların, siyasətçilərin və şərhçilərin, mühüm beynəlxalq agentliklərin, fondların, analitik mərkəzlərin, qeyri-hökumət təşkilatlarının rəhbərləri və jurnalistlərin əsas illik görüş yeri kimi göstərir”. 
Foruma qatılan dövlət rəhbərlərindən biri də Albaniya Prezidenti İlir Meta oldu. Cənab İlir Meta Trendə müsahibəsində demişdir ki, Qlobal Bakı Forumu regional və qlobal səviyyələrdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, Qlobal Bakı Forumu görkəmli siyasi xadimlərin, iş adamlarının, elmi dairələrin və gənclər forumlarının nümayəndələrinin iştirak etdiyi mühüm qlobal platformaya çevrilmişdir: “Bu platforma regional və qlobal səviyyələrdə dialoq və qarşılıqlı anlaşmanın yaradılması və möhkəmləndirilməsinə mühüm töhfə verir”. Prezident bildirmişdir ki, VII Qlobal Bakı Forumunun əsas mövzusu – “Dünyanın yeni xarici siyasəti” – bu töhfəni olduqca dəqiq əks etdirir: “Əminəm ki, forumun keçirildiyi üç gün ərzində dünyada müxtəlif hadisələrə müsbət təsir edə biləcək bir çox qiymətli fikirlər səsləndiriləcək”. İ.Meta vurğulayıb ki, bu gün dünyanın əməkdaşlıq körpüsünə və inklüziv cəmiyyətə daha çox ehtiyacı var.
Qlobal Bakı Forumunun ildən-ilə inkişaf edərək çox səmərəli platformaya çevrildiyini bildirən Sloveniyanın sabiq prezidenti Danilo Türk əlavə etmişdir ki, bu forum iştirakçılara dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün böyük imkan yaradır: “Builki forum irəli atılan daha bir addımdır və xarici siyasətlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradıb”. O, əlavə edib ki, Azərbaycan sivilizasiyalararası dialoqun qurulması istiqamətində çox gözəl işlər görür: “Azərbaycan İslam ölkəsidir, lakin ölkə çox açıq fikirlidir. Azərbaycan hətta kilsələrin bərpa olunmasına dəstək göstərir ki, bu da xalqlar arasında inamın və dialoqun qurulmasına şərait yaradır. Bu cür işlərin görülməsi bu gün dünyaya daha çox lazımdır və Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür”.
Qlobal Bakı Forumunun böyük əhəmiyyətindən danışan İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu demişdir ki, hər il bu forumda çoxlu sayda hazırkı və sabiq dövlət, eləcə də hökumət başçılarının bir araya gəlməsi ev sahibi kimi Azərbaycanın nüfuzunun göstəricisidir: “Eyni zamanda, forum Azərbaycanın dünyada nüfuzunun artmasına, haqq səsinin dünyada eşidilməsinə öz töhfəsini verir. Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki Azərbaycan, bütün türk və İslam dünyası üçün önəmli məsələdir”. E.İhsanoğlu əlavə etmişdir ki, Azərbaycanla uzun müddətdir əməkdaşlıq edir: “Azərbaycanın dünyadakı etibarının ildən-ilə güclənməsini görürəm. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun qurulmasında aktiv rol oynayır”. 
Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Qlobal Bakı Forumunun artıq böyük uğur qazandığını vurğulayaraq xatırlatmışdır ki, forumda hazırkı, eləcə də sabiq dövlət və hökumət başçıları iştirak edir və dünya üçün mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılır. Keçmiş prezident, həmçinin bildirmişdir ki, Azərbaycan regionda mühüm rol oynayır: “Azərbaycan sülhün, tolerantlığın carçısıdır. Forumda səmərəli fikir mübadiləsi aparılır, təcrübələr ortaya qoyulur. Hesab edirəm ki, hər kəs burada iştirak etməkdən məmnundur”. 
Tədbir çərçivəsində “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçirildi. Əsas panel iclasların biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olundu. Bundan başqa, forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparıldı. Əlbəttə, belə mötəbər tədbirlərin keçirilməsi XXI əsrin tələbləri səviyyəsində sivil, demokratik, azad, sülhpərvər və xeyirxah bir dövlət quran Azərbaycanın nüfuzunu daha da artırır. Bununla yanaşı, belə tədbirlərin keçirilməsi bəşəriyyəti narahat edən problemlərin müzakirəsi və onların həlli yollarının birlikdə axtarılması, daha çox multikultural dəyərlərin gücləndirilməsi və inkişaf etdirilməsi baxımından da əhəmiyyət daşıyır. Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində bildirmişdir ki: “Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar”.
Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam etmişdir: “Biz bu ideyaları qlobal müstəvidə təşviq etməyə çalışdıq. Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginliklər azala və qarşılıqlı anlaşma gücləndirilə bilər. Biz bunun nümunəsiyik”. 
Azərbaycanın xarici siyasətindən danışan dövlətimizin başçısı bildirdi ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”, – deyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırdı. 

 

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

 

 

16 2019 01:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin